Home Arxiv 2017 № 131 Oktyabr MÜSAHİBƏ- Serdar ERYILMAZ


    MÜSAHİBƏ- Serdar ERYILMAZ

      Share

      İrfan: Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

      Serdar Eryılmaz: Əslən Nevşehirliyəm. Evliyəm və üç əmanətim (övladım) var. Orta məktəbi imam-xətibdə bitirdikdən sonra ali təhsilimi Siyasət Elmi və İdarəetmə üzrə tamamladım. Menecmentlik üzrə magistr təhsilimdən sonra hazırda İş İqtisadiyyatı və Sənaye Əlaqələri sahəsində doktorluq müdafiə edirəm. İş həyatında turizm və bir çox sahələrdə, QHT-lərdə fəaliyyət göstərdikdən sonra hazırda Aziz Mahmud Hüdayi Vəqfində insani yardım fəaliyyətləri şöbəsində müdir müavini vəzifəsində işləyirəm. Eyni zamanda vəqfimizdə şöbələrarası koordinator fəaliyyətimdən sonra hazırda ölkədaxili və ölkəxarici insani yardım layihələrinin həyata keçirilməsi sahəsində də xidmətlərimə davam edirəm.

       

      - Mədəniyyətimizdə özünəməxsus yer tutan “vəqfçilik ənənəsi” haradan gəlir?

      - Vəqf demək İslamdakı infaq etmək duyğusunun müəssisələşərək əbədiyyət qazanması deməkdir. Fərz bir mali ibadət olan zəkatın yanında bir də Allah rizası üçün infaq etməyin, verməyin adıdır vəqf. Bu, insanlarda fitri olan, canın yonqarı qəbul edilən mal sevgisinin paylaşım ilə ilahi rizaya yönləndirilməsidir. Vəqf anlayışı insanların hər şeyi maddi yöndən dəyərləndirdiyi, yoxsul və ehtiyac sahiblərini “altda qalanın canı çıxsın” laqeydliyi ilə görməzdən gəldiyi günümüzdə bir az daha çox məna və əhəmiyyət qazanmışdır. Vəqflər öz zirvə nöqtəsinə Osmanlı dövründə yüksəlmişdir. Əcdadımız xeyir işlərdə sanki bir-biri ilə yarışmışdır. İnsanlara xidmət üçün qurduqları vəqflərin yanında yaralı leyləklərin müalicəsi, ac qalan heyvanlara yemək təmin edilməsi, məscid divarlarının çöl tərəflərində bir naxış kimi yerləşdirilən quş evlərinin inşası kimi heyvanları da fikirləşən bir çox vəqf qurulmuşdur.  

       

      - Vəzifənizlə bağlı olaraq tez-tez şəfqət və köməyə möhtac olanlarla qarşılaşırsınız. Bir insanı sevindirmək, ehtiyacını qarşılamaq necə bir duyğudur?

      - Hüdayi Vəqfi olaraq İstanbulda hər ay nizamlı şəkildə yerli və mühacir olan beş mindən çox ailəyə, tələbə evlərinə qida, təmizlik ləvazimatları, uşaq və xəstə bezi daxil olmaqla xeyli sayda yardım və ərzaq paketi göndəririk. Qış aylarında bu evlərə soba, kömür, ədyal, ayaqqabı kimi əlavə yardımlarımız da olur. Vəqfimizin imkanları nisbətində müəyyən sayda dul və yetim ailəyə nağd şəkildə maddi yardım göstərilir. Tələbələrə təqaüd olaraq yardımlar verilir. Eyni şəkildə, yardım əlini uzada bildiyimiz bir çox ölkələrdə də belə yardımlarımızı orada fəaliyyət göstərən, əməkdaşlıq etdiyimiz dərnək və quruluşlar vasitəsilə davam etdiririk. Ramazan ayında iftar süfrələri açır, qida paketləri paylayırıq. Qurban bayramında Türkiyə və qardaş ölkə Azərbaycan da daxil olmaqla qırxdan çox ölkədə xeyirsevər insanların bizə əmanət etdiyi qurbanlarını vəkalət vermək üsulu ilə kəsib ehtiyac sahiblərinə paylayırıq. Ölkəmizdə və dünyanın bir çox bölgəsində məscid, tələbə yataqxanası, kimsəsizlər üçün pansion, su quyusu kimi ictimai əhəmiyyətli yardım fəaliyyətlərinin açılışlarını həyata keçiririk. Yüzdən çox xarici dildə nəşr etdiyimiz dini kitabları ölkə xaricindəki insanların hidayətinə səbəb olmaq ümidi ilə paylayırıq. Bütün bu xidmətlərdəki məqsədimiz Allahın rizasını əldə etmək və Üsküdarın mənəvi sultanı olan Aziz Mahmud Hüdayi həzrətlərinin (1541-1628) əsrlər əvvəl başlatdığı kasıblıq və cəhalətlə mübarizə xidmətini həm maddi olaraq, həm də mənəvi olaraq insanların ehtiyaclarını qarşılamaq anlayışı üzrə eyni şəkildə davam etdirməkdir.

