Home Arxiv 2017 № 131 Oktyabr Firdovsi HƏSƏNOV- ADSIZ


    Firdovsi HƏSƏNOV- ADSIZ

      Share

      Həyatımız boyu peşman olmamaq üçün əlləşib-vuruşuruq, öyrənməyə çalışırıq.

       Bəzən etdiklərimizin və etmədiklərimizin peşmanlığını çəkmək məcburiyyətində qalırıq. Bəzən də peşmançılıq bu həyatda nə istədiyimizi və gerçək dəyərlərin nə olduğunu başa salacaq mükəmməl bir müəllim rolunu oynayır. Bu hekayəmdə sizə, etdiklərindən və edə bilmədiklərindən peşman olan bir şəxsin həyat hekayəsini nəql edəcəyəm.

      İsti bir yay günü idi. Şəhərin küçələri insanlarla aşıb-daşırdı. Küçə ilə hərəkət edərkən bu günün yayın ən isti günü olduğunu fikirləşirdim. İnsan nəinki günün altında yeriməkdə, nəfəs almaqda belə çətinlik çəkirdi. Qələbəliyin içərisi ilə hərəkət edərkən, yolun kənarındakı ağacın altında oturaraq özünü sərinlətməyə çalışan otuz-otuz beş yaşlarında bir nəfər gördüm. Üst-başından dilənçiyə bənzəmirdi, lakin ehtiyac sahibi olduğu məlum idi. Elə  ehtiyacı olduğunu düşünüb yaxınlıqdakı mağazadan bir su aldım və heç tərəddüd etmədən ona tərəf addımladım. Mənim yaxınlaşmağımı görüb utanaraq başını aşağı saldı. Yaxınlaşıb salam verdim, suyu uzatdım. Salamı alıb suyu bir az utancaq halda götürdü və minnətdarlığını bildirdi. Onun simasının kədər dolu olduğunu görüb hal-əhval tutmaq istədim. Çox vaxtım olmadığından uzun-uzadı söhbət edə bilmədim, hətta adını belə soruşmaq yadımdan çıxdı. Haqqında bir-iki sual verdikdən sonra özü danışmağa başladı.

      Bu adam bölgələrin birində yaşayırdı. Əvvəllər çox imkanlı bir adamın oğlu olduğunu söylədi. Evin tək oğlu olub. Valideynləri hər şeyi bu övladları üçün edib. Lakin onun qurşanmadığı zərərli vərdiş qalmayıb. Sonuncu dəfə də qumarda pul uduzaraq evlərindəki soyuducunu satıb. Demək olar atasının var-dövlətini tükətdikdən sonra evdə  nə var, nə yox satıb qurtarıb; evdəki əşyalardan həyətdəki besedkanın dam örtüyünə kimi. Bircə dörd divarlıq evləri qalıb. Onu da satıb zərərli vərdişlərinə qaldığı yerdən davam edəcəkmiş, lakin elə olub ki, atası ürək tutmasından vəfat edib. Atası sayılıb-seçilən adam olub, ancaq övladının belə olması onu təmiz nüfuzdan salıb. Vaxtilə oğlunu aparmadıqları xəstəxana, psixoloq qalmayıb, lakin heç bir fayda verməyib. Son çıxış yolunu ailə qurmasında görüblər ki, bəlkə bir az da olsun düzələr. Lakin heç bir fayda verməyib. İki övladı dünyaya gəlib, ancaq çox keçməyib ki, ailəsindən də ayrılıb.

      Bu olan-bitəni mənə danışdıqca gözlərindən yaş süzülürdü. Düşən yaş damlalarında peşmançılıq, qəm-qüssə, kədər vardı. Çox peşman olmuşdu, lakin bu peşmançılığı indi ona heç bir fayda vermirdi. Çünki hər şeyini itirmişdi. Həyatında qalan bircə nəfər var idi, o da onun üçün hər gün göz yaşı tökən anası. Bura gəlməyindən də peşmançılıq hissi duyurdu. Ayağa qalxıb getmək istədiyini bildirdi. Qalxmağı ilə oturmağı bir oldu və ağlamağa başladı. “Anam məni bağışlayarmı? Atam sağ olsaydı haqqını halal edərdimi?” - deyə soruşdu məndən. Açığı, mən də kövrəlmişdim, o, hekayəsini danışdıqca. Heç bir cavab verə bilmədim. Yenidən ayağa qalxdı və gözdən itdi.

      Yaşadıqları həddindən artıq acınacaqlı idi. Onun hekayəsini uzun müddət əvvəl dinləmişdim, amma bu günə kimi heç yadımdan çıxmamışdı. Adını öyrənə bilməsəm də, danışdıqları mənə çox şey öyrətmişdi. Hər kəs öz qərarlarının daha doğru olduğunu düşünür və nəticəsini ölçüb-biçmədən həyata keçirməyə tələsir. Məşhur ingilis şair Aleksandr Popenin dediyi kimi: “Verdiyimiz qərarlar saatlarımız kimidir. Heç biri bir-birinə bənzəməz, lakin hər kəs öz saatına inanar”.  

      • Hits: 52 clicks

      Tecox component by www.teglo.info