127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2017 № 127 İyun Azər İBRAHİMOV- Yay tətilini necə keçirək?


    Azər İBRAHİMOV- Yay tətilini necə keçirək?

      Share

       

      Həvəs sövq eylər insanı həyatə,

      Ətalət cəlb edər şəxsi məmatə. (M.Ə.Sabir)

       

      Tətil əslində ərəbcə “ətalət” sözündən gəlir.  Tətil, “Hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, boş durmaq, tənbəllik” mənalarına gəlsə də, bizim üçün boş vaxt mənasına gəlməməlidir.

      Nəhayət ki, şagirdlərin səbirsizliklə gözlədiyi yay tətili gəldi çatdı. Tətilləri hamımız çox sevirik. Çünki tətil bizim üçün təxirə saldığımız planları həyata keçirə biləcəyimiz, gündəlik qayğılardan uzaq, bütün günü özümüzə həsr edə biləcəyimiz vaxtı ifadə edir.

      Əgər tətili biz “gece yarısına qədər oturmaq, gec yatmaq, ertəsi gün günorta oyanmaq, ardınca səhər yeməyi yeyərək televizor izləmək ya da kompüter arxasında vaxt keçirmək” kimi anlayırıqsa, deməli, biz bu tətil anlayışımızı bir daha nəzərdən keçirməliyik.

      Məgər tətil boş vaxt deməkdir? Boş vaxt məfhumu əsasən işin vacibliyindən və məcburiyyətindən qurtulmaq, azad olmaq mənasına gəlsə də, əslində çox dəyərli, mühüm məsələlərdəndir.

      Şagirdlər 3 ay davam edəcək bu yay tətilini məktəbdən və imtahanlardan uzaq olduqları üçün boş vaxt olaraq qiymətləndirə bilərlər. Əslində isə tətil gözəl şəkildə dəyərləndirməli olduğumuz bir fürsətdir. Həyatın bu anları zəif oxuduğumuz dərsləri gücləndirməli, ötürdüyümüz yerlərə göz gəzdirməli, itirdiklərimizi yenidən əldə etməli olduğumuz vaxtlar olmalıdır...

       Bəs tətili ən ideal şəkildə necə dəyərləndirə bilərik? Yay tətilini səmərəli keçirmək üçün mütəxəssislərin bir sıra məsləhətləri var. Mütəxəssislər bizə tətildə gəzməyi, oynamağı, əylənməyi, amma dərs çalışmağı da unutmamağı tövsiyə edirlər.

      Bu yay tətilini fərqli şəkildə keçirmək üçün aşağıdakılardan birini və ya bir neçəsini edə bilərsiniz:

      1. Muzeyləri gəzin. Yay tətilində görməli yerlərdən başlıcaları muzeylərdir. Milli-mənəvi dəyərlərmizin, xalqımızın tarixi sərvətlərinin sərgiləndiyi muzeyləri gəzməliyik.

       

      2. Qədimi məkanları, məsələn İçəri şəhəri gəzin. Hər kərpicində tariximiz əks olunan küçələri, dalanları, döngələri qarış-qarış gəzməliyik.

       

      3. Quran kursuna yazılın. Yay tətilləri milli-mənəvi dəyərlərimizi öyrənmək, Qurani-Kərim oxumağı öyrənmək üçün çox mühüm fürsətdir. Bu fürsəti dəyərləndirməli, Uca Yaradanımızın bizlərə göndərdiyi kitabı oxumağı öyrənməliyik.

       

      4. Qarabağ və işğal edilmiş digər ərazilərimiz haqqında kitablar, məqalələr oxuyun. Araşdırmalar aparın.

       

      5. Baba və nənələrinizi ziyarətə gedin. Babalarınızın maraqlı əhvalatlarını dinləyin, nənələrinizin ətirli çayından, dadlı təndir çörəyindən yeyin. Yaxşıca istirahət edin.

       

      6. Çərpələng uçurdun. Çərpələnginizin buludlara doğru yüksəlişini, küləyin təsiri ilə etdiyi rəqsi izləyin.

       

      7. Təbiət qoynuna gedin. Ölkəmizin dilbər guşələrini, mənzərəli yerlərini gəzin.

       

      8. Oyun oynayın. Oynayın, amma kompüter oyunları yox. Dostlarınızla oynayacağınız oyunlar həm əyləncəli olacaq, həm də xatirələrinizdə öz yerini alacaq.

       

      9. Velosiped sürün. Lakin avtomobil yollarında, təhlükəli yerlərdə deyil!

       

      10. Ata-ananıza kömək edin. Tədris ilində onlara yardım etmək üçün vaxtınız olmur. Amma tətil zamanı onlara kömək edə bilərik. Təmir işlərində atanıza, ev işlərində ananıza kömək edə bilərsiniz.

       

      11. Kitab oxuyun. Əslində kitab oxumaq tətildə, boş vaxtlarda məşğul olacağımız bir əyləncə olmamalı, hər zaman vaxt ayıracağımız əhəmiyyətli bir fəaliyyət olmalıdır. Ona görə də mütləq kitab oxuyun və bu davranışınızı tətildən sonra da davam etdirin.

       

      12. Yay düşərgələrində iştirak edin. Müxtəlif  təşkilatlar uşaqların yay tətilini maraqlı və səmərəli keçirmələri üçün yay kursları təşkil edirlər. Bu kurslarda iştirak etmək də tətilinizi daha səmərəli və maraqlı keçirməyinizə köməkçi ola bilər.

       

      Bütün bu saydıqlarımla yanaşı, sizin də müxtəlif  planlarınız ola bilər. Yay tətilini həm əylənərək, oyun oynayaraq, həm də öyrənərək və araşdıraraq keçirin.

      Uğurlu tətillər!..

      • Hits: 86 clicks

      Tecox component by www.teglo.info