155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      Mədinəyə 4 dəvənin üzərində aparılan Qurani-Kərim

        

      Müqəddəs Mədinə şəhərindəki Məscidi-Nəbəvinin yanında 2015-ci ildən Qurani-Kərim muzeyi fəaliyyət göstərir. Muzeydə müxtəlif tarixlərdə yazılmış Quran kitablarının nümayişi ilə yanaşı ziyarətçilərə 23 illik vəhy prosesi barədə də məlumat verilir.

      Muzeyin direktoru Həmzə Musa Abdullah Adəm məqsədlərinin yeni texnologiyalar vasitəsilə Peyğəmbərin (s.ə.s) qonaqlarına Qurani-Kərim barədə məlumat vermək olduğunu deyib.  Muzeyin 2015-ci ilin sentyabr ayından fəaliyyət göstərdiyini deyən H.M.A.Adəm indiyə qədər muzeyin 2 milyondan çox ziyarətçisi olduğunu bildirib.

      Muzeydə 200 il əvvəl Əfqanıstanda xəttat Qulam Məhyəddin tərəfindən yazılan, 4 dəvəyə yüklənərək Mədinəyə aparılan 154 kq-lıq Quran, həyatı boyu əli ilə 106 Quran yazan və 107-cini yazarkən vəfat edən Hafiz Osmanın yazdığı Quran və s. nadir əlyazma Qurani-Kərimlər ziyarətçilərə nümayiş etdirilir. 

      Muzeyin 13 zalında ümumilikdə 57 əlyazma Quran var. Hicri 488-ci ildə xəttat Əli ibn Muhamməd əl-Batliyusun məğribi xətti ilə yazdığı Quran isə muzeydəki ən qədim eksponat hesab edilir. 

      Məscidi-Nəbəvinin 5-ci qapısının yaxınlığında olan muzey səhər 09.00-dan axşam 21.00-ə qədər ziyarətçilərin üzünə açıqdır.

      Uşaqlar üçün sadəcə gündüz işləyən smartfon hazırlanıb

      Yaponiyada telefon şirkətlərindən biri sadəcə gündüz işləyən smartfon hazırlayıb. İbtidai sinif uşaqları üçün nəzərdə tutulan cihazı gecə 22.00, səhər 06.00 saatları arasında kilidlənəcək şəkildə tənzimləmək mümkündür. Valideynlə uşaq arasındakı əlaqəni təmin etmək üçün hazırlanan smartfonun insana zərərləri minimuma endirilib.  

      Qiyməti 312 dollar olan telefon, başda məktəb olmaqla müəyyən edilmiş yerlərdə avtomatik kilidlənmə və mesaj tətbiqinin istəyə görə dayandırılması özəlliyinə malikdir.  

      Valideynlər cihazdan istifadə müddətini azalda və ya məhdudiyyət kilidini tamamilə ləğv edə bilərlər.

       

      Qəzetdə elan verdi: "Müsəlmandan soruşun!"

      Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində yaşayan müsəlman qadın İslam dininə xidmət yolunda qeyri-adi addım atıb. Əyalətin Fremont şəhərinin sakini Moyna Shaiq yerli qəzetlərdən birində "Müsəlmandan soruşun" başlığı ilə elan verərək insanları İslam dini barədə suallar verməyə təşviq edib. Bu aksiyanın məqsədi isə insanlarda İslam dininə qarşı yaranmış qərəzli düşüncələri yox etməkdir.

      "İslam dini terrora dəstək verir?", "İslam dinində qadına təzyiq var?" və s. bu kimi başlıqlarla verilmiş elanlarla başladılan aksiya yerlilər tərəfindən də rəğbətlə qarşılanıb.

      "Associated Press" agentliyi, son günlərdə Shaiqin qurduğu kiçik stendi ətraf şəhər və qəsəbələrdən də ziyarət edənlərin olduğunu və ziyarətçi sayının hər gün çoxaldığını yazır.

       

      Dünyanı gözləyən yeni təhlükə: Cənub qütbündə vulkanlar

      Antarktidanın qərbindəki buz təbəqəsinin altında böyük vulkanik ərazi aşkarlanıb. Edinburq universitetinin araşdırma heyəti tərəfindən aparılan araşdırmaya görə, bölgədə 91 vulkan var. Heyətin üzvü olan Robert Binqem, hazırda bu vulkanlardan nə qədərinin aktiv olduğunun araşdırıldığını deyib. 

      "Bu vulkanlardan nə qədərinin aktiv olduğunu müəyyən etməyimiz planetimizin gələcəyi üçün çox önəmlidir. Çünki bu vulkanlardan biri püskürməyə başlasa, ərazidəki buz təbəqələrinin əriməsinə səbəb ola bilər. Bu isə materik hövzəsində su səviyyəsinin çoxalması ilə nəticələnər", - deyə Binqem açıqlamasında bildirib.

       

      Ticarət mərkəzində müsəlman turistlər üçün məscid açıldı

      Cənubi Koreyanın paytaxtı Seulda fəaliyyət göstərən "Lotte Department Store" ticarət mərkəzində məscid açılıb. TM rəhbərliyi bu addımla müsəlman ölkələrdən gəlmiş turistlərin bu istiqamətdəki problemlərini həll edib. Bütün islami qaydaları özündə əks etdirən 50 kvadratmetrlik məsciddə qadınlar və kişilər üçün ayrı ibadət otaqları var. Hər məsciddə Qurani-Kərim, qibləni müəyyən etmək üçün cihaz, dəstəmazxana və ayaqyolu var.  

      Tərkibində ilk məscid açan "Lotte Department Store" TM-nin müsəlmanlar üçün planları bununla da məhdud deyil. TM rəhbərliyi bildirib ki, yaxın günlərdə mərkəzdə "Müsəlman dostu Restoranlar" şəbəkəsinin şöbəsi açılacaq.

       

      Tbilisidəki Evangelist-Baptist Kilsəsinin həyətində məscid tikiləcək

      Tbilisidə fəaliyyət göstərən Evangelist-Baptist Kilsəsinin həyətində məscid tikiləcək. Evangelist-Baptist Kilsəsinin baş yepiskopu Malxaz Sonquluşvili bildirib ki, kilsənin həyətində üç səmavi dinin ibadət ocaqlarının tikilməsi barədə qərar qəbul olunub. Kilsənin sol tərəfində sinaqoq, sağ tərəfində isə məscid tikiləcək.

      Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbərliyi bu tolerant ideyanı dəstəkləyib.

      Qeyd edək ki, avqustun 3-də məscidin təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində müsəlman dini icmalarının rəhbərləri də iştirak ediblər.

      Bildirilib ki, yeni tikiləcək məscidin uzunluğu 8, eni 5 metr olacaq. Məsciddə kitabxana da fəaliyyət göstərəcək.

      • Hits: 314 clicks

      Tecox component by www.teglo.info