Home Arxiv 2017 № 127 İyun Səfa MURADOV- BİR HƏDİS


    Səfa MURADOV- BİR HƏDİS

      Share

      عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ، عَنْ أَبِيهِ، عَنْ جَدِّهِ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: كُلُوا، وَتَصَدَّقُوا، وَالْبَسُوا فِي غَيْرِ إِسْرَافٍ، وَلَا مَخِيلَةٍ

      Əmr ibn Şüeybdən (r.ə) rəvayət olunduğuna görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “İsraf etmədən və kibirlənmədən yeyin, (için), geyinin və sədəqə verin!” (Buxari, Libas, 1; İbn Macə, Libas, 23)

      İnsanın sahib olduğu nemətləri lazımsız yerə və həddindən artıq sərf etməsi israfdır. Lüğətdə həddi aşmaq, xəta, cəhalət və qəflət kimi mənalara gələn israf xüsusilə inanc, söz və əməllərdə dinin və ağlın münasib gördüyü ölçüləri aşıb mal və ya imkanların doğru olmayan məqsədlər üçün sərf edilməsidir. Maddi və mənəvi imkanları Allahın insanlara bağışladığı bir əmanət sayan İslam dini bu əmanətlərin Allahın rizasını qazanmaq və insanlara faydalı olan işlər görmək üçün istifadə edilməsini əmr edir. İçki, qumar, zina, rüşvət və s. kimi ictimai və fərdi bəlalar doğuran əməllərə xidmət edən xərcləmələr israfdır və açıq hökümlərlə qadağan edilmişdir. Allah-Təala: “...Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 7/31) – buyuraraq israfın haram olduğunu bildirmiş, “Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra, 17/27) – buyurmaqla da, israf xəstəliyinə tutulanların şeytan ilə olan yaxınlıqlarını xəbər vermişdir. Bundan başqa, Allah-Təala: “Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar!” (Furqan 25/67) – buyuraraq, Allahın özlərindən razı qalmasını istəyən kimsələrin nə israfçı, nə də xəsis olmalarını, istehsal və istehlakda hər cür ifratdan çəkinərək orta bir yol izləmələrini istəmişdir. Bu səbəblə də müsəlman şəxsiyyət lazımsız yerlərə malını xərcləməkdən çəkinməlidir. Çünki malın və mülkün həqiqi sahibi Allahdır. Verən də Odur, alan da. Kainatda olan hər şey Onun tərəfindən müəyyən bir zaman zərfində insana əmanət olaraq verilmişdir. Müsəlman əlindəki malı ehtiyaclarını təmin edən bir vasitə və bir xeyir qaynağı olaraq görməlidir. Bu səbəblə də, əlindəki bu əmanəti ehtiyaclarını qarşılamaq və cəmiyyətin faydasına olan işlərə sərf etmək üçün xərcləməlidir. İnsanın dar bir zaman müddətində sahib olduğu imkanları mənfiliklərdə işlətməsi və həddi aşaraq israfçılıq etməsi əsla qəbul edilməzdir.

                  İsrafdan uzaq durmağın bir çox maddi-mənəvi fayda və hikmətləri vardır. Milli gəlirin ədalətli olaraq bütün fərdlərə paylanması və qiymətlərin tənzimlənməsi əsas faydalardandır. Çünki, israfın istehlakı artıraraq ərz və tələb tarazlığını pozması və qiymətlərin yüksəlməsinə yol açması bilinən bir məsələdir. Unutmamaq lazımdır ki, israf ilahi ədalət tarazlığının pozulmasının adıdır. Yəni dünyanın bir yerində israfçılığın olması, başqa bir yerində aclığın olmasından xəbər verir.

      • Hits: 108 clicks

      Tecox component by www.teglo.info