Firdovsi HƏSƏNOV- LOVĞALANMA, İNSAN OĞLU!

      Share

      Ən böyük düşmən bizim içimizdə olandır, yəni nəfsimizdir. Balaca-böyük hər kəsin içində nəfs var.

       Kim olursa-olsun haqqı, doğrunu deyən hər kəsi qəbul etmək lazımdır. Təkəbbür və lovğalıq içində Allahı unudub yolumuzu azmamaq da öz əlimizdədir. Hər zaman deyildiyi kimi: əlimizdə olanların qədrini bilək!

      Bu yaxınlarda sosial şəbəkələrin birində maraqlı bir video ilə qarşılaşdım. Videonun məğzi təkəbbürlə bağlı olduğuna görə çox yaxın bir tanışımın şəxsən başına gələn bir hekayə yadıma düşdü. Həmin görüntülərə baxanda lap məəttəl qaldım. Video Qərb ölkələrinin birində çəkildiyindən mənim diqqətimi daha çox çəkdi. Çünki eyni ssenari mənim həmin yaxından tanıdığım adamın, məhz Tacəddin kişinin  başına gəlmişdi.

      Tacəddin kişi Sovet hökumətinin vaxtında çox yaxşı tanınmış kolxoz sədrlərindən biri olub. Özünün danışdığına görə, çox təkəbbürlü, eqoist, lovğalığı ilə tanınan bir insan olub. Onun həyatını alt-üst edən də məhz elə o təkəbbürü olub. Uzun illər bundan əvvəl kolxoz sədri işləyən vaxt işçilərindən biri onun qəbuluna gələrək ehtiyacı olduğu üçün pul istəyir. Lakin pulu verməməklə bərabər, Tacəddin kişi onu acılayaraq otaqdan qovur. Üstündən təxminən üç gün keçəndən sonra Tacəddin kişi evə getmək üçün idarədən ayrılır. Maşına yaxınlaşmağa az qalmış, necə olursa, portmanatı yerə düşür. Bu məqamı uzaqdan görən həmin işçi orada olduğu üçün portmanatı götürür və ona vermək üçün maşınına yaxınlaşır. Tacəddin kişi onun yaxınlaşdığını görərək zənn edir ki, yenə pul istəyəcək, ona görə də pəncərəni qaldırır. Həmin adam israrla pəncərəni açması üçün pəncərəni döyür. Bundan əsəbiləşən Tacəddin kişi pəncərəni açaraq yenə onu acılayır. Bütün bu olanlar qarşısında susan həmin adam portmanatı ona uzadaraq oradan ayrılır. Portmanatın özünün olduğunu görən Tacəddin kişi çox da düşünmədən onu yan oturacağa qoyaraq oradan ayrılmaq üçün yola çıxır. Təxminən bir neçə kilometr gedəndən sonra bütün bu olanlar onun gözünün qabağından anidən bir kino lenti kimi keçir. Necə böyük bir səhv etdiyini düşünərək elə bil şoka düşür, maşın hərəkətdə olduğu halda əlini sükandan buraxır və əlləri ilə üzünü tutur. Elə bu vaxt idarəetməni itirərək qarşıdan gələn yük avtomobili ilə toqquşur. Xoşbəxtlikdən heç bir həyati təhlükəsi olmur. Təxminən on-on beş gün xəstəxanada müalicə alır. Xəstəxanadan çıxandan sonra yaşadığı travma və sağlamlığının işləmək üçün əlverişli olmaması onun işindən ayrılması ilə nəticələnir. Özünün danışdığına görə, bəlkə də,  qəza nəticəsində sağ qalmasının bir nömrəli səbəbi onun o insana qarşı hiss etdiyi peşmançılıq hissi olub.

      Uzun illərdir yaşadığı təkəbbür dolu həyatın peşmançılğından əziyyət çəkən Tacəddin kişi yalnız namaz qılmağa başlayandan sonra rahatlıq tapdığını mənə xüsusilə qeyd edərək dəfələrlə vurğuladı. “Mən rahatlığı, xoşbəxtliyi yalnız Allahı tanıyandan sonra tapdım!”- deyən Tacəddin kişinin bir neçə insanın Allahı tanımağa başlamasına, namaz qılmasına vəsilə olduğunu da qeyd etmək yerinə düşərdi.

      Lovğalıq və təkəbbürün nə dərəcədə pis bir xüsusiyyət olduğu Qurani-Kərimdə də belə ifadə edilib:

      “Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!” (ən-Nəhl, 23)

      Unutmamaq lazımdır ki, həyatımızda yaşadığımız hər bir hadisədən dərs çıxarmalıyıq. Təhlükəli bir davranış olan kibir  insanlar arasında kin doğurar. Həyatda yaşanan bütün hadisələr bu həyata baxış tərzimizi tamamilə döndərmək qabiliyyətinə malikdir. Təkəbbürü ilə lovğalanan insan həm ətrafında, həm də cəmiyyətdə sevilməz. Çünki belə bir insan hər kəsə üstdən-aşağı baxar. Kibirli olmaq İslamda da nəfs tərbiyəsi və qəlbi yüksəliş üçün ən öndə gələn nüanslardandır. Çünki kibir bütün yaxşılıqlara əngəldir və pis olan hər bir şeyə açardır.

      • Hits: 117 clicks

      Tecox component by www.teglo.info