155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Osman Nuri TOPBAŞ- HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Həzrət Mövlana q.s -7-

      Share

      Mövlana həzrətləri buyurur:
      “Həzrət Əhmədin ağıl və irfanın zirvəsində olduğunu hamı bilirdi. Lakin ona gələn ilahi vəhyi hər kəs idrak edə bilmədi”.
      “Vəhyin ruhuna və lədün elminə əsaslanan zühuratlar çox ali və üstündür. Ağıl onları qavramaqdan acizdir. Çünki o üstün həqiqətlər məna aləminin zirvəsindən gəlir, ağıl və məntiq oralara çatmaqdan acizdir”.
      “Hətta bəzən insan ağlı vəhyin ruhuna əsaslanan hərəkətləri belə məcnunluq kimi görür. Bəzən də onlara heyran olur. Çünki bu yüksək həqiqətlərin aydın olması üçün ağılın da o dərəcəyə yüksəlməsi, daha doğrusu ağılın qəlb ilə ahəng içərisində olması şərtdir”. 
      “Xızırda təcəlli edən lədünni həqiqətlər qarşısında hadisələri qavramaqda Kəlimullah olan Hz. Musanın belə ağlı çaşıb qalmışdı. Elə isə ey özünü ağıllı zənn edən kəs, de görək siçanın ağlı nə işə yarayar?”.
      “Unutma ki, əgər bir zərrə dağı tərəzidə çəkməyə həvəslənsə, tərəzisi darmadağın olar”.
      “Ağılı Hz. Mustafanın hüzurunda qurban et və “Allah mənə yetər”, - de!”.
      İman Allah-Təalanın varlığını, birliyini və xəbər verdiyi bütün həqiqətləri qəlb ilə təsdiq, dil ilə iqrardan ibarətdir. İman ağıl ilə idrak deyil, qəlbən qəbuldur. 
      Möminin seçkin xüsusiyyətlərindən biri gözlərin görmədiyi, ağılların idrakdan aciz qaldığı qeybə dair həqiqətləri də şəkk-şübhəsiz, tam bir təslimiyyətlə qəlbən təsdiq etməsidir. 
      Ağıl dini cəhətdən mükəlləf sayılmaq üçün ilk şərtdir. Allah-Təala bir çox ayədə insanları ağıllarından istifadə etməyə səsləyir. Bu nöqteyi-nəzərdən baxanda ağıl Allahın bizə bəxş etdiyi böyük nemətdir. Lakin bir çox nemət kimi ağıl da iki tərəfi kəskin bıçağa bənzəyir. Xeyrə də istifadə oluna bilər, şərə də. Necə ki, iblis də Rəbbinin əmrinə qarşı nəfsani ağıl yürütməsi nəticəsində asi olub əbədi lənətə düçar oldu. Ona görə də ağılın insanı haqqa və xeyrə sövq edən bələdçilik vəzifəsi daşıması üçün vəhylə tərbiyə edilməsi şərtdir. 
      Ağıl həqiqətə çatmaq üçün hüdudsuz qüdrət sahibi deyil. Gözün görmə məsafəsi, qulağın eşitmə hüdudu olduğu kimi ağılın da müəyyən sərhədləri var. 
      Məhdud olanın sonsuz varlığı tam mənada qavraması imkansızdır. Bir stəkana nəhəng okeanı sığdırmaq mümkün deyil. Ona görə də əsil mömin, xüsusilə “qeyb” dediyimiz ağılın idrak hüdudlarını aşan aləmə dair xəbərlər xüsusunda, Allaha və Rəsuluna qəlbən təslim olmağın hüzuruna çatmış kəsdir. Qeyd edəcəyimiz hadisə bu həqiqətin ali misallarındandır:
      Fəxri-Kainat r İsra və Merac hadisəsini Qüreyş müşriklərinə bildirəcəyi zaman:
      - Ey Cəbrayıl, qövmüm mənə inanmaz, - dedi.
      Cəbrayıl u:
      - Əbu Bəkr Sənə inanar, o təsdiq edər. Çünki o, siddiqdir, - buyurdu. (İbn Sad, I, 215)
      Həqiqətən də müşriklər Merac hadisəsini eşidəndə ağıl tərəzilərinin qüdrətini aşan bu möcüzə səbəbi ilə müsəlmanları dinlərindən döndərmək üçün əllərinə böyük fürsət düşdüyünü zənn edərək dərhal Hz. Əbu Bəkrin yanına gedib istehza ilə belə dedilər:
      “Sənin dostun bir gecədə Məscidi-Əqsaya getdiyini, oradan da göylərə çıxıb səhər açılmadan təkrar Məkkəyə qayıtdığını deyir. Buna də deyirsən?”
