155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İrfandan- BACARIQLI MÜƏLLİM

      Share

      Müəllimlər şagirdlərin dünyasına nüfuz edə bilirlərmi?

      İşində müvəffəqiyyət qazanmış bacarıqlı müəllimlərin etdiyi 25 fərqli hərəkəti bilmək, bəlkə də, həyatınızı dəyişər:

      1. Dəqiq hədəfləri var.

      Təhsil dünyasında şagirdlər üçün qoyulan hədəflər müəllimin çatış nöqtəsi üzərindəki yol işarələri kimidir. Bu hədəfə çatmaq üçün qurulan plan isə onların xəritəsidir.

      2. Məqsəd duyğusu daşıyarlar.

      Hər iş günü eyni gözəllikdə keçməz. Bəzən sıxıcı və darıxdırıcı anlar da olar. Amma böyük məqsədi olan müəllimlər belə günlərin öhdəsindən gələ bilərlər, çünki onların gözləri yolun sonuna fokuslanmışdır.

      3. Dərhal təsirini görmədən də yaşaya bilərlər.

      Müəllim şagirdlərinə çox şey öyrətmək istəyər. Bunun üçün saatlarca tər tökər. Əməyinin təsirini görəndə, şagirdlərdən istədiyi cavabları alanda həvəsi daha da artar. Amma uşaqlarda heç bir dəyişiklik görməyəndə ümidləri qırılar, həvəsi tükənər. Belə anlarda uzağa baxmaq, bir bostançı kimi meyvəni dərmək üçün səbirlə gözləmək lazımdır.

      4. Şagirdlərini nə vaxt dinləməli olduğunu və nə vaxt görməzlikdən gəlməli olduğunu bilərlər.

      Şagirdlərdən geri alım etmək, onların nəyi necə başa düşdüyünü öyrənmək mühümdür. Buna görə də yeri gələndə onları dinləmək, yeri gələndə də onlara öz sözünü dinlətmək tarazlığını qurmaq asan bir iş deyil.

      5. Onlar müsbət davranışları olan insanlardır.

      Mənfi enerji yaradıcılığı öldürər və səhv etmə qorxusunun meydana gəlməsi üçün möcüzəvi bir zəmin hazırlayar. Yaxşı müəllimlərin optimist və şən bir ruh halları, canlılıqları və enerjiləri vardır.

      6. Şagirdlərinin müvəffəqiyyətli olmasını gözləyərlər.

      Şagirdlər özlərinə inanacaq bəzilərinə ehtiyac duyarlar. Bacarıqlı müəllimlər hədəfi yüksək tutar və sonra səhv etmənin normal qarşılandığı bir mühit yaradarlar. Bu, şagirdləri gözlənilən hədəflərə çatana qədər sınanmaqdan imtina etməmələri üçün motivasiya edər.

      7. Yumor duyğuları inkişaf etmişdir.

      Yumor və zəka qalıcı bir təəssürat yaradar. Stressi və gərginliyi azaldar.

      8. Səmimi olaraq tərifləməyi bacarırlar.

      Şagirdlərin cəsarətlənməyə və təqdir edilməyə ehtiyacı var. Bu, yerinə görə və məntiqli şəkildə edilərsə, qiymət qazanar.

      9. Risk almağı bacarırlar.

      Riskə girmək müvəffəqiyyət düsturunun bir parçasıdır. Şagirdlər sinifdə yeni şeylərin sınandığını görməyə ehtiyac duyarlar. Bu zaman müəllimin səhvlərlə necə baş etdiyini də görüb nümunə götürərlər.

      10. Dediklərində tutarlıdırlar.

      Yerli-yerində, əsaslı deyilən sözün təsiri danılmazdır. Beləcə, şagirdlər ehtiyac duyduqlarında onlara güvənə bilərlər.

      11. Dərin düşünərlər.

      Öz fikirlərində ilişib qalmış və inadçı bir müəllim olmağı önləmək üçün bacarıqlı müəllimlər təhsil üsulları, üsullarının təqdimatı və şagirdləri ilə necə əlaqə qurduqları barəsində uzun-uzun düşünərlər. Bu, zəif cəhətlərini ortaya çıxarmaları üçün də lazımlıdır.

      12. Özlərinə ağıl verəcək kimsələri özləri axtarıb taparlar.

      Əgər ətraflarında dəstək ala biləcəkləri, özlərindən daha müdrik və yaşlı kəslər yoxdursa, dərin düşünən müəllimlərin cəsarətləri asanca qırıla bilər. Ağıl müəllimləri, "Bəli, düşüncələrin doğrudur" ya da "Xeyr, səhv edirsən, çünki.." deyən səs ola bilər. Ağıl verən müdriklər insanlara fərqli bir dünyagörüşü təmin edərlər.

      13. Valideynlərlə ünsiyyət qurarlar.

      Ata-ana ilə müəllim arasındakı əməkdaşlıq bir şagirdin müvəffəqiyyəti üçün qəti şəkildə həyati dəyər daşıyar. Müəllim mütləq açıq bir ünsiyyət yolu saxlamalıdır ki, valideynlər gəlib öz narahatçılıqlarını rahatca dilə gətirə bilsinlər. Müəllim və valideyn "birləşmiş bir cəbhə" meydana gətirsə, şagirdlərin zəif qiymət alma şansı çox aşağı olar.

      14. İşlərindən zövq alarlar.

      İşini sevən müəllimlər dərhal seçilər. Sanki yoluxucu bir enerji yayarlar. Ən çətin mövzunu belə yüksək motivasiya ilə təqdim edərlər.

