Ramiz MƏMMƏDOV- XALİS İMAN

      Share

      Aliya İzzetbeqoviç insanın meymundan əmələ gəlib-gəlmədiyini hər iki varlığın bioloji yöndən min bir əziyyət və uzun zaman tələb edən bir araşdırma aparmadan, mənəvi tərəflərinə nəzər salaraq izah edilə biləcəyini  “Şərq və Qərb arasında İslam” adlı əsərində belə izah edir: “Tarixin istənilən dərinliyinə gedilsə  görülər ki, meymunlar nə vaxtsa, nəyəsə sitayiş etməyiblər.

       Ancaq insanlıq tarixinin ən qədim daş dövrünə belə nəzər salanda insanların oda, günəşə, ya da bir qayaya çəkilən hansısa heyvan füquruna, nəticədə mütləq nəyəsə sitayiş etdiklərini müşahidə edirik. Bu da o deməkdir ki, insan ilə meymunu, ya da ümumiyyətlə, heyvanı ayıran cəhət insanın hansısa bir ilahi varlığa inanmasıdır”.

      Hərçənd bəzi insanlar Allahı tanımadıqlarını desələr də, mən onların bu sözlərinə özlərinin də inanmadıqlarını düşünürəm. Çünki “Allah yoxdur” deyən insanların özləri Allahın cəhənnəmi niyə yaratdığını, yaratdığı qullarını niyə orada yandırmaqla hədələdiyini və s. deyərək belə bir Allaha inanmadıqlarını söyləyərlər. Bu sözləri ilə də özlərinin deist və ya ateist düşüncələrinin təməlində, əslində, Allahın varlığı olduğunu ifadə etdiklərinin fərqində deyillər. Çünki onlar yaşam tərzlərinə məhdudiyyət qoyulmasını istəmirlər. Bunun üçün onlar bir çox bəhanələrin arxasına gizlənərək hansısa pis bir əməlin qarşılığında onları cəzalandırmaqla hədələyən bir rəbbi inkar etmə yolunu seçirlər. Beləcə, psixoloji olaraq özlərini azad hiss etmək istəyirlər.

      Hər bir insanın daxilində Allah inancının varlığı həqiqət olmaqla bərabər, bəziləri onu inkar edir, bəziləri ona ortaq qoşur, bəziləri də ona inandığını söylədiyi halda əmrlərinə uymur. Ancaq həqiqət bundan ibarətdir ki, heç bir ilah tanımadığını söyləyənlər belə ən çətin anlarında Allaha yalvarmaqdan başqa çarə tapmırlar. Cahiliyyə dövründə Kəbəni yıxmağa gələn Əbrəhənin ordusundan qurtulmaq üçün bütlərə sitayiş edən müşriklərin bütlərə yox, Allaha yalvarmağa başlaması bunun ən açıq nümunəsidir. Yenə İsra surəsinin 67-ci ayəsində bunun belə olduğunu daha dəqiq müşahidə edirik:

      “Sizə dənizdə bir çətinlik üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətdən) üz döndərirsiniz. İnsan nankordur!”

      Ümumiyyətlə, insan oğlu günlük həyatında Allaha yer vermək istəməz. Ancaq ölümlə üz-üzə gələndə istər-istəməz bütün həyatı bir film kimi gözünün önündən keçər. Əlbəttə, həyatı boyunca işlədiyi, ilahi rizaya uyğun olmayan bütün söz və felləri yadına düşəndə ölümə hazır olmadığını anlayar; bütün qəlbiylə Allaha yalvarmağa başlayar. Əgər bu bəladan qurtularsa, bundan sonrakı həyatını Allahın istədiyi formada yaşayacağına dair duasında söz verər. Bu barədə Yunus surəsinin 22 və 23-cü ayələrində belə buyurulur: “Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidq-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Onları xilas edincə (dediklərini unudaraq) yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız. Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”.

      Yuxarıda verilən hər iki ayədən anlayırıq ki, çətin anında Allaha yalvaran insan təhlükə sovuşduğu zaman köhnə fikir və əməllərinə geri dönər. Bunun belə olmasının ən böyük səbəbi insanın Allahı tam olaraq tanımamasıdır. Buna görədir ki, Məkkədə enən ayələrin bir çoxu ibadətlə yox, imanla əlaqəli ayələrdir. Bu baxımdan Məkkədə enən İxlas surəsi bunun ən açıq nümunəsidir. Bu surənin ilk ayəsində belə buyurulur: “Söylə! O Allah birdir!” Yəni ey insanlar, sizin inanmanız tələb olunan Allah təkdir. Onun şəriki yoxdur, çünki şəriki olan varlıq zəif və başqasına möhtacdır. Bunun üçün ikinci ayədə: “Allah möhtac deyildir!” buyuraraq  onun heç bir şeyə möhtac olmadığını bildirir. Sonsuz güc və qüdrətə sahib olan bir varlıq, əlbəttə, yaradılan heç bir şeyə bənzəməməlidir. Dolayısı ilə yaratdıqları, onun öz cinsindən də bir varlıq olmamalıdır. Buna görədir ki, sonrakı iki ayədə belə buyurulmaqdadır: “O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri yoxdur!”

      Bir insan İxlas surəsində buyurulduğu üzrə, heç nəyə möhtac olmayan, hər şeyin ona möhtac olduğu, tayı və bənzəri olmayan Allaha xalis bir şəkildə iman etsə, mütləq surətdə onun  əmr və qadağalarına riayət etməyə çalışacaqdır. 

      • Hits: 148 clicks

      Tecox component by www.teglo.info