127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2017 № 127 İyun Rüfət ŞİRİNOV- BAĞIŞLANMAQ ÜÇÜN TƏLƏSİN!


    Rüfət ŞİRİNOV- BAĞIŞLANMAQ ÜÇÜN TƏLƏSİN!

      Share

      Uca Allah bəzi gün və ayları digər vaxtlara nəzərən daha dəyərli və fəzilətli qılmışdır.

       Bu aylardan biri də İslam ədəbiyyatında “on bir ayın sultanı” olaraq qəbul edilən Ramazan ayıdır.

      Ramzan ayı günahlardan qurtulma və bağışlanma ayıdır. Bu ay müsəlmanların baharıdır. Necə ki, bahar fəslində bütün təbiət yenidən canlanır, eyni şəkildə müsəlmanlar da Ramazan ayında etdikləri ibadət, verdikləri sədəqələrlə canlılıq qazanırlar. Həmçinin müsəlmanlar bu ayda günahlardan təmizlənərək yenidən doğulmuş kimi günahsız olma fürsəti əldə edirlər. Allah Rəsulu (s.ə.s) belə demişdir: "Kim fəzilətinə inanaraq və qarşılığını da Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.

       Ramazan ayında daha çox savaba nail olmaq üçün şeytanlar zəncirə vurulur. Yəni müsəlman oruc ibadəti başda olmaqla, digər ibadətlərlə də öz həyatını əhatələndirdiyinə görə şeytan ona müdaxilə edə bilmir. Əlbəttə ki, söhbət sözün əsl mənasında tutulan orucdan gedir. Pəhriz niyyəti ilə və yaxud adət gərəyi tutulan oruc ac qalmaqdan başqa bir şey ifadə etmir.

      Ramazan ayı Allahın mərhəmətinin daha da genişləndiyi, bağışlanma qapılarının sonuna qədər açıldığı, cəhənnəm atəşindən qurtulmaq üçün fürsətlərin təqdim edildiyi mübarək aydır. Bu gözəl muştuluğu Hz. Peyğəmbərimiz (s.ə.s) necə də gözəl ifadə edib. Salman əl-Farisi belə rəvayət edir:

       Rəsuli-Əkrəm (s.ə.s) Şaban ayının son günündə bizə oxuduğu bir xütbədə belə buyurdu: "Ey insanlar, böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başınıza gəldi.

      Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazları qılmağı da tövsiyə etmişdir.

      Bu ayda kiçik-böyük bir xeyir edən insan başqa aylarda bir fərz ibadəti yerinə yetirmiş kimi savab qazanar.

       Bu ayda bir fərzi yerinə yetirmək, başqa aylarda yerinə yetirilən yetmiş fərz yerinə keçər.

      Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbir və dözümlülük göstərmə ayıdır. Səbrin qarşılığı da Cənnətdir.

      Bu ay yardımlaşma ayıdır, bu ay möminlərin ruzisini artıracaq aydır.

       Bu ayda hər kim oruclu bir möminə iftar edəcək bir şey versə, etdiyi bu iş günahlarının bağışlanmasına və Cəhənnəmdən azad olmasına səbəb olar. Oruclunun savabından da heç bir şey azalmadan onun qədər savaba qovuşar.

      Əshabi-kiramdan bəziləri: "Ya Rəsulallah, hamımız orucluya iftar edəcək bir şey tapıb verəcək vəziyyətdə deyilik", - dedilər. Bunun müqabilində Rəsuli-əkrəm (s.ə.s): "Allah bu savabı bir tək xurma ilə, bir udum su ilə, bir qurtum süd ilə oruclu möminə iftar etdirənə də verər", - buyurdu. Sonra nitqinə belə davam etdi:

      “Bu ayın başı rəhmət, ortası bağışlama, sonu da Cəhənnəmdən qurtuluşdur.

      Bu ayda hər kim köləsinin (işçi və ya xidmətçisinin) işini yüngülləşdirsə Allah onu bağışlayar və Cəhənnəmdən uzaq tutar.

      Odur ki, bu ayda bu söyləyəcəyim dörd xüsusa diqqət yetirin. Bunlardan ikisi ilə Rəbbinizi razı edərsiniz, digər ikisindən isə heç bir vaxt ayrı qala bilməzsiniz. Rəbbinizin razılığına səbəb olan xüsusiyyətlərdən biri, kəlimeyi-şəhadətə davam etməniz, digəri də Allahdan bağışlama diləmənizdir. İmtina edə bilməyəcəyiniz iki xüsusiyyətin biri Allahdan Cənnəti istəmək, digəri Cəhənnəmdən Allaha sığınmaqdır. Hər kim orucluya bir qurtum su versə, Allah da ona mənim məhşərdəki hovuzumdan elə bir su içirəcək ki, Cənnətə girənə qədər bir daha susuzluq çəkməyəcək”. (Beyhəqi, Münziri)

      Xülasə, Ramazan ziyafət, zərafət və bərəkət ayıdır. İbadət rəhmət və məğfirət, sağlamlıq, sükunət, əmin-amanlıq və kamillik ayıdır. Verilən nemətlərin qədrini bilib şükür etmək ayıdır. Savab toxumlarının əkildiyi aydır. Xülasə, Ramazan axirətini uman hər bir mömin üçün bərəkət mövsümüdür. Ramazanınız bərəkətli olsun!..

      • Hits: 85 clicks

      Tecox component by www.teglo.info