Nurlan MƏMMƏDZADƏ- BİR BİNANIN TALEYİ

      Share

      Nədənsə tale dedikdə çox vaxt ağlımıza insan taleyi, keçdiyi ömür yolu və yaşadığı acılı-şirinli xatirələr gəlir.

       Əslində isə hər şeyin bir taleyi, qədər və qisməti var. Elə insanın öz taleyini yaşadığı şəhərlərin və binaların da. Burada sizə bir binanın taleyindən söhbət açacağıq. Gözəl Bakımızın mərkəzində - İstiqlaliyyət küçəsində yerləşən və əsrlərin astanasında bir çox hadisənin şahidi olan İsmailiyyə binasından.

      Təməli 1907-ci ildə atılan binanın ərsəyə gəlməsi də çox qəribə olmuşdur. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə 1905-ci ildə qurulan; əsas məqsədi kasıblara, yetimlərə və kimsəsizlərə yardım etmək olan Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşməsi üçün bir binaya ehtiyac vardı. Belə olan təqdirdə Tağıyev Bakı dumasına məktub yazaraq xeyriyyə cəmiyyətinin qərargaha ehtiyacı olduğunu və bu məqsədlə torpaq ərazisi verilməsini dilə gətirir. Ərizəyə baxan Bakı duması binanın tikilməsi üçün istənilən torpaq sahəsini cəmiyyətin ixtiyarına verir. Lakin binanın tikintisi ləngiyir. Bakı milyonçuları bir məclisdə həmin binanın tikintisini Ağa Musa Nağıyevə təklif edirlər. Əslində bu təklif Nağıyevin yeni vəfat etmiş oğlu İsmayılın adını yaşatması üçün də bir fürsət idi. Nəhayət, 1913-cü ildə inşası başa çatan İsmailiyyə binası Bakının ən əzəmətli tikilisi sayılır.

      Qafqaz Xeyriyyə Cəmiyyəti yarandığı ərəfədə dünyada ciddi proseslər gedirdi. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlaması, Osmanlı və Rusiya İmperiyalarının qarşı tərəflərdə yer alması Qafqaz cəbhəsində qızğın müharibə ilə nəticələnmişdi. Əlbəttə ki, Osmanlı dövlətinin Qafqaz cəbhəsində Rusiyaya məğlub olması Azərbaycan türkləri tərəfindən böyük məyusluqla qarşılandı. Anadoludan gələn fəlakət xəbərləri, əsir türklərin Nargin adasına aparılması kimi hadisələr onları qardaş yardımına səsləyirdi. Məhz belə bir şəraitdə Azərbaycan türkləri Qafqaz cəbhəsində məğlub olan soydaşlarına “Qardaş köməyi”ni əsirgəmirlər. Ziyalılarla xeyriyyəçilər birləşərək “Qardaş Köməyi” jurnalını çıxarır, bütün əhalini Anadoludakı hərbzədələrə yardım səfərbərliyinə çağırırlar.

      Bir anda xeyriyyə cəmiyyətinin yerləşdiyi İsmailiyyə binasının qarşısı insan izdihamı ilə dolur. Qolundakı bilərziyini çıxarıb yardım aksiyasına qoşulan gəlinlər, yol uzunu qulağındakı sırğasını çıxara-çıxara gələn qızlar, qızının cehiz pulunu Allah üçün qardaşlarına yardım kampaniyasına yazdırmağa gətirən atalar, əlinə keçəni könül hüzuru ilə cəmiyyətin önünə daşıyan gözüyaşlı insanlar… Bir yaşına yeni qədəm qoymuş İsmailiyyə binası o gün misligörülməmiş qardaşlıq nümunəsinə şahid olurdu…

      Sonrakı mərhələdə İsmailiyyə binası xəstəxana və sığınacaq kimi fəaliyyət göstərməyə başlayır. Öz gözəlliyi ilə Bakının birinci dərəcəli binalarından olan İsmailiyyəni hərbi hospitala çevirmək qərarına gəlirlər. Bununla da o, Qars və Ərdəhan çöllərində sahibsiz qalan yetim uşaqları müşfiq bir ana kimi şəfqət qucağına alır…

