Adem ŞAHİN- YUXU-NAMAZ

      Share

      Namaz və yuxu deyəndə ilk anda bir-birinə zidd iki qütb kimi görünür.

       Yuxunu nəfs, namazı isə ruh tələb edir. “Namazda keçən vaxtın artırılması, yuxuda keçən zamanın isə azaldılması lazımdır” kimi ilkin düşüncələr bir anda film lenti kimi ağlımdan keçir...

      Namaz olmasaydı insanın yuxusu olardımı? Əlbəttə, olardı! Dünyada milyardlarla insan var ki, namazı yoxdur, amma yatmağa davam edir. Bəs yuxu olmasaydı namaz olardımı? Bu sualın cavabı daha dəqiqdir: yuxusu olmayanın namazı olmaz; yatmamaq mələklərə xas bir xüsusiyyətdir.

      Dondurma ilə süd arasında nə cür bir əlaqə varsa, namaz ilə yuxu arasında da eynisi var. Namaz və yuxu bir-birini yox etmək istəyən iki düşmən kimi qəbul edilməməlidir. Yatsı namazını qıldıqdan sonra yatağa belə gedə bilmədən səccadənin üstündəcə uzanmaq və ya gecə ibadətini etdikdən sonra təkrar yatağına uzanaraq yuxuya qaldığın yerdən davam etmək bir-birini tamamlayan ləzzətlərdir. Biz “içki bütün pis işlərin anasıdır” deyirik. Adam da var, anasını bir tənha küncdə tərk edərək keflənməyə gedərkən, bir tərəfdən də “ana kimi yar olmaz...” deyə arsız-arsız dişini ağardır. Belə insanlar namaz ilə yuxu arasında var olan, bir-birini tamamlayan ləzzəti anlaya bilməzlər!

      Sübh namazına qalxmamağın və yatsı namazını qılmamağın zahiri səbəbi yuxu və yorğunluqdur. Namaz qılmamaq üçün ən mühüm səbəb olaraq yuxu və yorğunluq göstərildiyi üçün bəzən yuxu və namaz bir-birinə zidd görünə bilir. Halbuki çörək və su necə bir nemətdirsə, yuxu da hər gün ehtiyacımız olan bir nemətdir. Bir insan çörək yemədən yaşaya bilər, amma yatmadan əsla!

      Nəbə surəsinin 9-cu ayəsində “biz sizin üçün yuxunu dincəlmək/səssizlik/fasilə olaraq yaratdıq” deyə buyurulmaqdadır. Yuxu – dincəlmək və səssizlik deməkdir. Namaz da dincəlmək və səssizlik deyilmi?! Siz heç ibadət vaxtı məscidin içində gurultu-patırtı eşitdinizmi?! Milyonlarla hacı Kəbə ətrafında imamın “Allahu əkbər” deyən təkbir səsindən başqa heç nə eşitməz! Nəbə surəsinin 9-cu ayəsində keçən “subətən” kəlməsi eyni zamanda ara vermək, fasilə vermək mənasına gəlir. Yatmaq yaşanan duyğu və düşüncə halının kəsilməsi, fasilə verilməsidir; yatmaq dünyanın qəm-kədər və qaçaqaçına ara verməkdir.

      Acılar içində qıvranan xəstə və ya yaxınını itirən kimsə yatarsa, rahatlayar. Yaxşı ki xəstələr, dərdlilər, borclular, qocalar və körpələr yatırlar. Heç yatmadan dursaydılar halları necə olardı?! Yuxu olmadan böyümək, özünə gəlmək, rahatlamaq mümkün deyil. Yuxu da eynilə su kimidir: suyun alternativi ancaq su, yuxunun da alternativi ancaq yuxudur.

      Sübh azanında “namaz yuxudan xeyirlidir” ifadəsi hər gün iki-iki təkrarlanaraq deyilir. Bir ildə 730 dəfə səsləndirilməsinə baxmayaraq, bəlkə də yuxu sərsəmliyindən olar, bu söz yaxşı başa düşülməmişdir. “Namaz yuxudan xeyirlidir” cümləsində “yuxu xeyirsizdir, pisdir...” deyilmir. Yuxu da namaz kimi xeyirlidir, amma namaz xeyir yönündən yuxudan daha üstündür, deyilir. İnsanın bütün duyğu orqanlarının fəaliyyətini müvəqqəti olaraq durdurmasına bioloji yuxu deyilir. İnsanın ağıl və məntiqinin fəaliyyətdən kənarda qalaraq oyun-əyləncəyə dalmasına və həqiqətləri görməməsinə isə qəflət, ya da qəflət yuxusu deyilir. İnsanın Allahdan daha çox əhəmiyyət verdiyi hər şey onun qəflət yuxusunda olduğunun göstəricisidir. Pul-para, mövqe-məqam, yemək-içmək və ehtiraslar yeri gələndə Allah üçün qurban verilməlidir.

      Ey namaza qalxmayaraq yuxusuna məğlub olan nəfsim! Namaz yuxudan daha xeyirlidir! Ey pula-paraya, ticarətə dalaraq unudan nəfsim! Namaz ticarətdən daha xeyirlidir! Ey internetə, futbola, konsertə dalaraq Allahı unudanlar! Namaz hər şeydən daha xeyirli və gözəldir! Namaz bioloji yuxudan və qəflət yuxusundan, əlbəttə, daha xeyirlidir. Namaz və yuxu, hər ikisi də insanı yaşadığı fiziki və zehni mühitin xaricinə götürür. Ələddin və uçan xalçasını sadəcə fiziki olaraq düşünmək lazım deyil; namaz və yuxu şəxsə məxsus mənəvi xalçadır.

      Hədisi-şərifdə əsəbi və hirsli halda ikən namaz qılınmaması tövsiyə edilmişdir. Gözəl bir yuxu üçün də əsəb və gərginlik olmamalıdır. Yuxudan əvvəl duş qəbul edilsə, yaxud dəstəmaz alınsa, bu, adamı rahatlaşdırar. Namaza girmək üçün də dəstəmaz ilə təmizlənmək şərtdir.

      Yuxunun ləzzətini kabuslar, namazınkını isə vəsvəsə pozar. Namaz hər yerdə qılına bilər; yuxu da gəldiyi zaman nə döşək istər, nə də yastıq.

      Həyat bir məktəbdirsə, namaz və yuxu onun dərs aralarında verilən tənəffüs kimidir.

      Həzrət Əlinin “mən namazda ikən oxu çıxardın!” deməsi ilə əməliyyatdan əvvəl narkoz verilərək yatızdırma arasında heç bir fərq yoxdur.  

      Yaxşı ki, namaz və yuxu var; bu ikisi ilə dünyanın qəliblərinin xaricinə çıxaraq yaşamaq, şablonları pozmaq necə də gözəldir! Namaz və yuxu dünyanın qəliblərinin xaricinə çıxmaq üçün halal edilmiş iki yoldur.

      Namaz və yuxunun başqa dünyalara aparmaq, yaşanılan andan uzaqlaşdırmaq funksiyasını içki və narkotik də qismən yerinə yetirir, amma neqativ yollarla, zərər verərək!

      Allahım! Namazı və yuxunu gözəlləşdirmək mövzusunda aciz qalmaqdan, namazın və yuxunun dadını ala bilməməkdən, namazı və yuxunu israf etməkdən sənə sığınıram!

      Yuxusuzluq adamı sərsəmləşdirirsə, gör namazsıqlıq nə hala salar?!..

      • Hits: 132 clicks

      Tecox component by www.teglo.info