      Həzrət Əbu Bəkr t isə heç sükunətini pozmadan:
      “O nə deyirsə düz deyir. Çünki onun yalan söyləməsinə imkan və ehtimal yoxdur. Mən Onun gətirdiyi hər şeyə iman edirəm...” - dedi.
      Müşriklər təəccüblə:
      “Yəni sən Onu təsdiq edirsən, Onun bir gecədə Beytül-Məqdisə gedib-gəldiyinə inanırsan?!” - dedilər.
      Həzrət Əbu Bəkr t bu cavabı verdi:
      “Bəli! Burada təəccüblü nə var? Vallahi, O, mənə gecə və ya gündüzün hər hansı saatında Allahdan xəbər aldığını deyir, mən yenə də heç bir tərəddüd duymadan Onu təsdiq edirəm. (Yəni Ona  ali məqamlardan xəbər göndərən, istəyərsə, onu həmin məqama yüksəldə bilməzmi?!)”
      Sonra Hz. Əbu Bəkr Hz. Peyğəmbəri görmək üçün Kəbəyə getdi, baş verənləri şəxsən Ondan eşitdi və:
      “Sadəqtə (doğru söylədin), ya Rəsulallah!..” – dedi.
      Allah Rəsulu da onun iman və təsdiqindən razı qalaraq:
      “Ey Əbu Bəkr, sən siddiqsən!” - buyurdu. (İbn Hişam, II, 5)
      Həzrət Siddiqin qəlbinin bu qədər sarsılmaması və tərəddüdsüz Allah Rəsulunu təsdiq etməsi, şübhəsiz ki, sahib olduğu iman gücünün bir təzahürü idi. Necə ki, Hz. Əli t onun haqqında belə demişdir:
      “Sən qasırğaların belə tərpədə bilmədiyi və şiddətli təlatümlərin yerindən oynada bilmədiyi nəhəng dağ kimi idin!”
      Dinə hücumların vüsət tapdığı axırzaman həngaməsində də tez-tez möminlər olaraq buna bənzər sədaqət imtahanları ilə qarşılaşırıq. Kifayət qədər elmi və irfani təcrübəsi olmayan bəzi müsəlmanların zehinlərini bulandırmaq üçün, müsəlmanları içəridən vurmağı hədəfləyən müstəşriklərin xəstə fikirlərini mənimsəyib bunları dilə gətirən saxta “elm adamı” etiketli sapıqlarla bu gün tez-tez rastlaşırıq.
      Bəziləri bir neçə fəlsəfi fikir və ya məntiq qaydası öyrənən kimi Quran və Sünnəni xor görməyə can atan bədbəxtlərdir. Bəziləri sərvət, şəhvət və şöhrət tələsinə düşərək nəfsinə məğlub olub dini həqiqətləri dünyəvi mənfəətlərinə görə qavrayıb izah edən zəlalət əhlidir. Bəziləri də öz idrak nöqsanlarının və ya qəlblərindəki xəstəliklərin dinimiz İslamdan qaynaqlandığını sübut etməyə çalışan naxələflərdir. Hz. Mövlana bu qəbildən olan qafillərə əsrlər öncəsindən belə səslənir:
      “Əgər burnun iy bilmirsə, qəbahəti güldə görmə!”
      Sanki bu nəsihəti ilə belə deyir:
      “Quran və onun həyata tətbiqi sayılan Sünnənin sonsuz hikmətlərlə dolu təfəkkür iqliminə girə bilmirsənsə, heç olmasa onlarda qüsur axtarmaq axmaqlığına düşmə, səhvi qəlbində gör!”
      Bu bir həqiqətdir ki, cəhalətinin fərqində olanı yola gətirmək asandır. Ən çətin iş özünü ağıllı, yaxud alim zənn edən, “ən doğrusunu mən bilirəm” iddiasına qapılan lovğa “dahi”ləri və inadçı axmaqları yola gətirməkdir. Mövlana həzrətləri deyir ki:
      “Bəlaların çoxu peyğəmbərlərə gəlmişdir. Çünki xam adamları yola gətirmək özü başlı-başına bir bəladır”. 
