Əziz SULTANOV- BÖYÜK XƏBƏR

      Share

      - Zaman böyük təhlükələrdən qorunmaq üçün onun əvvəlcədən verdiyi xəbərlərə möhtacdır...

      “Böyük xəbər” gələndə içində şübhə toxumu gizlədənlər bir-biri ilə mübahisəyə başlamışdılar. İnsan idrakının çata biləcəyi nəticə müxtəlif və məhdud idi... Amma biləcəkdilər, bəli, mütləq biləcəkdilər bu xəbərin gerçək olduğunu. Üstümüzdə qoruyucu bir qalxan kimi dayanan göylər, içində bizim üçün əvvəlcədən hazırlanmış minlərlə neməti saxlayan yer və o yerdən hər il yenidən cücərən toxumlar bizim üçün bənzərsiz qüdrətin açıq nişanələri deyilmi?! İnsan yenidən dirilməyi və Rəbbinin hüzuruna çıxacağı günün xəbərini necə inkar edə bilər?!..

         Xütbənin mövzusu insan oğlunun qafil və nankor hərəkətlərinə yönəldikcə imamın daxilindəki həyəcan və üzüntü səs tonuna sirayət edirdi. Xütbəni diqqətlə dinləyən Əflatunun canına bir ürpərmə, bir titrəyiş gəlir, amma dərindən nəfəs alaraq daxilində baş qaldıran bu təlaşı susdurmağa çalışırdı. İmam cümə xütbəsinə davam edirdi:

      - Sura üfürüləndə halımızın necə olacağını heç düşündünüzmü?!

      Göy yarılıb qapı-qapı açılanda, uca dağlar yerindən sökülüb ələk-vələk ediləndə, ulduzlar mehvərindən çıxıb ətrafa səpələnəndə, mal-mülk yiyəsiz qalıb özbaşına buraxılanda, dənizlər qaynar qazan kimi çoşub-daşanda, cəhənnəm gətirilib yaxınlaşdırılanda...

      Ruhlar bir daha öz bədənlərinə geri qaytarılanda, insanlar bölük-bölük düzülüb onları təkrar xəlq edən Rəbbinin hüzuruna yönələndə halımız necə olacaq?!..

      Əflatunun gözləri nəmlənmiş, baxışları kövrəlmişdi. Xütbədə danışılanlar onun qulaqlarından içəri süzülərək bir film lenti kimi xəyalında canlanırdı. “Görəsən, o gün hansı bölüyün içində olacağam – sağdakıların, ya soldakıların?..” Camaatın mənəvi hissiyyatının böyük bir vəcd halına gəldiyini hiss edən imam baş göstərəcək ümidsizlik və bədbinlik halının qarşısını almaq üçün onların yanıq könüllərinə su səpmək, içlərindəki nigarançılığı yatırtmaq, ümidlərini təzələmək istədi:

      - Bir gün peyğəmbərimiz (s.ə.s) buyurdu: “Ay camaat! Bilirsinizmi nə ilə qarşı-qarşıyayıq?!”

      Onun bu həyəcan dolu sualı camaatı təlaşlandırdı və onlar arasında səslər eşidilməyə başladı: “Ey Allahın elçisi, təzə vəhy gəlib?”, “Ey Allahın Rəsulu, düşmən üstümüzə hücuma keçib?” “Nə baş verib, niyə bu qədər nigaransınız?”...

      Allah Rəsulu cavab verir: “Xeyr, nə təzə vəhy gəlib, nə də üstümüzə düşmən gəlir. Qarşıdan Ramazan ayı gəlir. Elə bir ay ki, bu ayda bütün müsəlmanlar bağışlana bilərlər”.

