Eldar KƏRİMOV- PUL SƏSİ

      Share

      Zamanı insanlığa bəxş edənə zaman ayırmaq son zamanlar insanların ən böyük probleminə çevrilib.

       Texnologiyanın sürətlə inkişafı, demək olar ki, zaman və məsafə anlayışını ortadan qaldırmaqla yanaşı, yeni bir zamansızlıq məfhumunu da ortaya çıxarıb. İnsanlar ən çətin işlərini belə ən son texnoloji yeniliklərlə qısa bir zaman kəsiyində icra edə bilsələr də, geridə qalan zamanlardan düzgün istifadə edə bilmirlər. Zaman məfhumu dəyərsiz əməllərlə dəyərsizləşdirilib. İnsanların qarşısına yaşaması üçün o qədər problemlər qoyulub ki, həyatın əsas hədəf və məqsədləri kənarda qalıb. Sanki hər şey insanı Allahdan uzaqlaşdırmaq üçün planlaşdırılıb.

      Din və dindarlıq qarşısında açılan informasiya savaşında, çox təəssüflə qeyd etməliyəm ki, müsəlmanlar yox, onların qarşısındakı qüvvələr zəfərə hazırlaşır. Media üzərindən aparılan manipulyasiya işində bir çox uğurlara imza atılıb. Belə ki, media vasitəsi ilə  İslam dininə qarşı aparılan məqsədli təbliğat motoru müsəlman cəmiyyətindəki fərdlərin belə beyninə islamafobiya toxumu əkməyə qadir olub. Bu gün İslam dininin mənsubları arasındakı fikir ayrılıqlarına gətirib çıxaran daxildən parçalama siyasəti də uğurla həyata keçirilir. Bu hadisədə ürək ağrıdıcı məqam da ondan ibarətdir ki, müsəlman fərdlər fərqində olmadan bu kirli oyunun aktiv fiqurlarına çevrilirlər.

      Bütün bunların baş verməsinin səbəbi də fikrimcə çox sadədir. İnsan əgər doğru bildiklərinin arxasından getməzsə, yanlış bildikləri onun yol yoldaşına çevrilər. “İstiqaməti bəlli olmayan gəmi əsən küləyin əmrinə tabe olar” kəlamına uyğun olaraq da deyə bilərik ki, qəlbində həqiqi Allah inancı formalaşmayan, ehsan ruhu ilə təfəkkür edə bilməyən insanların istiqaməti müəyyən müddətdən sonra pul, vəzifə və məşhurluq uğruna tamamilə dəyişir. İnsanlarda daha çox qazanıb, daha çox yemək ehtirası qazandıqlarını ehtiyac sahibi insanlarla daha çox paylaşma duyğusunu üstələyir. Fərdi ehtiyaclar ictimai ehtiyacların qarşısına keçir. Bütün bunların nəticəsi olaraq da, insan o zaman ayılır ki, qəlbində nə zərrə qədər Allah qorxusu, nə də yaxşı əməllərə istiqamətləndirəcək iman gücü qalıb. Bunun kimi müsibətlə qarşı-qarşıya qalmamağın yolu isə əlin karda, könlün yarda olmasına bir ömür boyu diqqət etməkdir. Həyatını səni Allahdan uzaqlaşdıranlarla yox, Allaha yaxınlaşdıranlarla zənginləşdirməlisən. Çünki Allaha yaxınlaşmaq yaxşılığa, yaxşı əməllərə, yaxşı insanlara, yaxşı həyata və yaxşı qazanca yaxınlaşmaqdır. Bu dövrün Latına, Uzzasına, Mənatına uymadan həqiqət axtarışında olub, bütün fikri Ona fokuslamağın əhəmiyyətini özündə ehtiva edən bir hekayə ilə mövzunu yekunlaşdırmaq istəyirəm:

      Kəndli bir gənc əkinçi həyatında ilk dəfə Nyu-Yorka gedir. Göydələnlərin yüksəkliyi və insanların çoxluğundan çaşıb qalır. İnsanların çox olduğu bir bulvarda gəzərkən, qulağına tanış bir cırcırama böcəyinin səsi gəldiyini zənn edir. Dayanır və diqqətlə dinləyir! Bəli, bu bir cırcırama böcəyi idi! Səs böyük bir mağazanın önündəki gül  kollarının arasından gəlirdi sanki. Buna görə də bu böyük gül kollarına yaxınlaşıb baxmağa başlayır. Mağazadan bir  vəzifəli şəxs çölə çıxıb: “Necə kömək edə bilərəm?” - deyə soruşur. “Xeyr, təşəkkür edirəm, - deyir gənc adam. - Sadəcə burada bir cırcırama böcəyinin səsini eşitdim”. “Xeyr, - dedi vəzifəli şəxs. - Belə şeylər Nyu-Yorkda tapılmaz”. Kənddən gəlmiş gənc əkinçi cırcırama böcəyini tapana qədər səsi izləməyə davam edir, onu tapır, əlinə alır və: “Bəli, deməli buradasan!”- deyir.

      Kənddən gəlmiş gənc əkinçi bu kolun qarşısından hər saat minlərlə insan keçməsinə baxmayaraq cırcırama böcəyinin səsini duyan bir tək özünün  olmasına çox təəccüblənir. Bunun üzərinə kiçik bir sınaq etməyə qərar verir. Əlini cibinə atıb bir qəpik çıxardır və havaya atır. Pulun səkiyə dəydiyi anda, yerə düşən pulu axtarmaq üçün hərəkətdə olan 24 piyada dayanır!

      Psixoloqlar gənc adamın şahid olduğu hadisə üçün bir tərifdən istifadə edirlər. Buna “duyğuların seçimi”  deyilir və müəyyən şeyləri görmək və müəyyən səsləri eşitmək üçün insan öz-özünü  öyrədir, deməkdir.

      Buradan da belə aydın olur ki, insanın Allahla birliyi ona ayırdığı vaxt və diqqətdən asılıdır. Nəticə olaraq, göy üzünə baxıb quşları incələyin, çiçəklərə baxıb çiçəkləri... Uşaqlara baxıb saflıqlarını, gözəlliklərini incələyin, ağaclara baxıb budaqlarını, yarpaqlarını... Heyvanlara baxıb təbiiliklərini incələyin, insanlara baxıb gözəlliklərini (mütləq gözəl tərəfləri vardır )...

      Qavradığınız yalnız pul səsi olmasın!!!

       

      • Hits: 144 clicks

      Tecox component by www.teglo.info