Home Arxiv 2017 № 127 İyun Ramil ŞAHVERDİYEV- ORUC


    Ramil ŞAHVERDİYEV- ORUC

      Share

      Oruc, bir şeydən uzaq durmaq, bir şeyə qarşı özünü tutmaq, əngəl olmaq mənalarına gəlir. Fiqh (şəriət) elmində isə oruc, niyyət edərək, fəcrin doğuşundan günəşin batışına qədər insanın bilə-bilə yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq durması şəklində tərif edilməkdədir.

      Oruc bütün peyğəmbərlərə və onların ümmətlərinə fərz qılınmışdır. Eyni zaman da, Hz. Peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə hicrətinin ikinci ilində müsəlman, ağıllı və yetkinlik yaşına çatmış hər bir kişi və qadına  fərz edilmışdır.  Allah (c.c)  Qurani-Kərimdə belə buyurur:

      “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi, sizə də fərz edildi ki, (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz!”[1] buyurmuşdur.

      Allah (c.c)  orucun mütləq bir ibadət olduğunu bildirdiyi kimi, əməl edildikdə savab, tərk edilişində isə cəzasının mütləq olduğunu bildirmişdir. Allah (c.c)  bir qüdsi-hədisində:

      “Adəm oğlunun işlədiyi hər xeyir və savabın əcri on mislindən yeddi yüz mislinə qədər artırılır. Lakin oruc belə deyildir. Oruc sırf mənim rizam üçün edilən ibadətdir. Onun mükafatını ancaq mən verirəm. Çünki qulum yeməsini, içməsini və bütün arzularını (mənim) rizam üçün tərk etmişdir”.[2] İslam dini əmr etdiyi ibadətlərlə Yaradıcı ilə qul arasında sevgi və sayğının yüksəlməsini məqsəd götürmüşdür. Bunun üçün oruc insanların qəlbində incəlik, vicdanlarında təmizlik və paklıq meydana gətirmək surəti  ilə kasıbların və yoxsulların hallarını düşünərək, insanlarda yardımlaşma duyğusunu hərəkətə keçirən mübarək bir ibadətdir. Oruc tutmaqdan məqsəd dini bir vəzifəni ifa edərək Allahın (c.c)  əmrini yerinə yetirməkdir. Bununla bərabər, orucun insan səhhətinə təsiri, əxlaqi və ictimai bir sıra fəzilətləri və hikmətləri var.

      Oruc səhhət qazandırır – mütəmadi olaraq, çalışaraq yorulan mədə və digər həzm  orqanları fəaliyyətlərini azaldaraq dincəlirlər. Necə ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurmaqdadır: “Oruc tutun ki, sihhət tapasınız”[3]

      Oruc, zənginləri şəfqət və mərhəmət duyğuları ilə kasıblara bağlayar – oruc tutmaqla, zənginlər kasıbların halını başa düşər, kibir və qürurdan vaz keçərək onlara yardım edərlər.

      İbni Macənin rivayət etdiyi bir başqa hədisdə Allah Rəsulu (s.ə.s):

      “Hər şeyin bir zəkatı var, vücudun zəkatı da orucdur. Oruc səbrin yarısıdır”,[4]

      “Hər kim Ramazanda fərz olduğuna inanaraq və yalnız Allah (c.c)  rizasını umaraq oruc tutarsa və bu ayı ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar”[5] - buyurmuşdur. Oruc, Allah (c.c)  ilə insan arsında mənəvi bağların yaranmasına zəmin yaradan ülvi bir ibadət və cəhənnəm oduna qarşı ən etibarlı qalxandır. Sevgili Peyğəmbərimiz (s.ə.s) bu mövzuda belə buyurur:“Oruc qalxandır. Sizdən biriniz oruclu olduğu bir gündə pis söz söyləməsin. Savaş etməsin. Ona birisi sataşar və ya söyərsə, - mən orucluyam, - desin”.[6]

      Müsəlman Allah rizası üçün niyyət edərək tutduğu orucu bədəninin bütün üzvlərinə şamil etməlidir. Əgər insan özü oruclu olub, bədəninin digər üzvləri haram və günahlarla məşğul olarsa, bilməlidir ki, Allahın (c.c)  heç bir kəsin ac və susuz qalmasına ehtiyacı yoxdur. Oruclu insan yemək içməkdə olduğu kimi şəhvətdən, qeybətdən, pis sözlərdən, yalan danışmaqdan və digər günah işlərdən də qaçınmalıdır. Hz. Peyğəmbər (s.ə.s) hədisi-şərifində:“Hər kim yalan danışmağı və yalanla əməl etməyi buraxmazsa, o kimsənin yeməsini və içməsini bıraxmasına Allahın heç bir ehtiyacı yoxdur”[7] buyurmuşdur.  O halda hər nə surətdə olursa olsun, pis vərdişlərimizi tərk edib, yaxşı və gözəl davranışlara yönəlməliyik. Oruclu ikən edilən ibadətlərin, verilən zəkat və sədəqələrin, ediləcək xeyir işlərin Uca Allah qatında daha çox qəbul edilə biləcəyini bilməliyik.


      [1]. Bəqərə, 183.

      [2] . Buxari, VI, 300.

      [3]. Tərğib Tərhib, XI, 232.

      [4]. Tərğib Tərhib, XI, 208.

      [5]. Buxari, Savm, 6.

      [6]. Müslim, Siyam, 30.

      [7]. Buxari, Savm, 1775 

       

      • Hits: 76 clicks

      Tecox component by www.teglo.info