      Rəsulullah r qiyamətə yaxın baş verəcək fitnələrdən xəbər verdiyi bir hədisi-şərifində belə buyurmuşdur:
      “…Elə bir vaxt gələcək ki, münafiq, kafir və müşriklər Allah haqqında möminin söylədiyi sözlərə bənzər sözlər deyərək iman əhli ilə mübahisəyə girişəcək!” (Hakim, Müstədrək, IV, 504/8412. Qarşılaşdır. Buxari, Elm, 24)
      Zəmanəmizdə təqvadan uzaq yaşadığı halda Quran və Sünnəni öz naqis ağlı ilə dünyəvi mənfəətinə görə izah edib istiqamətdən çıxan, dində dəyişiklik etməyə can atan, Allah-Təala haqqında etiqadi xətalara düşüb istiqamət əhli olan möminlərə ağıl verməyə çalışan bəzi reformist ilahiyyatçıların, guya İslam naminə müsəlmanlarla mücadiləyə girişən təkfirçilərin, o cümlədən dinin istiqamət üzrə olan yoluna zərbə vuran cahil sufilərin bir xeyli boy göstərməsi bu nəbəvi ifadələrin nə qədər də doğru olduğunu göstərir. 
      Müsəlmanın vəzifəsi bu kimi şarlatanlara etibar etməkdənsə, onların zühur edəcəyini on dörd əsr əvvəldən xəbər verən Həzrət Peyğəmbərə imanını təzələmək, Ona olan şükür və sədaqətini daha da artırmaqdır. 
      Həqiqətən, zəmanəmizdə Allaha və Onun əziz elçisinə təslimiyyət xüsusunda qəlbində xəstəlik olan bəzi adamlar ağıllarına batmayan və ya nəfslərinin qəbul etmədiyi bəzi ilahi həqiqətləri göz önündə tutaraq şəkk-şübhə bataqlığında çırpınmaqdan xilas ola bilmirlər. Bu şəkk-şübhə şeytani vəsvəsələrlə birləşdiyi zaman bu səfər onları İslamın təməl qaynaqlarını naqis ağılları ilə sorğulamağa sövq edir. 
      Halbuki İslam ağlımıza yatan tərəfini götürüb, bəyənmədiyimiz tərəfini bir kənara atacağımız bir şey deyil. İslam bir bütündür. Onu bu bütünlüklə qəbul və təsdiq etməyən heç kim mömin ola bilməz. İman cüzlərə bölünməyi qəbul etməz. Yalnız bir bütün olaraq keçərli sayılar. Quranı tamamilə inkar etməklə bir hökmünü inkar etmək arasında insanın aqibəti baxımından heç bir fərq yoxdur. Hər iki halda insan imandan olar. Bu nöqteyi-nəzərdən müsəlman İslamı bütün əsasları ilə qəbul edib qəlbində Allahın və Rəsulunun əmrlərinə heç bir şübhə duymadan, əksinə, özünə minnət bilərək təslim olan kəsdir. 
      Bu gün İslam böyüklərini, məzhəbləri, xüsusilə də Sünnəni dillərinə dolayan, bununla da İslamı gözdən salıb imanlara qəsd edən müqəddəsat canilərinə veriləcək ən gözəl cavab Hz. Əbu Bəkrlə abidələşən o “sidq”i, yəni Allah və Rəsuluna qarşı sarsılmaz sədaqət, bağlılıq və təslimiyyəti sərgiləməkdir. İmana, Qurana, Sünnəyə, İslam mədəniyyətinin müəssisələrinə və yetişdirdiyi abidə şəxsiyyətlərə bütün gücümüzlə sahib çıxmaqdır. 
      İslami dəyərlərə qarşı qiyamətədək davam edəcək bu qəbildən hücumlar əslində “iman imtahanı”dır. Bu imtahanlardan üzüağ çıxmağın yolu Haqqa təslimiyyət zirehi geyinərək və imanı eşqlə yaşayaraq mümkündür. Beləliklə, hər imtahandan daha da güclənərək çıxmış olarıq. 
