127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2017 № 127 İyun Alpay AZƏR- Bubu və müharibə


    Alpay AZƏR- Bubu və müharibə

      Share

      Neçə günüydü hər axşam evdə yaş yarımlıq oğlum Bubuyla (Abdullah) oynayırdım. Oyuncaq avtomat Kalaşnikovu götürüb gizlincə keçirdim yataq otağına, işığı yandırıb çarpayının yanında döşəməyə uzanıb başlayırdım “atəş açmağa”.

       Bubu o biri otaqdan səs eşitcək, qaça-qaça yataq otağına gəlib qapının ağzında dayanırdı, məni görmürdü deyə, çarpayıya tərəf getməyə qorxurdu. Sağ böyrüm üstə uzanıb hərəkətsiz çarpayının altından oğlumun balaca ayaqlarına baxırdım, sakitcə nəfəs alırdım ki, məni axtarıb tapmasın. Dayanıb, mızıldanıb otaqdan çıxırdı. Dəhlizin o başına çatanda, başlayırdım “atəş açmağa”, yenə ayı balası kimi yanlarını basa-basa özünü yetirirdi, bu dəfə ağlamsınırdı, yəni, bəsdi də əsəblərimlə oynadın, görsən görək! Üçüncü dəfə Bubu hikkəsindən qiyyə çəkəndə, o biri otaqda yoldaşımla bir yerdə seriala baxan anam mənə səslənmişdi:

      - Ay yekə uşaq! Niyə ona əziyyət verirsən? Bütün günü biz baxırıq uşağa, atasısan, indi bir az da zəhmət çək, sən nazını çək də, noolar?

      Başa düşmüşdüm ki, hər ikisi rahat seriala baxmaq istəyir, uşaqsa gedib onların yanında ağlamaqla mane olurdu. Nəhayət, ayağa qalxıb hərəkətsizlikdən keyimiş əl-qolumu hərəkətə gətirib “atəş açmışdım”, Bubu gəlib əlimdəki oyuncaq avtomatı görən kimi cummuşdu üstümə...

      “İlk atəş” açılan gündən eyni şeyi təkrar edir: “Güllələr açıldıqca”, avtomatın lüləsi titrəyir, ucundakı qırmızı lampa yanıb-sönür (uşaqlarçün güllələrin imitasiyası) və Abdullah balaca, toppuş əlləriylə tez avtomatın ucundan tutur. Bilmirəm, işığın yanıb-sönməsindən, toxunma zamanı vibrasiyadan, “güllə” səslərindən, yoxsa elə bunların hamısından eyni vaxtda ləzzət alır. Qısası, bir həftədi bu oyun evdə təkrar olunur. Onun avtomatın ucundan tutarkən, qəşş edib gülə-gülə sevinməyindən kefim açılır.

      Hərdən o biri babasigilə aparıram, bir həftə orda qalır. İkicə gün zəng eləməsəm, anası feysdə inboksa yazır ki, uşaq yaman sənin xiffətini çəkir. Soruşuram: “Xiffətini necə bildirir ki? J”. Beş dəqiqədən sonra cavab gəlir: “İnanmırsan heç dünəndən inanma”. Cavabı gec yazmağını özünü güclə “İnanmırsan cəhənnəmə inan” yazmaqdan saxlamağına yozuram.

      Axşam səkkizdə qaynatamgilə zəng edirəm, yoldaşım götürür telefonu, bir-iki sual verirəm. Necə yatır uşaq? Təzə dişi çıxmır ki? (Hər təzə dişi çıxanda uşaq zülüm-zülüm ağlayır). Suallara cavab verəndən sonra deyir: “Bilir ki, sənnən danışıram, bayaqdan əl çəkmir ki, ver telefonu. Atası, danış bununla...”. Anası telefonu uşağa verən kimi, dizimin üstündəki Kalaşnikovdan başlayıram “atəş açmağa”. Pah, elə bil dünyanı verirlər Bubuya, qışqır-bağır-həyəcan, səsi götürür aləmi. “Oğlun telefon əlində o yan-bu yana qaçır, özünə yer tapmır”, – bunu yoldaşım bəkrdən deyir ki, eşidim. Sonra qayınanamın səsini eşidirəm: “İki gündü günorta dayanır qapının ağzında, deyir, ata dəl, dəl, dəl...”. Bu dəfə inanıram: uşaq doğrudan xiffətimi çəkirmiş. Qərara gəlirəm ki, sabah işdən sonra gedib onları evə gətirim.