      Əflatunun gözlərinə dolan yaşlardan bir-ikisi yumulan göz qapaqlarından daşdı və yanaqlarından aşağı süzülməyə başladı. Bunlar, sevinc göz yaşları idi. Rəbbinin vədi və Peyğəmbərinin müjdəsi necə də xoş və geniş idi... İçin-için ağlamaq keçirdi ürəyindən, amma burada, hər kəsin önündə yox. “Ah, kaş ki, bu hisslər tənha ikən, gecə yarısı, alnım səccadədə, qəlbim Rəbbimlə baş-başa ikən dolardı içimə”, deyə keçirdi ürəyindən. İmam isə xütbəsinə davam edirdi:

      - Bir cümə günü Peyğəm­bərimiz (s.ə.s) min­­bərə qalxdı. Birinci pillədə: “Amin!”– dedi. Sonra ikinci pilləyə qalxıb: “Amin!”– dedi. Sonra da üçüncü pil­lədə: “Amin!”– dedi.

      Hz. Peyğəmbər xütbəsini bitirdikdən sonra səhabələr soruşdular: “Ey Allahın elçisi! Biz sə­nin üç dəfə: “Amin!”– dediyini eşitdik. Bunun səbəbi nə idi?”

      Möminlərin axirəti üçün narahat olan və daim onların qeydinə qalan Rəhmət Peyğəm­bəri (s.ə.s) dediyi aminlərin səbəbini belə açıqladı: “Birin­ci pilləyə qalxdıqda Cəbrayıl (ə.s) yanıma gəlib dedi: “Ramazana yeti­şib günahları bağışlanmamış halda ondan ayrılanın burnu yerə sürtülsün”. Mən: “Amin!”– dedim.

      Bədbəxt olsun, işləri istədiyi kimi alınmasın mənasına gələn “burnu yerə sürtülsün” ifadəsi bir anda bütün diqqətləri imamın üstünə çəkdi. Əflatun da başını qaldırıb üzünü minbərdən xütbə deyən imama çevirdi. Ağır bir təhdidi dilə gətirdiyini bilən imam bu ifadəyə açıqlıq gətirdi:

      - Əziz camaat! Allahın rəhməti o qədər geniş, bizi əfv etmək üçün bəxş etdiyi fürsətlər o qədər çoxdur ki, bunlardan imtina edən, özünü bağışlada bilməyən kimsə, onsuz da ən böyük bədbəxtliyə düçar olmuşdur. Allahın rəhmətinə nail olmamaqdan böyük fəlakət varmı?! Hədisin davamına qulaq asın. Hz. Peyğəmbər (s.ə.s) cavab verməyə davam edir: “Sonra Cəbrayıl (ə.s) buyurdu ki, “Vali­deynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb (onlara qulluq etməyin böyük ibadət olduğunu bilməyən, valideynlərinə qulluq edərək Allahın əfvini cəlb edə bilməyən, bu fürsəti qaçıran) sonra da Cənnətə daxil olmayanın burnu yerə sürtülsün!” Mən: “Amin!”– dedim.

      Xütbəyə qulaq asan cavanlar başlarını önlərinə əyib dərin düşüncələrə daldılar. Yaşda onlardan xeyli böyük olan ağsaqqallar başlarını sallayaraq bu xəbərdarlığın oğul-uşaqlarının qulaqlarına çatması təmənnası ilə bir-biri ilə baxışdılar. Əflatun isə bir az daha kövrəldi, atasının arxasınca bir daha ürəyindən rəhmət oxudu. İmam xütbəsinə davam edirdi:

      - Sonra Cəbrayıl (ə.s) dedi: “Yanında adın çəkildiyi halda sənə sa­lavat gətir­məyənin burnu yerə sürtülsün!” Mən də: “Amin!”– dedim...

      Deyirlər söz ortaya atılar, hər kəs özünə aid olanı götürər. Əflatun da hədisin sonunu eşidib bir daha salavat çevirdi və özü üçün bu hədisdən böyük bir məsuliyyət dərsi çıxartdı: Qarşıdan Ramazan gəlir. Bu mövsümdə əfv oluna bilmək üçün nələr edə bilərəm? Axı “böyük xəbər” günbəgün yaxınlaşır!..

      • Hits: 291 clicks

      Tecox component by www.teglo.info