      Həmçinin bu kimi batil fikirlərlə qarşı-qarşıya gələn möminlərin son dərəcə diqqətli olması da vacibdir. Çünki yalnız mahir dalğıc qorxmadan suyun dərinliklərində üzərək möhtəşəm mənzərələr seyr edə bilər. Kamil səviyyə qazanmış bir möminin pərgarın sabit ayağı şəriətdə olmaq şərti ilə digər ayağı ilə 72 firqənin fərqli dünya görüşlərində dolaşmasında heç bir qəbahət yoxdur. Burada təhlükəli olan üzməyi bacarmayan adamların dərin suya dalmasıdır. Yəni Quran və Sünnəni layiqincə həzm edə bilməyən birinin müstəşriklərin güclü üslubları və məntiq oyunları ilə bəzənmiş batil fikirləri ilə qarşılaşdıqda onları həqiqət zənn etməsi və ya ən azından batilə heyranlıq duyması hədsiz dərəcədə təhlükəlidir.
      Necə ki bu gün müstəşriklərin içimizdəki elçiləri də İslam haqqına söz söyləyərkən batil fikirlərini qəbul etdirə bilmək üçün bir yanlışı on həqiqət zərfinə qoyaraq təqdim edirlər; bu metodla islami savadı zəif və ya təqva dərinliyindən məhrum insanların əqidələri ilə oynamaqdadırlar. 
      Nəticə etibarı ilə hər hansı bir mömin elm və irfan nöqsanlığı səbəbi ilə qəlbinə şübhə düşdüyü zaman dərhal təqva əhli alimlərdən məsləhət almalı, məsələnin doğrusunu onlardan öyrənməli, şübhə virusunu içində böyütmədən məhv etməlidir. Saleh və sadiq möminlərlə ünsiyyət quraraq daima mənəviyyatını gücləndirməlidir. 
      Bir məsələni də heç vaxt unutmayaq ki, nöqsan fəlsəfələrlə zədələnmiş ağılların sovurduğu fikirlər insanı son nəfəsdə, qəbirdə, qiyamətdə, Məhşərdə, Mizanda, Siratda qurtarmayacaq. Lakin Allaha və Onun Həbibinə olan dərin məhəbbət, təslimiyyət və xalisanə itaət əbədi səadətin yeganə könül sərmayəsi olacaqdır. 
      Digər tərəfdən bu da bir həqiqətdir ki, hər zaman “meyvəli ağac daşlanar”. Oğru zərgər mağazasını soymağa can atar. Buna görə də batil və təhrif olunmuş dinlərin insanlığa verəcək heç nəyinin qalmadığı müasir zamanda Allah qatında yeganə haqq din olan İslama hücumların artmasını qəribsəməmək lazımdır. Amma bu hücumlar İslamla münasibətimizi zəiflətmək yerinə, onun qiymətini daha da təqdir etməmizə və dinimizə daha böyük eşqlə, təslimiyyətlə sarılmamıza vəsilə olmalıdır. 
      Necə ki, bizə örnək nəsil olaraq göstərilən əshabi-kiram Allah və Rəsuluna o qədər dərin məhəbbətlə bağlı idi ki, ilahi və nəbəvi əmrləri qınayanın qınağına əhəmiyyət vermədən, müşrik və münafiqlərin dedi-qodusuna qulaq asmadan, hətta çox vaxt hikmətini soruşmağa belə gərək görmədən dərin vəcdlə “Eşitdik və itaət etdik!” deyərək dərhal həyatlarına tətbiq edirdilər. Çünki onlar bütün ruhi çırpınışlarını və nəfsani suallarını Allah və Rəsuluna təslimiyyət məhvərində əridərək qəlbi hüzura qovuşmuşdular. Onlar Allah və Rəsulunu yaxından tanımış, Ona heyran olmuşdular. Bu səbəblə Onun qəlbində özlərinə kiçicik bir yer tutmağı dünya səadətindən üstün görür və bu yolda hər cür fədakarlığı canlarına minnət bilirdilər. Bu iman həyəcanı ilə də “Canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah, əmr et!” – deyirdilər. 
      Həzrət Ömərin oğlu Abdullah t uşaqlığından etibarən bütün ömrünü Rəsulullah r -i addım-addım təqibə həsr etmiş, - hikmətini bilsə də, bilməsə də, - Onun etdiyi hər şeyi eynilə etmək həyəcanı ilə yaşamış bir Peyğəmbər aşiqi idi. 
