155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Alpay AZƏR- Bubu və müharibə

      Share

      (əvvəli keçən sayımızda)

       

       “Görən, o uşaq ölür axırda? Fərhadın statusu pessimist ruhdadı, çox güman, uşaq axırda ölür”.

       Artıq neçə müddətdir, həftədə iki-üç dəfə hökumət qüvvələri Hələb və o biri şəhərlərə təyyarələrdən fosfor, kaset bombaları atır və hər dəfə də uşaqlar ölür. Şüuraltı arzu edirəm ki, bundan sonra Suriyada bombalar atılanda mərmilər bir andaca öz işini görsün: uşaqlar da, böyüklər də can çəkişmədən ağrısız-əzabsız bir anda ölsünlər. Elə bilirəm, bu, onlarçün daha rahat olar. Özümə gələndə, arzuma düzəliş edirəm: uşaqlı-böyüklü, hamıya yüngül qəlpə yarası arzu edirəm, sümüyü, orqanları zədələməyən, azca qan axıdan yara. İdealist olmağım özümə də əcaib gəlir.

      Sonra içi qırmızı rəngdə, yarısı qopmuş başı olan uşağın və onu bağrına basıb hönkür-hönkür ağlayan, sifəti qana bulaşmış atasının şəkli yadıma düşür. Onu da bu yaxınlarda Hələb bazarının bombalanmasından sonra çəkib yayımlamışdılar. Bu uşaq, başı betonun altında qalanla müqayisədə xoşbəxt olub. Qəfil qucağımda oturub “Oynaq topuma” qulaq asan Bubunun yumru, balaca başına baxıb başının yarısı getmiş suriyalı uşağın yerində təsəvvür edirəm, dizim titrəyir bu qaçılmaz təsəvvürdən, oğlumsa qəşş edib gülür, – hərdən onu güldürməkçün dizlərimi titrədirəm deyə, xoşu gəlir bundan.

      Mənimçün ən dəhşətli xəbər doğum evinin bombalanmasıdır. Qəddar səslənsə də, elə bilirəm körpələrin ölümü beş min əsgərin döyüşlərdə ölməsindən daha böyük faciədir. Saytların birində Suriyanın İdlib şəhərində doğum evinə Su-24 təyyarəsindən bomba atılması başlığını görəndə, yumruğumu masaya çırpıb ayağa qalxdım. Otaqda var-gəl etməyə başladım, sonra divara yumruq vurdum. Neçə günüydü ki, Hələbdə, o biri şəhərlərdə xəstəxanaların bombalandığı, xəstə, həkim, - onlarla adamın qətl olunması xəbərlərini oxuyanda, ürəyimə dammışdı ki, göydən atılan o bombalardan biri də doğum evinə düşəcək. Gözümün qabağına beşiklərdən yerə səpələnmiş uşaq meyitləri gəldi. “Xəbəri oxuyum, oxumuyum?” dillemmasının ortasında qalmışdım. “Nə yazacaqlar ki? Bombardman nəticəsində filan qədər həkim, hamilə qadın və körpə öldü”. Nəhayət, oturub xəbər linkini kliklədim. İlahi, necə sevinirdim: gündə üç yüz uşağın doğulduğu bu xəstəxananın həyətinə düşən aviabomba arvadlarının doğmasını çöldə gözləyən iki nəfəri öldürmüşdü, nə uşaqlara, nə də analara xətər dəymişdi.

         Başqa bir gün kompyuterdə Ukraynada gedən beş dəqiqəlik döyüşün videosuna baxıram. Üçmərtəbəli binanın arxasında gizlənən dörd-beş ukraynalı əsgər dayanmadan avtomatlardan ruslara tərəf atəş açır. Fikirləşirəm ki, bu dəqiqə mətbəxdə oyuncaqlarıyla oynayan Bubu səsə gələcək. Elə də olur, saytda baxdığım döyüşün ikinci dəqiqəsində qaça-qaça gəlib çıxır dizlərimin üstünə, gözünü zilləyir monitora. Hər dəfə güllələr şaqqıldadıqca uşaq vəcdə gəlir, başlayır gülməyə və tez-tez çönüb mənə baxır, sanki demək istəyir ki, ekranda gördüyüm o avtomatlardan bizdə də var. Döyüş bitəndən sonra tez qucağımdan düşüb hıqqına-hıqqına məni yataq otağına tərəf çəkir, saytda gördüklərinin davamını istəyir, – əliylə çarpayıdakı oyuncaq Kalaşnikovu göstərir...