      15. Şagirdlərinin ehtiyaclarını nəzərə alarlar.

      Siniflər daim inkişaf edən dinamik orqanizmlər kimidir. Gününə, sinif mövcuduna ya da başqa şərtlərə bağlı olaraq planlar ya da proqram dəyişdirilə bilər. Uşaqlar böyüdükcə və dəyişdikcə, öyrətmə üsulları da onların mənfəətinə uyğun olaraq dəyişdirilə bilər.

      16. Sinifdəki dəyişiklikləri xoş qarşılayarlar.

      Dəyişmə beyni həyəcan və macəra ilə doldurar. Şagirdləri də hərəkətə keçirmək üçün bəzən sinifin içində dəyişikliklər etmək faydalı olur. Masaların yerini dəyişdirmək ya da təkrarlananları pozmaq kimi sadə dəyişikliklər, uzun bir ilin ortasında yeni bir həyatı içinə çəkməyi təmin edə bilər.

      17. Yeni vasitələr kəşf etməyə vaxt ayırarlar.

      İnkişaf etmiş texnologiyalar sayəsində sinifə və dərs proqramına möcüzəvi funksiyalar qatmaq üçün yeni qaynaqlar və vasitələr var. Onlar sinifə texnologiyanı gətirməkdən çəkinməzlər. Çünki şagirdlər onsuz da texnologiyanın hər yerdə olduğu bir dünyada böyüyürlər.

      18. Dərsə yerinə görə mənəviyyat qatarlar.

      İçində yaşadığımız dövr, şagirdlərin məlumatdan çox mənəvi dəstəyə ehtiyac duyduğu bir dövrdür. Şagirdlərlə duyğu,  hissiyyat yüklü bir münasibət qurmaq, verilən tövsiyələri daha çox dinləmələrini və bu öyüdləri ürəklərində hiss etmələrini təmin edər. Şagirdlər dərs müəllimlərinə ehtiyac duyduqları qədər ağıl müəllimlərinə də ehtiyac duyarlar.

      19. Bilinməyənlər barəsində rahatdırlar.

      Müəllimlərin qarşısında bir çox bilinməyənlər var: tələbələrin müvəffəqiyyəti nə səviyyədə olacaq, valideynlər nə dərəcədə bu işə dəstək verəcəklər, imtahan nəticələri necə olacaq?.. Bacarıqlı müəllim bu sualların təsirində qalıb narahatlıq keçirməz.

      20. Valideynlər şikayət bildirəndə özlərini təhdid edilmiş hiss etməzlər.

      Təəssüf ki, bəzən müəllimlər və ata-analar bir-birilərini təhdid edərlər. Özünü etibarsız hiss edən bir müəllim, ailələri təhdid olaraq görəcək. Bir müəllimin səhvini üzünə vurmaq üçün gözləyən çox sayda ata-analar olsa da, çoxu uşağı üçün ən yaxşı olanı istəyər. Bacarıqlı müəllimlər qabiliyyətləri mövzusunda əmindir və valideynlər sinifə gəlib fikirlərini ifadə etmək istədiklərində özlərini təhdid edilmiş hiss etməzlər. Ayrıca yaxşı müəllimlər ata-anaların tövsiyələrini tətbiq etmək məcburiyyətində olmadıqlarını da bilərlər!

      21. Sinifə əyləncə gətirməkdən çəkinməzlər.

      Həddindən artıq ciddi olmaq şərt deyil. Bəzi günlərdə hədəf "əyləncə" olmalıdır. Şagirdlər müəllimin insani tərəfini görər və hiss edərsə, bu, güvən və hörmətin təməlini təmin edər. Əyləncə və təhsil bir-birinə əngəl olan şeylər deyil. Yumordan istifadə etmək ən sıravi mövzunu belə maraqlı hala gətirə bilər.

      22. Hərtərəfli öyrədərlər.

      Tələbə mövzunu vakuum kimi sormaz. Depressiya, narahatlıq və zehni stress öyrənmək üzərində ciddi bir təsirə malikdir. Pedaqoqların və təhsil modellərinin bir şagirdi bütün olaraq ələ alması çox əhəmiyyətlidir. Tələbənin ruh halını nəzərə alaraq mövzunu bütünləşdirmək daha yerində bir davranış olacaqdır.

      23. Öyrənməyi əsla tərk etməzlər.

      Bacarıqlı müəllimlər proqramları içində öz öyrənmələri üçün də zaman ayırarlar. Bu, yalnız müəyyən bir mövzu haqqındakı məlumatı artırmaz, eyni zamanda onu təkrar şagird mövqesinə gətirər. Öyrənmək haqqındakı dünyagörüşü də bu şəkildə yenilənmiş olar.

      24. Şablonlara ilişib qalmazlar.

      Bunlar fərdi şablonlar da ola bilər. Məsələn: "Bunu əsla edə bilmərəm", "Əsla şagirdlərin bir-birinə qeyd verməsinə icazə verən bir müəllim olmayacağam" və s. Bacarıqlı müəllim öz daxilindəki maneə şablonları belə dəyişə biləndir.

      25. Öz sahəsində mütəxəssis olarlar.

      Müvəffəqiyyət arxasınca gedən müəllimlər işlərini çox yaxşı bilməyə ehtiyac duyarlar. Təhsil metodologiyasına əlavə olaraq öz mövzularını da çox yaxşı öyrənərlər. Öyrənməyi əsla buraxmayan bacarıqlı müəllimlər tələbələrinin gözündə maraqlı qalmağa davam edərlər.

      • Hits: 367 clicks

      Tecox component by www.teglo.info