      Məsələn, Peyğəmbərimizin bir quyudan su içdiyini görmüş, o da zaman-zaman həmin quyuya gedərək su içmiş, Peyğəmbərimizin bir ağac altında kölgələndiyini görmüş, bəzi vaxtlar həmin ağacın altında kölgələnmiş, Peyğəmbərimizin mübarək kürəyini bir qayaya söykəyib bir az oturduğunu gördüyü üçün də hərdən həmin yerə gedib kürəyini söykəyərək bir müddət oturmuşdur. O mübarək səhabə bu sözü ilə Həzrət Peyğəmbərə nə qədər dərin məhəbbət və həyəcanla tabe olduğunu belə göstərir:
      “Biz hər şeydən xəbərsizkən Allah-Təala bizə Hz. Muhammədi göndərdi. Biz Rəsulullahdan nə görmüşüksə, eynilə Onun kimi edirik”.
      Əshabi-kiram Rəsulullah r-in dilə gətirdiyi əmrlərə nə qədər candan bağlı idilərsə, Onun kiçicik bir işarəsinə də bir o qədər həssaslıqla yanaşırdılar. Belə ki, Peyğəmbərimizin saleh bir əməli bircə dəfə işlədiyini görmələri kifayət idi. Bunun ayrıca əmr edilməsinə ehtiyac qalmaz, həmin sünnəni ömür boyu həyata tətbiq edərdilər. 
      Ənəs t belə buyurmuşdur:
      “Bir gün Rəsulullah r -in Duha namazı qıldığını gördüm. O gündən sonra bu namazı əsla tərk etmədim”.
      Bu rəvayəti nəql edən Həsən Bəsri həzrətləri də eyni həssaslıqla belə demişdir: 
      “Həzrət Ənəsin bu ifadələrindən sonra mən də o namazı heç vaxt tərk etmədim”. (Təbərani, Əvsat, II, 68/1276)
      Allah Rəsuluna eşqlə bağlılıqda zirvə şəxsiyyətlərdən olan Həzrət Əli t-ın bu sözləri nə qədər də ibrətlidir:
      “Rəsulullah r -in ayağa qalxdığını gördük, biz də qalxdıq; oturduğunu gördük, biz də oturduq”. (Əhməd, I, 83)
      Çünki o mübarək səhabələr yaxşı bilirdilər ki, Allah Rəsulunun etdikləri Allahın edilməsini istədiklərindən ibarət idi. Onun müəllimi və mürəbbisi Allah-Təala idi. O, öz nəfsindən danışmaz, yalnız Allahdan gələni təbliğ edərdi. Necə ki, bunu Allah-Təala da bir çox ayeyi-kərimə ilə dəstəkləmişdir:
      “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…” (ən-Nisa, 80)
      “(Ya Rəsulum!) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın…” (Ali-İmran, 31)
      “…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…” (əl-Həşr, 7)
      Məhz bu səbəblə əshabi-kiram Hz. Peyğəmbərin əmrlərini ağılın dar çərçivəsində sorğulamağa lüzum görmədən, hikmətini bilsələr də, bilməsələr də, dərhal həyata tətbiq edərdilər. Çünki Rəsulullah r bütün ağılları yaradan Allahdan təlimat alırdı. Buna görə də bəşəriyyətin ən əqli-səlimi olan Allah Rəsuluna tabe olmaq vəhm və xəyallarla illətli insan oğlunun tutacağı ən ağıllı yoldur. 
      Biz də zəmanəmizdə özünü haqlı çıxararaq “Quran bizə yetər” deyən, bununla da Quranın canlı təfsiri sayılan Sünneyi-Səniyyədə reformlar aparmağa çalışan qruplara qarşı həddən artıq ayıq-sayıq olmalıyıq. 
      Tabeun nəslinin fiqh və hədis alimlərindən Əyyub əs-Sahtiyani (q.s) belə buyurur:
      “Bir adama Sünnədən bəhs edildikdə “Bunları bir kənara qoy, mənə Qurandan xəbər ver!” - deyərsə, bil ki, o adam özü yolunu azdığı kimi başqalarını da yoldan çıxardır”.
      Təbei-tabeun nəslinin fiqh və hədis alimlərindən İmam Övzai də belə buyurmuşdur: 
      “Bunun səbəbi Sünnənin Quran üzərində hökm qoyucu olaraq gəlməsidir”. 