      Hər daşı bir xatirəyə çevrilən bu möhtəşəm bina 1918-ci ildə baş verənlərə də şahid olur. Mart hadisələri zamanı bolşeviklərdən dəstək alan ermənilər Bakıda nəzarəti ələ keçirərək günahsız xalqa divan tutmağa başlayırlar. Evlər və binalar yandırılır, tarixi abidələr məhv edilir. Kütləvi talanlar Bakının incisi sayılan İsmailiyyə binasından da yan keçmir. Müsəlman Xeyriyyə Cəmiyyətinin binası əvvəlcə gülləbaran edilir, sonra yağmalanaraq yandırılır. Sarayda yerləşən qurumlar və arxiv sənədləri məhv edilir. Bir vaxtlar kimsəsizlərin pənah yerinə çevrilən İsmailiyyə binası indi özü yardıma möhtac hala düşür. Məhz belə bir acınacaqlı zamanda qardaş Türkiyədən yola çıxan və yolboyu quldur erməni dəstələri ilə vuruşa-vuruşa irəliləyən  Qafqaz İslam Ordusu özünü Bakıya yetirir. Bakı uğrunda qızğın döyüşlər 15 sentyabrda qələbə ilə nəticələnir. Ertəsi gün Anadolunun bağrından qopub qardaş köməyinə gələn igidlərin şərəfinə rəsmi parad təşkil olunur. Təsadüfi deyil ki, ordunun zəfər yürüşü İsmailiyyə binasının önündən salınır. Bir zamanlar hərbzədələrə sığınacaq yeri olan, indi isə özü hərbzədəyə çevrilən İsmailiyyə binası bu səfər sevinc göz yaşları ilə Osmanlı ordusunu müşayiət edir…

      Bölgədə gedən siyasi proseslər tezliklə hər şeyi alt-üst edir. Mudros sazişi nəticəsində Qafqaz İslam Ordusu nəzarət etdiyi əraziləri tərk etməli olur. Ordunun zəfər paradına şahidlik edən İsmailiyyə binası müsəlman-türk əsgərlərin məyus halda şəhəri tərk edişini də izləməli olur. Ardınca Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu, sonra isə Sovet hakimiyyətinin quruluşunu göz yaşları ilə seyr edir…

      Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasından sonra dağılmış İsmailiyyə binasının yararsız olduğu irəli sürülərək sökülməsinə qərar verilir. Bunu eşidən Bakı sakinləri bir anda sarayın önünə toplaşırlar. Ölümü, məhbəsi və sürgünü gözə alan yüzlərlə, minlərlə insan binanın sökülməsinə mane olur. Beləliklə, İsmailiyyə binasını XXI əsrə miras qoymağı bacarırlar. Bərpa zamanı divarlarda yazılan Quran ayələrinin beşguşəli ulduzlarla əvəz olunmasına isə mane ola bilmirlər.

      Əslində o gün xalq bu binanı tikən Bakı milyonçusuna, bir vaxtlar orada yerləşən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinə, həmin cəmiyyətə sədrlik edən xeyriyyəçi Hacı Zeynalabdinə vəfa borcunu yerinə yetirirdi. Onlar bir vaxtlar qardaş köməyi üçün məhz bu binanın önündə toplaşan fədakar insanlara, sonradan həmin insanların özünə qardaş köməyi olan Qafqaz İslam Ordusuna sonsuz sədaqətlərini nümayiş etdirirdilər. Çünki bu bina gələcək nəsillərin iftixar abidəsi idi…

      Dağıdılaraq yararsız hala düşmüş İsmailiyyə binası isə bu səfər tarixdə misligörülməmiş bir vəfa örnəyinə şahidlik edirdi…

      • Hits: 336 clicks

      Tecox component by www.teglo.info