Aqil ƏLİYEV- RUZİMİZİ ARTIRAN SƏBƏBLƏR

      Share

      Həyat kiminə görə dolanışıq, kiminə görə yaşam tərzi, kiminə görə isə imtahan dünyasıdır.

       Buna baxmayaraq bütün insanlar üçün ortaq bir hədəf vardır ki, o da dünyada yaşayarkən təməl ehtiyaclarını qarşılamaq zərurətidir. Lakin bunun sərhəddi nə olmalıdır? İnsan ruh və bədən dincliyini necə əldə edə bilər? Gerçək dinclik nədir? İnsanın dünya və axirətdə xoşbəxt olmasını təmin edəcək qaydalar nələrdir? Elə bu növdən sualları ortaya qoyaraq ruzinin insan üçün xeyirli və bərəkətli olmasının necə mümkün ola biləcəyini Müqəddəs Kitabımız Qurana ərz edəcəyik. Sualımız budur: ruzini artıran vasitələr və səbəblər varmı, varsa nələrdir?

      Uca Allah kimini mal çoxluğu ilə, kimini yoxsulluqla, kimini də başqa vasitələrlə imtahan etməyi özü istəmişdir. Buna heç kim etiraz edə bilməz. Eynilə cinsiyyətimizi, boyumuzu və rəngimizi özünün təyin etdiyi kimi. Mühüm olan, imtahan vasitəsi olan malın azlığı və ya çoxluğu deyil, Allahın qullarının hər vəziyyətdə Ona ibadət edərək, Ona həmd və şükür edərək bir həyat sürməsidir.

      Ruzini artıran, sahibi üçün xeyirli və bərəkətli olmasına  səbəb olan amillləri belə sadalamaq olar:

      1. Uca Allaha ibadət etmək, Ona itaət ilə keçən bir həyat yaşamaq. Qurani-Kərimdə belə buyurulur: “Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar. Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”. (əl-Əraf, 94-96)

      Bəli, bu gün də vəziyyət fərqli deyil. O dövrdə insanların çoxu özlərinə yol göstərən, örnək şəxsiyyət olan peyğəmbərləri dinləməyib üz döndərir, istehza edir, axirəti puç və yalan sayırdılar. Diqqətlə baxanda görürük ki, indi də toplumların əksəriyyəti bu haldadır. Bunun nəticəsində də insanlara dünyəvi böhran, sıxıntı, dolanışıq çətinliyi və ailə hüzursuzluğu üz verməkdədir.

      2. Təqva sahibi olmaq.  Uca Allah buyurur: “... Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir”. (ət-Talaq, 2-3)

      Təqva sahibi olmaq nəinki haramlardan çəkinmək, eyni zamanda Uca Allaha qarşı ədəbli olaraq halalları belə müəyyən bir ölçü ilə istifadə etmək, hər yerdə və zamanda Ona qarşı gəlməkdən və rəhmətindən uzaq qalmaqdan qorxub çəkinməkdir. Bu duyğu və düşüncədə olan insanı Uca Allah heç ummadığı və gözləmədiyi yerdən ruziləndirməyi öz üzərinə götürmüşdür. Çünki: “...Uca Allah vədindən heç bir zaman dönən deyildir”. (Ali İmran, 9)

      3. Tövbə və istiğfara davam etmək:  Uca Rəbbimizin kəlamından öyrəndiyimizə görə, Hz. Nuh (ə.s) öz qövmünə belə demişdi: “...  (Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır. O sizə göydən bol yağış göndərər. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar”. (Nuh, 10-12). Başqa bir ayədə isə belə buyurulmaqdadır:Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin”. (Hud, 52)

      Yenə də görürük ki, bol ruzinin və bərəkətin əsas amili  Allaha və Onun elçilərinə itaətdən üz çevirməmək, günahlardan uzaq durmaq, hər hansı bir xəta və günah edildiyi təqdirdə tövbə və istiğfara sarılıb, Uca Allaha mütilik göstərməkdir.

      4. Allahın nemətləri qarşılığında şükür etmək. Uca Allah belə buyurur: “Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim, 7)

      Uca Allahın lütf etdiyi hər bir nemətə bol-bol şükür etmək də nemətlərin artmasına və bərəkətlənməsinə bir vəsilədir.

      Nemətin bərəkətlənməsi mövzusu çox geniş bir mövzudur. Odur ki, bu mövzu ilə bağlı digər mühüm məqamları gələn sayımızda sizinlə bölüşməyə davam edəcəyik.

      • Hits: 281 clicks

      Tecox component by www.teglo.info