Rüfət ŞİRİNOV- QİBTƏ EDİRƏM!

      Share

      İlahi ismarıcları insanlara çatdırmaq üçün göndərilən bütün peyğəmbərlər xitab etdiyi cəmiyyətlərə yeni dini terminlərlə və yaxud yanlış bilinən kəlmə və ifadələri məqsədinə uyğun şəkildə düzəltməklə sosial dəyişməni təsis etmişlər.

       Odur ki, termin, kəlmə və ifadələrin yerli-yerində istifadə edilməsi çox vacib məsələdir. Çünki insanlar kəlmə və duyğuları ilə bir-birinə müraciət edir və dərdlərini anladırlar.

      Günümüzdə də bəzi dini terminlər var ki, onlar bir daha gündəmə gətirilməli və cəmiyyətdəki yanlış anlayışlar düzəldilməlidir. Əks təqdirdə haqlı olduğumuz yerdə haqsız görünə bilərik. Terminlərə yanlış mənalar yükləndiyi zaman, məsələn, sülh dini olan İslam dünyaya terror dini kimi tanıdıla bilir, “Allahu Əkbər” sədaları altında günahsız insanların qanı tökülür. Məcrasından uzaqlaşdırılan dini anlayış ancaq cəhalət və kor-koranəlik yaradar.

      Düzgün ifadələrlə tanıdılmayan İslam dini nəinki dünya sferasında, hətta inananlar arasında da ikitirəlik meydana gətirir. Hər bir dindar və ya dinşünas Quran və Sünnə məcrasından uzaqlaşmadan dini terminləri düzgün anlamalı və anlatmalıdır. Bu yazımızda həsəd və qibtə terminlərinə diqqət çəkmək və aralarındakı nüansı vurğulamaq istəyirik.

      Ümumi olaraq nəzər saldıqda həm həsəd, həm də qibtə termini özündə olmayana sahib olmaq istəyidir. Ancaq aralarında incə bir nüans vardır: Həsəddə başqasında olanı özünə istəmək və onda var olmasına razı olmamaq var. Qibtə isə özündə olmayanı arzulamaq, ancaq başqasında olmasından da narahat olmamaqdır.

      Həsəd bir növ ilahi bölgüdən razı qalmayaraq dəyişdirməyə can atmaqdır. Bu, Allaha üsyan və narazıçılığın daxili təzahürü, gizli planlar quraraq özünün olmayana sahib olmaq arzusudur. Məhz buna görə də dinimizdə həsəd qəti şəkildə pislənən xislət olaraq nümayiş edilir. Hz. Peyğəmbərin (s.ə.s)  ifadəsinə əsasən həsəd etmək bütün xeyirli və savab əməlləri puça çıxaran xüsusiyyətdir. Hətta peyğəmbər ifadəsinə görə, necə ki alov odunu yandırıb külə döndərir, həsəd də yaxşılıqları külə döndərir. Necə ki qurd ağacı gəmirərək qurudursa, həsəd də ruhumuzu gəmirir. Odur ki, həsəddən oddan qaçan kimi qaçmaq, uzaqlaşmaq lazımdır.

      Bir də insan fitrətində həsədə bənzər bir xüsusiyyət vardır ki, ona İslam dinində qibtə deyilir. Mahiyyəti etibarı ilə eyni görünməklə yanaşı qibtədə Allahın bölgüsünə razılıq vardır. Sadəcə olaraq əlində olmadığına görə onu təmənna edib, əldə etməyi arzulamaq mənasına gəlir. Ancaq onu da qeyd edək ki, İslam dini sadəcə qibtə etməyi kifayət görmür. Qibtə etdiyi xüsusiyyəti əldə etmək üçün çalışıb-çabalamağı da tövsiyə edir. Qibtə etmək tərəqqiyə aparan yol, Hz. Peyğəmbər (s.ə.s) tərəfindən təriflənən xüsusdur. Kimə və necə qibtə ediləcəyi bir hədisdə belə açıqlanmışdır: “Ancaq bu iki nəfərə qibtə etmək olar. Birincisi Allahın var-dövlət verdiyi və onu Allah yolunda xərcləyən şəxs, ikincisi də Allahın ona lütf etdiyi elmi ilə məqsədinə uyğun davranan və onu başqalarına öyrədən şəxs”. (Buxari, Elm 15)

      Hədisdə ifadə edilən hər iki xüsus insanların tarix boyu əldə etmək üçün mücadilə etdiyi əsaslardır. Hər nə qədər günümüzdə var-dövlətə daha çox rəğbət edilsə də, elm və tərəqqi də insanların hər zaman diqqət mərkəzində olmuşdur. Hədisdə hər iki xüsusdan Allahın rizasını qazanmaq üçün istifadə edilməsinə vurğu edilməsi də əhəmiyyətli məsələdir. Var-dövlətin Allahın verməsi ilə əldə edildiyini bilmək və bu şüurla Allahın verdiyini onun bəndələri üçün əliaçıqlıqla xərcləmək o qədər də asan məsələ deyil. Çünki nəfs hər şeyi özü üçün istəyir. Halbuki şüurlu müsəlman özünün olmayana malik olmağa çalışmamalıdır. Var-dövlət Allahın insanlara verdiyi əmanətdir. O əmanəti yerinə çatdırma sevincini yaşamaq üçün çabalamaq lazımdır. Məhz buna görə də Allah yolunda xərclənən mal-dövlət üçün qibtə etmək xoş qarşılanmışdır. Əmanət şüuru itərsə, həsəd başlayar; hüzursuzluq və acgözlük qaçınılmaz olar.

      Hədisdə qeyd olunan digər xüsus isə elm arzulamaq və onu başqalarına öyrətməkdir. Əlbəttə ki, buradakı məqsəd də sırf Allahın razılığını qazanmaq və insanları cəhalət bataqlığından qurtarmağa çalışmaqdır. Dünyalıq mənfəət əldə etmək üçün elmli adama qibtə edilməz. Mənfəət hədəfləyərək öyrənilən və öyrədilən elm, sahibi üçün hesabı çətin veriləcək bir yükdür.

      Xülasə, malı və elmi onları verənin istəyi yönündə istifadə etmək üçün qibtə edilməlidir. “Çalışdım, əldə etdim və mənimdir” məfkurəsi İslamın qətiyyətlə pislədiyi fikirdir. “Hər nemətin zəkatı öz növündəndir” prinsipinə görə vaxtımızı, maddi imkanlarımızı, bilik və bacarığımızı, təcrübələrimizi yerli-yerində istifadə etsək, dünyanın qibtə etdiyi fərdlərə və cəmiyyətə çevrilməyimiz qaçılmaz olacaqdır.

      • Hits: 316 clicks

      Tecox component by www.teglo.info