      Həqiqətən, Quranın həyata necə tətbiq ediləcəyini Sünnəyə baxmadan öyrənmək mümkün deyil. Məsələn, ölü əti yemək haramdır, lakin tutulandan sonra öz-özünə ölən balığın yeyilə biləcəyini Sünnədən öyrənirik. Qurani-Kərimdə Cümə namazı əmr edilir. Lakin nə vaxt, necə qılınacağını Sünnədən öyrənirik. 
      Həzrət Osman t-ın xilafət illərində bir nəfər Bəsrədə qazılıq edən İmran bin Husayn t-ın yanına gəlib:
      “Bizə bəzi hədislər rəvayət edirsiniz, amma biz Quranda onların qaynağını tapmırıq”, – deyir.
      İmran t bu cavabı verir:
      “Hər qırx dirhəmdən bir dirhəm, filan qədər qoyundan bu qədərini, filan qədər dəvənin filan qədərini verməli olduğunu Qurandan tapa bilirsənmi?”
      Gələn adam: 
      “Xeyr”, - deyincə İmran t:
      “Elə isə bütün bunları kimdən öyrəndiniz? Bizdən öyrəndiniz. Biz də Allahın Nəbisindən öyrəndik”, - deyərək buna bənzər başqa misallar da zikr etdi.
      Ayeyi-kərimələrdə buyurulur:
      “Onu Cəbrayıl (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində”. (əş-Şuəra, 193-195)
      Qurani-Kərim Allah Rəsulunun 23 illik nəbəvi həyatı ilə təfsir edilmişdir. Elə isə Allah Rəsulunun qəlb aləmindən nəsib almadan, Onun əxlaqı ilə əxlaqlanmadan, Onun Sünnəsinə tabe olmadan Quranı anlamaq da mümkün deyil, yaşamaq da!..
      Rəsulullah r belə buyurmuşdur:
      “Sizdən biri (rahat) yerində oturub Allahın Qurandakılar xaricində haramlarının olmadığınımı zənn edir? Xəbəriniz olsun, vallahi, mən nəsihət etdim, əmr etdim, bir çox şeyi də qadağan etdim. Bunlar Quranın bir misli, bəlkə də daha çoxdur...” (Əbu Davud, Xərac, 31-33/3050)
      “Onu bilin ki, mənə Qurani-Kərimlə birlikdə (onun bir) bənzəri də verilmişdir. Diqqətli olun, qarnıtox bir adamın arxasına söykənərək: “Siz sadəcə bu Qurandan yapışın! Onda gördüyünüz halalı halal, haramı da haram bilin, yetər!” – deyəcəyi (günlər) yaxındır…” (Əbu Davud, Sünnə, 5/4604; Əhməd, IV, 131)
      Xülasə, biz Həzrət Peyğəmbərin xəbər verdiyi o günlərdə, yəni Sünneyi-Səniyyənin gözdən salınmaq istəndiyi zamanda yaşayırıq. Özümüzü və nəslimizi bu zamanın fitnələrindən qorumaq üçün dinimizi yaxşı öyrənməyə çalışmalıyıq. Unutmamalıyıq ki, Hz. Peyğəmbərin Sünnəsi Quranla necə əməl edəcəyimizi göstərən yeganə rəhbərdir. Bir sözlə, Sünnəyə qarşı yönələn etirazların bir ucunun Qurani-Kərimə, nəticədə də İslama və Allaha gedib çıxacağını əsla unutmamalıyıq. 
      Necə ki, tabeun nəslinin böyük alimlərindən Abdullah bin Deyləmi (q.s) belə deyir:
      “Mənə çatan məlumatlara görə, dinin yox olması Sünnənin tərki ilə başlayacaqdır. Kəndirin lif-lif açılıb tamamən qopması kimi din də sünnələrin bir-bir tərk edilməsi ilə əldən çıxacaq”. (Darimi, Müqəddimə, 16/98)
      Allah-Təala lütf-kərəmi ilə hər birimizi Rəsulunun iki böyük əmanəti olan Quran və Sünnəyə səmimiyyətlə sahib çıxaraq daima rizası istiqamətində yaşayan əməlisaleh bəndələri arasına daxil etsin.
      Amin!..
      • Hits: 385 clicks

      Tecox component by www.teglo.info