Səfa MURADOV- BİR HƏDİS

      Share

      عَنِ ابْنِ كَعْبِ بْنِ مَالِكٍ الأَنْصَارِيِّ، عَنْ أَبِيهِ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: {مَا ذِئْبَانِ جَائِعَانِ أُرْسِلاَ فِي غَنَمٍ بِأَفْسَدَ لَهَا مِنْ حِرْصِ الْمَرْءِ عَلَى الْمَالِ وَالشَّرَفِ لِدِينِهِ}

      İbn Kəb ibn Malik əl-Ənsari atasından, Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Bir qoyun sürüsünə buraxılan iki ac qurdun sürüyə verdiyi zərər, mala və mövqeyə düşkün olan birinin dininə verdiyi zərərdən daha böyük deyildir”. (Tirmizi, Zöhd, 43)

      Rəsulullah (s.ə.s) bu hədisində təşbeh yolu ilə dinə zərər verən iki mənfi xislətə diqqət çəkmişdir. Bunlardan birincisi mal-mülk sövdası, digəri isə məqam-mövqe xülyasıdır. Həm mal-mülkü, həm də məqam-mövqeni Uca Allahın qoyduğu şəriət yolundan azmamaq şərti ilə qazanmaq lazımdır. Allahın qoyduğu hüdudlardan uzaqlaşaraq və dini don geydirilərək mal-mülk və məqam-mövqe arxasınca qaçanlar üçün Uca Allah axirətdə bir nəsibin olmadığını vurğulamış və belə buyurmuşdur: “İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur”. (əl-Bəqərə, 2/200)

      Rəsulullah (s.ə.s) bu iki xislət sahibinin dinə verdikləri zərərin ac qurdların sürüyə verdiyi zərərdən daha çox olduğunu buyurmuşdur. Necə ki, ac bir qurd bir çox təhlükələrə baxmayaraq qarnını doydurmaq üçün öz həyatını təhlükəyə ataraq qoyun sürüsünə girər və sürüdəki bir çox heyvana zərər verər, eyni şəkildə mal-mülk, məqam-mövqe sövdasına düşən insanlar da özlərinə və dinlərinə bir çox zərərin gələcəyini düşünmədən bütün həyatlarını bu yolda puç edərlər. Beləliklə, onların dünyada qazandıqları, axirətlərini abad etmək yerinə bərbad edəcəkdir. Çünki Uca Allah: “Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!” (əl-Bəqərə, 2/197) buyurmuş və axirətdə insana fayda verən tədarükün “təqva” olduğunu vurğulamışdır.

      Dünya və axirət arasındakı tarazlığı pozaraq dünyaya meyl etmək mənfi bir xüsusiyyət olsa da, dünya mənfəətlərini əldə etmək üçün çırpınarkən etdiklərinə dini don geydirmək daha mənfi bir xüsusiyyətdir. Din görüntüsü altında Allah rizası üçün deyil, nəfsinin rizası üçün çalışan insanın dinə zərərdən başqa verdiyi heç bir şey yoxdur. Çünki din insandan səmimiyyət və fədakarlıq tələb etməkdədir. Uca Allah Qurani-Kərimdə belə buyurur: “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah öz qullarına qarşı şəfqətlidir”. (əl-Bəqərə, 2/207) Demək ki, insanların Allah qatındakı dəyərləri Allah üçün göstərdikləri fədakarlıq nisbətindədir. Dini don içində dünya üçün çalışanların isə axirətdə bir nəsibi yoxdur və belə insanlar riyakarlıq edərək yalnız dinə zərər verərlər. 

      • Hits: 315 clicks

      Tecox component by www.teglo.info