      Axşam saat onda anam Rusiyanın ORT kanalında Suriya haqqında reportaja baxır. Baxa-baxa gah Əsədi söyür, gah da ruslarla amerikalıları və televizorda Hələbdə növbəti bombardmandan sonra atalarının qucağında yaralanmış uşaqların ağlamağını görəndə, anam emosiyasını saxlayammır:

      - Ay Allah, belə də dərd olar?! Nə qədər insan qırılar axı? Nə qədər zülm olar axı?! – qəfil çıxış yolu tapır. – Vallah, bu qədər zülmdənsə, ora bir atom bombası atsalar, hamısının canı birdəfəlik qurtarar.

      Təəccübdən qaşlarım yuxarı qalxır, fikirləşirəm, yaxşı ki, arvadım burda deyil, o biri otaqda köynəyimi ütüləyir, hərçənd gözəl başa düşürəm ki, anam sinik və qəddar adam deyil, əcaib istəyini əslində, Suriyadakı adamları zülmdən xilas etməkçün dilə gətirir, yəni səmimidir bu arzusunda. Fikirləşirəm ki, anam niyə bu ölkəyə sülh arzu etmir? Səbəbi tapıram: görünür, o da artıq mənim kimi ümidini itirib və çıxış yolunu atom bombasında görür. Fikirləşəndə ki, Allah eləməmiş, sabah Azərbaycanda da bu cür müharibə olsa, anam eyni şeyi bu ölkə üçün də arzu edə bilər, tüklərim biz-biz olur. Az öncə təəccübdən qaşlarımın yuxarı qalxdığını görən anam öz ideyasını əsaslandırır:

      - Hə də, hər gün o cür zülm, qorxu içində yaşamaqdansa, birdəfəlik ölüb bu dünyadan getmək hamısından yaxşıdı. Bəlkə, düz demirəm?!..

      ...Avqust günüdür, Mədinədə gecə saat ikiyə qalmış Peyğəmbər məscidinin həyətində xalçanın üstünə uzanıb göydəki aya baxıram. “Kaş ki, çoxlu ulduzlar da olaydı”. Ətrafımda minlərlə adam təravih namazı qılır, dua edir, sabahkı oruc üçün niyyət edirlər, bir də, səbirsizliklə sübh namazını gözləyirlər, çünki polislər bu namazdan sonra on minlərlə peyğəmbər (s.ə.s) aşiqinə qəbrini ziyarət etməyə icazə verəcək.

      Birdən yoldaşımın üç saat əvvəl mənə vatsapa yazdıqlarını xatırlayıram: “Orda Allaha dua et, hər ikimizə heç olmasa, 26 il ömür versin ki, Bubunu böyüdüb, oxutdurub toyunu edə bilək”. İkimizin də indi qırx iki yaşımız var, üstünə iyirmi altı il gəlirəm, – altmış səkkiz. “Yox, iyirmi altı il azdı”. Yanımdakı Quranı götürüb sinəmin üstünə qoyuram, Allahdan hər ikimizçün “heç olmasa, otuz beş il” istəyirəm. Sonra köynəyimin cibindən kağızı çıxardıb baxıram, ­– iki gün əvvəl Kəbəni təvaf edərkən, ümmət, Azərbaycan, Ukrayna, Qarabağ, Suriya, qohum, dost-tanışlarla bağlı elədiyim duaları göyə baxa-baxa təkrar edirəm. Bir də dua edirəm ki, Suriyada müharibədə öz bubularının meyitlərini bağrına basan və qədərinə üsyan edən valideynləri Rəhmli Allah bağışlasın!

      • Hits: 321 clicks

      Tecox component by www.teglo.info