      Qaynatamgilə çatmağa on dəqiqə qalmış avtobusda yoldaşıma zəng vurub deyirəm ki, artıq çatıram sizə, qapını açıq qoyarsız, iki dəfə taqqıldadıb içəri keçəcəm, Bubu olsun gözümün qabağında, telefona çəkəcəm. Bu, bir növ, hər dəfə onlara gedəndə, oğlumla olan ənənəvi görüş mərasimidi. Dəmir qapını taqqıldadıram, içəridə vurnuxma səsi eşidirəm, bilirlər ki, mənəm, telefon sol əlimdə video rejimindədi, qapını açıb içəri keçirəm. Tək dəhlizdə dayanıb, məni görən kimi həmişəki konserti verir. Əvvəlcə sevindiyindən qışqıra-qışqıra mənə tərəf qaçır, çatana yaxın qəfil geri dönüb qaçır televizor olan otağa, dayanır, yenə həyəcanla götürülür mənə tərəf, bir addımlıqda qəfil sola çönüb mətbəxə cumur, gözdən itir. Sonra gəlib məndən sağa, yataq otağına qaçır, yoldaşımın, qaynatamın, qaynanamın böyük otaqdan gülmək səslərini eşidirəm. Beləcə, Bubuyla görüşümü hər dəfə telefona çəkirəm, hardasa bu cür dörd-beş videofaylım var, o birilərini telefondan noutbuka atmışam. Nəhayət, bu dəfə oğlumun məni görəndə ora-bura qaçmasının sirrini çözürəm: Bubu sadəcə, babasıgildə mənimlə hər görüşdə sevincinin mümkün qədər bol olmasını, uzun çəkməyini istəyir deyə qucağıma atılmır. Sanki körpə ağlıyla anlayır ki, qucağıma atılsa, sevinci tez bitəcək. Əslində, o cür də olur, – hər dəfə iki-üç dəqiqə ora-bura qaçandan sonra axırda çıxıb oturur dizlərimin üstündə, məni məcbur edir ki, telefonda olan videofaylları bir-bir açım, əsas da özünün olduğu fayllara təkrar-təkrar baxmaq istəyir...

      Ertəsi gün axşam yeməyindən sonra feysbukomaniyam yenə tutub, statuslar, şərhlər oxumaq həvəsindəyəm. Hüquqşünas Fərhad Mehdiyevin statusunu oxuyuram: “Allah bu suriyalı uşağa zülm edənlərin cəzasını versin”, altında isə videolink paylaşıb. Tıklayıram, Hələb şəhərində Su-24 bombardmançı təyyarəsinin dağıtdığı binanın beton daşlarından birinin altında hardasa üç yaşlı oğlan uşağının başı qalıb. Görünür, beton başını tam əzməyib, yerə sıxıb deyə, uşaq hələ də nəfəs alır, toza bulaşmış qarnı tez-tez qalxıb-enir, çox güman can verir. Beton parçasını isə çətin ki, dörd-beş adam qaldıra bilə, xilasedicilərsə hələ gəlib çıxmayıb. Videolinkin bitməsinə iki dəqiqə qalıb, uşaq hələ də tez-tez nəfəs alır. Tüklərim biz-biz olub, elə bilirəm, son saniyələrdə suriyalı uşağın nəfəsinin kəsilməsi kadrlarını görəcəm. Bunu görmək istəmirəm, eyni zamanda hansısa sehrli bir qüvvə qolumdan tutub qoymur feysbukdan çıxım, gözüm ekrandadı. Elə bu vaxt Bubu özünü yetirir, dürtülür qucağıma, hıqqına-hıqqına mənə “Oynaq topum” mahnısını sifariş verir. Gəlməyi ilə də sehrli qüvvəni qovur, tez feysbukdan çıxıram. Yutuba girib həmin mahnını tapıram, Bubu həvəslə qulaq asır, mənimsə fikrim başı betonun altında qalan uşağın yanındadı...

      (ardı gələn sayımızda)

      • Hits: 46 clicks

      Tecox component by www.teglo.info