Əziz SULTANOV- İnanc məntiqi

      Share

      İmanın dəyəri onun açıq və elmi bir sübuta əsaslanmamasındadır, deyirlər.

       Qeybə iman, görmədiyimiz halda Allaha və axirət dünyasına iman etmək dünya imtahanının ən incə məqamıdır, onsuz da. Bir də ki, iman nəsib məsələsidir, deyirlər. Allah kimi istərsə, ona hidayət verər; Allah kimin bu lütfü haqq etdiyini görərsə, onu qurtuluşa çatdırar... Bunların hamısı həqiqətdir, buna inanırıq.

      Bəs yaxşı, imana çatmaq üçün heçmi boynumuza düşən bir məsuliyyət yoxdur?!

      Qurani-Kərimdə, Mümtəhinə surəsinin 4-cü ayəsində belə bir istiqamətverici ifadə var: “Şübhəsiz ki, İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl bir nümunədir...”

      Elə isə İbrahimin uzun həyat hekayəsinin kiçik bir bölümünə, imanla əlaqəli olduğu üçün imana dəvət etdiyi bir səhnəyə nəzər salaq: 

      İbrahim əleyhissalam ailəsinin yanına gələndə onları təəccüblə seyr etdi. Atası Azər büt düzəldib satar və onunla dolanardı. Azərin digər oğulları da bütləri satmaqda ona kömək edərdilər. İbrahim fikirləşirdi: “Bunları ki biz öz əlimizlə düzəldirik, bizə nə faydası var, nə də zərəri. İnsanlar niyə bunlardan xeyir umurlar?”. Halbuki o, mağarada qaldığı günlərdə Rəbbinin təkliyini və böyüklüyünü, gözlə görünən heç bir şeylə qüdrətinin müqayisə edilə bilməyəcəyini dərk etmişdi. Odur ki, öz bildiklərini onlarla bölüşərək insanları doğru yola çağırmağa başladı. Onun “düşündürərək təbliğ” üslubu Qurani-Kərimdə belə nəql edilir:

      “Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb dedi: “Bu mənim Rəbbimdir!” Ulduz batdıqda isə: “Mən batanları sevmirəm”, - dedi. Sonra doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. Ay batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən səhv yollara düşənlərdən olardım”, - dedi. Sonra da doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – dedi. Günəş batdıqda isə: “Ey qövmüm, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Mən hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən ona şərik qoşanlardan deyiləm! - dedi”. (əl-Ənam, 76-79)

      Kəldani qəbiləsi səma cisimlərinə çox etibar edir, onların gələcəyi göstərdiyinə, öz həyatlarına yön verdiyinə inanır və onlara sitayiş edirdi. Buna görə də Həzrət İbrahim onlara bu gözəl misal ilə böyük bir dərs keçir, gözlərində böyütdükləri o səma cisimlərinin həqiqətini çatdırmağa, onların hidayət və istiqamət qabiliyyətinə malik olan Rəbb ola bilməyəcəyini başa salmağa çalışırdı. Göstərdiyi bu təfəkkür istiqaməti ilə hər bir ağıl sahibinin düşünərək bunları yaradan Rəbbin bunlardan daha möhtəşəm olduğunu qavramasına yol açırdı.

      Kəldani qəbiləsinin bir digər səhv və məntiqsiz inancı da öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş etməsi idi. Bütləri düzəldən ustalardan biri elə İbrahimin atası idi. Bu bütlərin yonulmadan əvvəl bir daş və ya odun parçası olduğunu, yonulduqdan sonra da heç bir qeyri-adi qüvvəyə malik olmadığını ən yaxşı bilənlər də elə ustalar idi. Odur ki, bu sahədəki təbliğinə atasından başladı. Onun sərt xasiyyətini bildiyi üçün yumşaq bir dillə dedi:

      - Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur! Atacan! Qorxuram ki, (bu yolda getməyə davam etsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan! (Məryəm, 42-45)

      İbrahimin atası onun sözlərinə əhəmiyyət vermədi, hətta bir müddət “gözümə görünmə, yoxsa səni cəzalandıraram!” deyərək özündən uzaqlaşdırdı. Bu hərəkəti ilə də ilahi rəhmətdən məhrum qaldı. İmanı düşüncəsiz bir şəkildə rədd etmək böyük bir fəlakətə qapı açmaqdır. Amma Həzrət İbrahim və ona iman edənlər qiyamətə qədər bütün iman əhlinə bir nümunə olaraq böyük bir məqama ucaldılar. Bu nümunə içində yer alan mühüm maddələri bir daha təkrarlamaq yerinə düşərdi:

      - Daim həqiqət axtarışında olmaq. Tənbəllik edərək, qulaqdandolma biliklərlə kifayətlənməmək.

      - Bildiklərini başqalarına da anlatmaq.

      - Dediklərini düşündürücü, məntiqli səbəblərlə əsaslandırmaq. Bunu edərkən də gözəl dildən, insanları incitməyəcək xoş sözlərdən istifadə etmək.

      - Yaradılmış olan heç bir varlığa: günəş, ay, ulduz, yaxud yer üzündəki hər hansı bir canlı-cansız cismə, heç bir şəxsə ilahilik vəsfi verməmək, hər birinin fani olduğunu, Allahın qüdrəti yanında bir heç olduğunu dərk etmək.  

      - Allahdan başqasına ilahilik vəsfi vermək şeytanın aldatmacasıdır.

      - Təbliğə öz ailə fərdlərindən, ən yaxınlarından başlayaraq, ilk əvvəl onların qurtuluşuna çalışmaq.

      Demək ki, iman nəsib məsələsi olsa da, ona gedən yolu göstərmək, həqiqi imana məntiq işığında üfüq açmaq bütün insanlığın səadətini düşünən bir insan üçün vazkeçilməzdir. 

      • Hits: 128 clicks

      Tecox component by www.teglo.info