t.f.d Abbas QURBANOV- İman Fədaisi

      Share

      İman - ağılın nuru, şüurun cilası və qəlbi duyğuların ahəngidir. Bu fani aləmdən əbədi aləmə səadətlə keçid ancaq imanın rəhbərliyi ilə mümkündür.

      İman rəhbərləri isə - peyğəmbərlər, ilahi kitablar və onların göstərdiyi istiqamət üzrə qəlbi həyatlarını tənzim edən Haqq dostlarıdır. Tarix boyunca peyğəmbərlər, vəlilər və əməlisalehlər ancaq iman vəcdi ilə yaşana biləcək fəzilət təzahürlərinin canlı misalları olmuşlar.

      İman ilahi bir lütf, imtahan imanın sağlamlıq dərəcəsini ölçən bir meyar, mömindən gözlənən səbir və təslimiyyətlə imanı mühafizə isə ilahi mükafatlara nail olmanın qarşılığıdır. Yəni Allah-Təala lütf etdiyi iman nemətinin ucalığını və dəyərini dərk etdirmək üçün sanki bəndələrindən bir əvəz tələb edir.

      “Allah möminlərdən mallarını və canlarını onlara (veriləcək) cənnət qarşılığında satın almışdır...” (ət-Tövbə, 111) ayeyi-kəriməsi də bu həqiqətin bariz bir nümunəsidir.

      Bu səbəbdən ilahi rizanı qazanmaq üçün Haqqın tələb etdiyi əvəzləri (can, mal-mülk, var-dövlət və s.) sevə-sevə Onun yolunda fəda etmək imanın kamilliyinə vəsilədir.

      Həyat imtahanının bütün məşəqqət və çətinliklərinə riza və təslimiyyətlə sinə gərərək Allah və Rəsulunun yolunda addımlamaq möminlərin ən mühüm iman xüsusiyyətidir. Hər mömin iman nemətinin əvəzini Haqq-Təalaya ödəmək məcburiyyətindədir. Çünki əvəzi ödənməyən hər hansı bir şeyə sahib olmaq iddiasına düşmək və ya ödənməyən bir əvəzi tələb etmək faydası olmayan bir məşğuliyyətdir.

      İmanın ən yüksək zirvələrini möminin fəth etməsi saleh əməl dediyimiz Allah rizasını qayə edən niyyət, ibadət və davranış qaydaları ilə yaşamasına bağlıdır. Buna görə də Qurani-Kərimdə və hədisi-şəriflərdə iman və saleh əməl, ümumiyyətlə, birlikdə zikr edilmişdir. İman nəzəriyyə ilə deyil, duyulub hiss edilən, qəlbə həkk olunan və nəticədə davranışlarda əks etdirilən həqiqətlər ilə yaşanır. Kainatdakı ilahi qüdrət axınlarını təfəkkür etməsi və ibadətləri layiq olduğu şəkildə tam varlığı ilə qəlbən yerinə yetirməsi nəticəsində mömin imanın həqiqi həzzini dadar və həyatında fəzilət dolu saysız-hesabsız xoşbəxtliklərə nail olar.

      İmanı bizə öyrədən Allah Rəsulunun (s.ə.s) və bu nemətin bu günə qədər gəlib çatmasında xidməti olan əməlisaleh möminlərin bu uğurdakı səbir, dözüm, mətanət, fərasət, fədakarlıq və əzmlərini göstərən saysız-hesabsız nümunələrdən biri belədir:

      “Hz. Ömər (r.a) xəlifəliyi dövründə ilk müsəlmanlardan olan Habbab bin Ərətə (r.a):

      - Allah yolunda çəkdiyin işgəncələrdən bizə bir az danışarsanmı? - deyə müraciət etdi.

      Bunun müqabilində Hz. Habbab:

      - Ey möminlərin əmiri, kürəyimə bax!- dedi. Onun kürəyinə baxan Hz. Ömər:

      - Ömrümdə belə bərbad, eybəcər şəklə salınmış insan kürəyi görməmişdim, - deyərək heyrətləndi. Habbab (r.a) sözünə belə davam etdi:

      - Kafirlər tonqal qalayıb məni çılpaq şəkildə üzərinə uzandırardılar. Od ancaq bədənimdən əriyib axan yağlarla sönərdi”. (İbn Əsir, Usudul-Ğabə, II, 115)

      Müşriklər odla qızdırdıqları daşları Hz. Habbabın kürəyinə yapışdırardılar. Bu işgəncənin şiddətindən mübarək səhabənin dərisi yanar, əti əriyib tökülərdi. Buna baxmayaraq, yenə də kafirlərin istədikləri sözləri deməzdi. (İbn Əsir, Usudul-Ğabə, II, 114)

      Məhz imanın lütf etdiyi “vüslət” həyəcanı bütün dünyəvi iztirabları yox edirdi.

      Habbab bin Ərət (r.a) belə anladır:

      “Bir gün Allah Rəsulu Kəbənin kölgəsində ikən yanına gedib ona müşriklərdən gördüyümüz işgəncələri şikayət edərək anlatdıq. Arxasından da bu işgəncələrdən xilas olmağımız üçün Allahdan yardım diləməsini xahiş etdik.

      O da bizə belə buyurdu:

      “Sizdən əvvəlki nəsillər arasında da yaxalanıb quyuya atılan, sonra mişarla başdan-ayağa ikiyə bölünən və dəmir daraqlarla ətləri dırmıqlanan, amma yenə də dinindən dönməyən möminlər olmuşdur. Allaha and olsun ki, O, bu dini tamamlayacaq, hakim edəcəkdir. O dərəcədə ki, bir adam Allahdan və qoyunlarına canavar hücumundan başqa bir qorxu duymadan Sənadan Hadramövtə qədər əmin-amanlıq içərisində gedib-gələ biləcəkdir. Lakin siz səbirsizsiniz!..” (Buxari, Mənaqibul-Ənsar, 29; Mənaqib, 25; İkrah, 1; Əbu Davud, Cihad, 97/2649)

      Ümumiyyətlə, iman quru bir iddia deyil. İman mömin qəlbinin səviyyəsinin və kamalının şahididir; əlaməti də fədakarlıqdır.  İman bir əbədiyyət sərmayəsi  olduğuna görə  mühafizə  edilib qüvvətləndirilməsi uğrunda tarix boyunca neçə-neçə canlar fəda edilmiş, dözülməz işgəncə və məşəqqətlərə qatlanılmış, Allah üçün misli görülməmiş fəzilət və qəhrəmanlıqlar göstərilmişdir. Bu gün də hər şeydən çox imanı bu sevgi və şövq ilə yaşama həyəcanına ehtiyac vardır.

      • Hits: 127 clicks

      Tecox component by www.teglo.info