      İşimizlə bağlı olaraq İstanbulda çox çətin şərtlər altında, rütubətli, köhnə evlərdə yaşayan külfətli ailələri ziyarət edirik. Ayda iki-üç dəfə Suriyanın mərkəz bölgələrində, məsələn, İdlibin kəndlərində şəxsən iştirak etməklə qida paketləri paylayırıq. Sədəqə qurbanları olur, onları paylayırıq. Dərman yardımları göstəririk. Könüllü həkimlərimiz oraya gedərək xəstələri müayinə edir. Keçən ilin iyun ayında quraqlıq və epidemiya xəstəlikləri ilə mübarizə aparan Somaliyə getdik. Ramazan ayında terror qruplaşması olan DAEŞ-in zülmündən qaçanların sığındığı İraqın Mosul bölgəsindəki çadır şəhərciyinə getdik. Orada da qida və uşaq bezi yardımları payladıq. Etdiyimiz bütün bu ziyarətlərimizdə gördüyümüz ürək sızladan mənzərələr istər-istəməz bizi öz təsiri altına alır. Sahib olduqlarımıza, içində olduğumuz şərtlərə şükür etmək və müsəlman olaraq din qardaşlarımıza qarşı olan məsuliyyətlərimizin xeyli çox olduğunu idrak etməkdən savayı məzlumların, çarəsizlərin bir ehtiyacını qarşılamaq, onların həyatlarına toxuna bilmək, yetimlərin başını oxşamaq bizi sevindirir. Onlar xoşbəxt olanda biz də xoşbəxt oluruq. Həm biz özümüz, həm də bu yardımlara dəstək olan xeyirsevərlərimiz üz-üzə və ya qiyabi olaraq bir çox dualara məzhər oluruq. Onlarla birlikdə olanda eyni anda sevinc və hüznü, iki fərqli duyğunu bir yerdə yaşayırıq.

      - Ehtiyac sahibinə yardım edən bir insan hansı həssas məqamlara diqqət yetirməlidir?

      - Möhtərəm böyüyümüz Osman Nuri Topbaş əfəndi hər gün ehtiyac sahiblərinə ərzaq paketi paylayan bizə və əməkdaşlarımıza: “siz vəqfimizin mərhəmət əlisiniz”, - deyir. Bu səbəbdən yardımı verərkən kövrək, hüznlü və könülləri incə bir şüşə  kimi həssas olan möhtac qardaşlarımızı incitmədən, onların hal-əhvalını xəbər alaraq, diqqətli bir şəkildə yanaşmalıyıq. Məsələn, uşaqların başını oxşayıb şəkər ikram edirik. Nəticədə, gördüyümüz iş bir xeyir işidir. Adi bir bağlama təslim etmirik. Mərhəmət duyğumuzun zamanla aşınmasına yol vermədən, ilk günkü duyğularla qapılarını döyürük.

      Evlərə getdiyimiz zaman ailələri yaxından tanımaq imkanı varsa, fərqli problemlərinə həll yolu tapa bilərikmi deyə araşdırma aparırıq. Dərin hüzn sahibi olan, çətin məqamlar yaşamış olan ailələr olur. Onlara qulaq asırıq. Qeydlər alırıq. Duyğuları qarışıq, həyatı dalğalı dəniz kimi keşməkeşli olan ailələrə qarşı ilkin təəssüratlarımızı bir kənara qoyub, onları başa düşməyə çalışmaq lazımdır.

      - Ümumiyyətlə götürsək, bu gün dünyada insanlıq naminə fəaliyyət göstərən vəqflərin vəziyyəti nə yerdədir? Əslində, necə olmalıdır?

      - Öz ölkəmizi əsas götürərək desəm, məsələn, iqtisadi böhranın dərin yaralar açdığı 2000-ci illərdə ölkəmizdə yaşayan insanların sosial böhran yaşamamasında vəqf və dərnək kimi ictimai həmrəylik və köməkləşməni əsas alan xeyriyyə cəmiyyətlərinin böyük rolu olmuşdur.

      Ölkəmizin və ümmətin üz ağı olan vəqf və QHT-lər xeyirsevər insanların onlara əmanət etdikləri yardımları həqiqi ehtiyac sahiblərinə çatdıraraq cəmiyyətdəki sosial gərginliyi azaltmaqda, eyni zamanda dövlətin yükünü yüngülləşdirərək dövlət ilə xalqın daha da yaxınlaşmasında rol almaqdadır.

      Vəqf və QHT-lər yalnız qarın doyurmaq deyil, həm də beyin və qəlbi doyurmaq anlayışı məqsədi ilə də layihələrini artırmalı, dövlətin bu sahədə yükünü xəfiflətməyə davam etməlidir. Məncə,  imkanı yerində olan insanlar “Hər şeyi dövlətdən gözləmək olmaz” düşüncəsini bir kənara qeyd edərək, maddi və mənəvi dəstəkləri ilə bu yükə çiyin verməlidirlər.

      Dörd yüz ildən artıq bir müddət əvvəl Üsküdarda könüllərin irşadı və inşası fəaliyyətini başladan Hüdayi həzrətləri külliyə və vəqfində ehtiyac sahiblərinə sığınacaq, qəriblərə, yetim və kimsəsizlərə isti bir qucaq açmışdı. Onun könül zənginliyi və vəqfi vasitəsi ilə əsdirdiyi bu  həyat rüzgarı bu gün xidmət mirasını dövr almış, vəqfimiz tərəfindən eyni həyəcan və şövq ilə davam etdirilməkdədir. Bu mövzuda meydana gələn ictimai vəzifə və məsuliyyət “Yaradılanı yaradandan ötəri sevmək” şəklində ifadə edilən könül zənginliyinə sahib olan insanımızın böyük təvəccöh və dəstəyi sayəsində davam etməkdədir.

      - Bizə vaxt ayıraraq dəyərli fikirlərinizi və təcrübənizi oxucularımızla bölüşdüyünüz üçün təşəkkür edir, şəxsinizdə Hüdayi vəqfinə və bütün işçilərinə xeyir işlərində müvəffəqiyyətlər diləyirik.

      - Mən də təşəkkür edirəm.

      • Hits: 47 clicks

      Tecox component by www.teglo.info