Zaur ORUCOV- Bir Nöqtə

      Share

      “Nun! And olsun qələmə və yazdıqlarına”.

      Yazını ilk dəfə icad edən və palçıq lövhələrə yazan  Həzrət Adəm peyğəmbər olmuşdur. Nuh peyğəmbərdən sonra hər qövm öz yazısını yazmışdır. Ərəb yazısını öyrənən İsmayıl peyğəmbər olmuşdur. Ərəblər Nəbat yazısını mənimsəmiş,  beləliklə, bu günün xətti əmələ gəlmişdir.

      “Gözəl yazı” və ya “Hüsn-xətt” adlanan   İslam yazısı Quran-Kərimi sevən və ona ehtiram göstərən möminlərin sayəsində ən uca zirvəyə yerləşmişdir.  Qələm və onun yazdıqları bəşər tarixində İslamın zövq oxşayan ruhunu və sənət anlayışını ortaya qoymuşdur. Möminlər hər işinin başlanğıcını Qurana söykəyərək, ondan ilham alaraq başlamışlar. Həyatın hər sahəsində - yazı sənətində,  memarlıq abidələrində,  sənətin hər növündə bunun izlərini görmək olar. İslam dininin elmə, yazı sənətinə əhəmiyyət verməsi ilə hüsn-xəttə olan maraq artmağa və inkişaf etməyə  başladı.

       “Hüsn-xətt cismani alətlərlə meydana gələn ruhani bir həndəsədir”.

      İslam dünyasında ilk kağız hazırlayan müəssisə hicri 178-ci ildə (m.794-95) qurulmuşdur. Bu vaxta qədər Hz. Peyğəmbərin vəhy katiblərinin taxta, sümük və dəri üzərinə yazı yazdıqlarını bilirik. Daha sonra səhabələrin öndə gələn vəhy katibləri Quranın bir kitab halına gətirilməsi fikrinə düşmüş, pərakəndə olan və üzərinə ayə yazılmış Quran nüsxələrini bir kitabda toplamışlar. Həzrət Əli (r.a) başda olmaqla vəhy katiblərinin 27 nəfərlik bir qrup təşkil etdiyi və Qurani-Kərimin bu səhabələrın nəzarəti altında yazıldığı xəbər verilir.  Hz. Osman zamanında yazıldığı güman olunan  Qurani-Kərim əlyazması dəri üzərinə yazılmışdır.

      Fəthlər ilə böyüyən İslam ərazilərində Qurani-Kərimin tilavəti və hüsn-xəttin öyrənilməsi sürətlə yayılmağa başlamışdı. İslam yazısı yerləşdiyi mədəniyyət mərkəzlərinin adı ilə məşhurlaşmağa başladı. İlk dövrlərdə Məkki və Mədəni  adlanan yazılar sonralar - Həzrət Ömər (r.a) və Həzrət Əlinin (r.a) xəlifəlik illərində Bəsri, Kufi və  Əməvilər dövründə Şami adları ilə tanındı. Peyğəmbər məscidinin divarına ilk dəfə Quran ayələrini yazan xəttat Xalid ibn Əbul Həyyac olmuşdur.  Onun davamçıları Əbu Yəhya Malik ibn Dinar və xətt sənətinin böyük ustadlarından olan Qütbətül-Mühərrirdir.

      Belə mübarək şəxsiyyətlərin açdığı cığırı davam etdirən Həmmad əl-Katib, İbn Müqlə, ibn Bəvvab, Yaqut əl-Müstəsimi, Zərrin Qələm, Mirəli Təbrizi və Hafiz Osman kimi xəttatlar  İslam tarixində hüsn-xətt sənətinə ən böyük töhfəni vermiş və bu ənənə hələ də davam etməkdədir. Xəttatlar bu sənətə çox böyük əhəmiyyət verir, yazdıqları ayələrin mahiyyətini bilir  və kimin kəlamını yazdığının fərqində idilər. Xüsusilə Quran xəttatlarının təqib etdiyi bu üsul çox ibrətamizdir: Hisdən əmələ gələn qurumu xüsusi yolla mürəkkəbə çevirər və həmin məhlulu həccə gedən dəvələrin üzərinə bağlayaraq mübarək yerlərin bərəkətini almasını təmin edərdilər. Bununla yanaşı, uzun səfər nəticəsində boya yırğalana-yırğalana tam həll olar və yazı yazılacaq səviyyəyə gələrdi. Xəttatlar qamış qələmin yonqarını əsla atmaz ömrünün sonuna qədər yığardılar. “Öldükdən sonra həmin yonqarları yandırar suyumu onunla isidər külünü də qəbrimə atarsınız”, - deyə vəsiyyət edərdilər. Quranı dəstəmazsıs  tutmaq olar və ya olmaz mübahisələrini edən günümüz insanına rəğmən, keçmiş xəttatlar əsla bir ayəni və ya bir hərfi dəstəmazsız yazmadılar. Bu məktəbin ədəb-ərkanı və ehtiramı indiyədək qorunub saxlanılır.  Hüsn-xətt üçün belə bir gözəl söz  deyirlər:

      Yazı ustadın öyrətməsində gizlidir,

      Qüvvəti çox yazmaqladır,

      Davamı İslam üzrə olmaqladır.

      Hər şey kiçik bir nöqtədən başladı. O nöqtələr birləşdi, böyük bir nöqtə, yəni aləm yarandı. O aləmin kiçik bir nöqtəsi insan yarandı.

       Nöqtə hüsn-xətt sənətində çox önəmli və bir o qədər də ecazkar bir parçadır. Hərflərin ölçüsü, boyu  nöqtə ilə hesablanır.  Çünki hüsn-xətdəki nöqtənin quruluşu Beytullahın, yəni Kəbənin üstdən görünüşü kimidir.

      Hər bir  hərf ölçüsünü, duruşunu və qamətini Kəbənin görünüşündən alır. Həyat düsturunda, boyun ölçüsündə Kəbə olmayan hər bir hərfin dəsti-xətti naqis olmaqdadır.

      • Hits: 196 clicks

      Tecox component by www.teglo.info