Əziz SULTANOV- QARUN OLMAQ İSTƏYİRSƏN?

      Share

      Həzrət Musanın qövmü arasında Qarun adında bir yaxını var idi.

       O, Musa peyğəmbərə iman etmədən əvvəl Fironun sarayında Bəni-İsraili təmsil edər, onun əmrlərini qövmünə çatdırardı. Sarayda işlədiyi üçün oxuma-yazma bilirdi. Misirdən çıxdıqdan sonra isə özünü elm və ibadətə həsr etdi. Həddən artıq kasıb idi. Başqalarının yardımı ilə dolanardı. Musa peyğəmbərin dualarının bərəkəti ilə Allah-Təala ona “simya” elmini bəxş etdi. Bu elm sayəsində o, qiymətli maddələri tapır, onları qızıla çevirirdi.

      Qarun bu elmi ilə artıq öz dolanışığını təmin edir, həftənin bir gününü bu işə həsr edirdi. Şeytan ona gördüyü işi gözəl göstərdi və bu işə daha çox vaxt ayırması üçün vəsvəsə verdi.

      Günlər keçdikcə Qarun vaxtının daha çoxunu qızıl işinə ayırır, gündən-günə ibadət saatlarını azaldırdı. Əvvəllər qızılın miqdarını kasıblara yardım etmək üçün çoxaltmağı düşünürdü, amma günlər keçdikcə dünyaya hərisliyi artdı və əldə etdiklərinin hamısını xəzinəsinə yığmağa başladı. Xəzinələrinin miqdarı o qədər çoxaldı ki, təkcə onların açarlarını bir dəstə güclü adam zorla daşıya bilərdi. Onun özünü tamamilə bu işə həsr etdiyini və qövmü ilə münasibətlərini korladığını görənlər dedilər:

      - Bu əldə etdiklərinə görə çox da sevinmə! Allah var-dövlətinə bu qədər düşkün olanları sevməz!

      Qarun elə bilirdi ki, camaat bunu paxıllığından deyir. Buna görə də onları dinləməməyə qərar verdi.

      Bir gün Musa (ə.s) qövmü adına qurban kəsmək vəzifəsinin qardaşı Haruna verildiyini elan etdi. Bunu eşidəndə Qarunun paxıllığı tutdu. Özü kimi varlı, imkanlı biri dura-dura bu vəzifə niyə Haruna verilib, deyə düşündü. Buna görə Musa peyğəmbərə etiraz etdi. Lakin Musa (ə.s) bunun ilahi bir təqdir olduğunu açıqladı. Qarun onunla razılaşmadı və artıq onun əmrlərini dinləməməyə başladı. Həsəd onun xeyrə olan meylini get-gedə əridib bitirirdi.

      Qarun gündən-günə üsyankarlığını daha da artırdı və bütün qaydaları pozmağa başladı. Zəkat verməkdən də boyun qaçırdı. Musa (ə.s) ona zəkatın öz mənfəəti üçün daha xeyirli olduğunu xatırladaraq dedi:

      - Allahın sənə verdiyindən axirəti qazanmaq üçün xərclə! Dünyadakı nəsibini də unutma, ehtiyacın qədərini özündə saxla! Allahın sənə etdiyi yaxşılığı unutma, sən də Allah rizası üçün xərcləyərək başqalarına yaxşılıq et!..

      Qarun öz inadına davam edərək:

      - Mənim malıma göz dikmisən? Bu sərvəti mən öz elmimlə, öz zəhmətimlə qazanmışam! - dedi.

      Hərislik onun bəsirətini də bağlamışdı.

      Bir gün bahalı zinət əşyalarını və dəbdəbəli paltarlarını geyinərək camaatın qarşısına çıxmışdı. Bununla fəxr edir, təkəbbürü ilə həzz alırdı. Onu görəndə dünyaya tamah salanlar dedilər:

      - Kaş ki, Qaruna verilən imkanlar bizə də veriləydi. Həqiqətən, o, bəxtəvər insandır!

      Elmi üstün olan kəslər isə belə dedilər:

      - Bu nə sözdür deyirsiniz! Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı bu cür var-dövlətdən daha yaxşıdır!

      Qarunun Musa peyğəmbərə qarşı hirsi soyumamışdı. Bir qadına pul təklif edərək Musa peyğəmbərə böhtan atmasına cəhd göstərdi. Lakin Allah onun hiyləsini boşa çıxardı və həddini aşan Qarunu həlak etdi. Yer yarıldı və Qarun ilə ona tabe olan xainlər yerin dibinə batdılar. Qarunun sarayı və xəzinələrinə yığdığı bütün sərvəti də özü ilə birlikdə yerin dibinə getdi. Allaha qarşı ona nə köməkçiləri, nə sərvəti, nə də özü kömək edə bildi. Hamısı bir andaca məhv olub getdi.

      Qarunun məhv olduğunu gördüyü zaman bir gün əvvəl ona həsəd aparanlar dedilər:

      - Vay halımıza! Onun haqqında yanılmışıq! Allah öz bəndələrindən istədiyinə verər, artırar, istədiyindən də azaldar. Yaxşı ki onun yerində olmamışıq. Yoxsa indi biz də yerin dibinə batardıq!..

      Beləliklə, onlar da başa düşdülər ki, Allah üçün xərclənməyən var-dövlət nə qədər çox olsa da, insana xeyir gətirməz. Allah qatında dəyərli olan şəxslər təkəbbürdən uzaq duran, fitnə-fəsaddan və pis əməllərdən çəkinən kimsələrdir.

      Kimin üçün hansı malın, nə qədərinin, nə vaxt və nə dərəcədə xeyirli olduğunu bilən yalnız Allahdır.

      “Heç kim öz ruzisini bitirmədən ölməz. Elə isə ruzinizi halal yoldan qazanmağa çalışın” hədisini eşidən kimsə başqasının ruzisinə göz dikə bilərmi?

      “Həsəd, atəşin odunu yediyi kimi insanın yaxşı əməllərini yeyib bitirər” hədisini eşidən kimsə başqasına həsəd apararaq axirət qazancını puç edərmi?

      Qarunun sonunu bilən bir mömin hələ də onun yerində olmaq istəyərmi? 

      • Hits: 337 clicks

      Tecox component by www.teglo.info