Həzrət Peyğəmbər (S.Ə.S.)-In Qeyri Müslimlərlə Münasibəti / Dr. Rafiz MANAFOV

      Share

      İslam dini digər dini qrup və etiqadların arasında yaranıb böyümüşdür. Qurani-Kərim dəfələrlə yəhudi və xristianlardan bəhs etmişdir. Təxminən bir əsr sonra (m. 711) müsəlmanlar hinduist və buddistlərlə tanış oldular.

       Bu mənada müsəlmanların digər dinlərlə bir yerdə yaşama təcrübəsi çox zəngindir. Bu məsələ xüsusilə son dövrlərdə əhəmiyyət kəsb edərək həm ictimai həm də teoloji səviyyəyə çatmışdır. Bəşəriyyətə göndərilən bütün dinlərin, fərqli şəkil və metodlarla da olsa, əsas məqsədi insanlara başlıca prinsip olaraq tövhid etiqadını çatdırmaq olmuşdur. Özündən əvvəlki ilahi mesajları təsdiqləyərək, ancaq eyni zamanda bu silsilənin son və ən mükəmməl halqası funksiyasını meydana gətirən İslam dininin də, müasir dövrdə fərqli din və mədəniyyətlərlə əlaqə qurması son dərəcə təbii bir hadisədir. Bu mənada İslam Peyğəmbərinin əhli kitap hesab olunan yəhudi və xristianlarla olan münasibətini müəyyənləşdirmək çox əhəmiyyətlidir.

      Həzrət Peyğəmbər (s.ə.s) risalətinin ilk günlərindən etibarən təbliğ etdiyi dinin özündən əvvəlki peyğəmbərlərin davamı və hətta yenidən canlandırılması olduğunu bildirirdi. O, özünə verilən risalətin İbrahimi dinlər içərisində eyni müstəvidə olduğunu bilirdi. Eyni zamanda Peyğəmbər (s.ə.s) özündən əvvəlki kitabların səmavi (yəni ilahi mənşəli) olduğuna və peyğəmbərlərin də bu kitabları vəhy vasitəsilə aldığına inanırdı. Buna görə də tərəddüdsüz olaraq Hz. İbrahim, Hz. Musa və Hz. İsanın, eyni zamanda İncil və Tövratda adı çəkilən diğər peyğəmbərlərin də özü kimi peyğəmbər olduğunu qəbul edirdi. Digər din mənsubları ilə ictimai və sosial əlaqələr qurmağa çalışmış, Mədinədə İslam dövlətinin qurulmasından sonra onlar üçün siyasi, hüquqi və dini haqlar müəyyənləşdirmişdir. 

       

      Hüquqi baxımdan münasibətlər və Mədinə müqaviləsi

      Mədinə Peyğəmbər (s.ə.s)-in hicrətindən sonra müsəlman, yəhudi, xristian və bütpərəst insan qruplarını əhatə edən kosmopolitik bir xarakterə sahib idi. Peyğəmbər (s.ə.s) başda yəhudilər olmaqla diğər qeyri-müslim qruplarla görüşərək Mədinəni şəhər dövləti halına gətirməyi qərara almış və bu qərarı yazılı mətn şəklinə salmışdır. Buna ilk konstitusiya demək mümkündür. Bu konstitusiyanın maddələrinə nəzər saldıqda görmək olar ki, burada yəhudi qrupları da müsəlmanlarla həm siyasi həm də iqtisadi baxımdan eyni statusa malikdir. Mədinə müqaviləsi yəhudilərə İslam torpaqlarında azad və sərbəst yaşaya bilmələri üçün “zimmilik” adı altında hüquqi status müəyyənləşdirmişdir.

      Müqavilənin şərtlərindən biri də bu olur ki, əgər müsəlmanlara qarşı hər hansı xarici bir təhlükə baş verərsə, yəhudilər və müsəlmanlar Mədinəni bir yerdə müdafiə etməlidirlər və bu işdə lazım olan maddi xərclər həm müsəlmanlar həm də yəhudilər tərəfindən ödənəcəkdir. “Yəhudilərin dinləri özləri üçün, Müsəlmanların dinləri də özləri üçündür. Bu həm onların din adamlarına həm sıravi vətəndaşlarına aiddir”. Görüldüyü kimi bu müqavilə ilə onlara  muxtariyyət statusu vermişdi. Bu, din və vicdan azadlığının bir dəlili idi. Burada xatırlatmaq yerinə düşərdi ki, Mədinə dövrü müsəlmanların həm iqtisadi həm də siyasi baxımdan güclü olduğu, yəni güclü bir dövlətin mövcud olduğu dövrdür.

       

      Etiqadlarını sərbəst yaşama hüququ

      İnsanları İslama dəvət etmək hər bir müsəlmanın dini vəzifəsidir. Ancaq bu vəzifə zorla və şiddətlə yerinə yetirilə bilməz. Peyğəmbər (s.ə.s)-in bu sahədə izlədiyi metod, insanın ağlına, fikrinə və qəlbinə xitab etmə metodu olmuşdur. Bu metodu o ilahi əmrlə almışdır. Qurani-Kərimdə Hz. Peyğəmbərə hikmətlə, gözəl nəsihət və münasib yolla Allahın yoluna təbliğ etməsini təlqin edən ayələr mövcuddur.[1]

      Bu və buna bənzər ayələr göstərir ki, təbliğ vəzifəsi nə qədər təbii və qanunidirsə hər hansı bir insanı hansısa dini qəbul etməyə məcbur etmək də bir o qədər qanunsuz və qeyri-məşrudur. Çünki Qurani-Kərim tövhidi prinsiplərin hamısını ortaya qoyduqdan sonra, bunları qəbul edib etməməkdə insan iradəsini sərbəst buraxmışdır. Bunu “Lə ikrahə fid-din”(Dində məcburiyyət yoxdur) prinsipi ilə qanuniləşdirmişdir. Həzrət Peyğəmbər (s.ə.s)-dən gələn diğər bir rəvayət məsələni daha da açıqlamaqdadır. Peyğəmbər (s.ə.s) Amr bin Hazmı, əhalisinin əksəriyyətini əhli-kitab təşkil edən Nəcrana vali olaraq təyin edərkən, ona içərisində dini, hüquqi və iqtisadi məsələlərlə bağlı bəzi tövsiyələr olan məktub vermişdir ki, orada qeyd olunurdu: “Yəhudi və xristianlardan kim səmimi şəkildə İslamı qəbul edərsə, o mömin olaraq qəbul edilməlidir. Müsəlmanlara tətbiq olunan hüquqi hökmlər onlara da aiddir. Kim yəhudi və yaxud xristian olaraq qalmaq istəsə onlar da dinlərindən döndərilməməlidir”[2].

      Peyğəmbər (s.ə.s) Mədinəyə hicrətdən sonra bu şəhərdə yaşayan qeyri-müslimlərlə dini, siyasi və hüquqi baxımdan olduğu kimi, bəşəri və sosial məsələlərdə də müəyyən münasibətlər qurmuşdur. Etiqadi məsələlərdə İslami prinsiplərdən zərrə qədər güzəştə getməyən Həzrət Peyğəmbər (s.ə.s)-in insani və ictimai məsələlərdə mehriban münasibət yaratmağa çalışdığına  və bunu da tövsiyyə etdiyinə şahid oluruq. Şübhəsiz ki, bu əsas müsəlmanlara hər yönü ilə nümunə olan peyğəmbərin, ümməti üçün də son dərəcə əhəmiyyətli bir məsələdir.


      [1] Rad 13/40; Şura 42/48

      [2] Muvatta/Ukul 1 (II 849)

       

      • Hits: 949 clicks

      Tecox component by www.teglo.info