MÜSAHİBƏ- Gülxan BƏYDƏMİR: ƏN TƏHLÜKƏLİ YEMƏK GECƏ YEYİLƏNDİR!

      Share

      Gülxan Bəydəmir kimdir?

      15.06.1950 - -ci ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra rəssamlıq etməyə başlayan Gülxan Bəydəmir ağır xəstəliyə yaxalanır. Xəstəliyin müalicəsində tibbin aciz qalması ilə alternativ çarələrin axtarışına başlayır. Nəhayət, özünü aclıqla müalicə etməyin yolunu taparaq uzun sürən xəstəlikdən birdəfəlik azad olub. Hal-hazırda Türkiyədə yaşayan həmvətənimiz aclıqla müalicə düşərgələri təşkil edərək insanlara xidmət edir. Türkiyədə Təbibxan təxəllüsü ilə “Şəfa Orucu Bıçaqsız Əməliyyatdır”, “Şəfa Orucu və Xəstəliklər”, “Gənc və Gözəl Qalmağın Sirləri”, “Sağlam və Gözəl Qalmağın 7 Sirri” adlı kitabları nəşr olunan müəllif eyni zamanda xəttatdır. Azərbaycanda və Türkiyədə xətt sərgiləri keçirilmişdir.

      Aclıqla bir çox xəstəliyin müalicəsini təcrübədən keçirən həmsöhbətimiz xeyli israr etsək də, müsahibə əsnasında şəklinin çəkilməsinə razı olmadı.

      İrfan: Gülxan bəy, aclığın bir şəfa vasitəsi olduğunu necə kəşf etdiniz?

      Gülxan Bəydəmir: Anamın dediyinə görə, iki yaşımda ölümcül çiçək xəstəliyinə yoluxmuşdum. Bu xəstəlikdən ömrüm boyu mənə dərd olan bir bəla ilə qurtulmuşdum. Ölümdən dönsəm də, sağ gözümdə ağ bir ləkə qalmışdı və bu səbəbdən görməkdə çətinlik çəkirdim. (2002-ci ildə gözümdən əməliyyat olana qədər sağ gözüm görmürdü). Həmyaşıdlarım mənə gülürdü. Ona görə özümü çox pis hiss edir, gözə görünməməyə çalışırdım. Əsəblərim pozulmuşdu, stresli bir həyat sürürdüm. Sonra şiddətli baş ağrılarım başladı. Məni sağaltmağa çalışan həkimlər əllərindən gələni etsələr də, heç bir irəliləyiş yox idi. Dəfələrlə xəstəxanada müalicə alsam da, baş ağrılarımdan heç cür qurtula bilmirdim. Xeyli iztirabdan sonra ağrı və sarsıntılarımı gizləməyə başladım. Aradan illər keçdi, rəssamlıqda oxuyurdum. Sinirlərim tamamən pozulmuşdu, hər gün həkimə gedirdim. Qəbul etdiyim dərmanlara görə sərxoş kimi divarlara dəyir və huşumu itirirdim. Hətta həkimlər də əlimdən bezmişdilər, amma başqa çarə yox idi.

      Əsgərliyə getdim, orada da aylarla hospitalda qaldım. Başımın ağrısına heç cür əlac edə bilmirdilər. Bu əsnada ürək ağrılarım başladı. Ürəyimin ağrısı başımın ağrısını unutdurmuşdu. Həkimlər xəstəliyimin “stenakardiya” olduğunu dedilər. Həkimlərin bütün səyləri nəticəsiz qaldı və mən infarkt keçirdim. Xəstəliklərlə boğuşarkən acı bir xəbər aldım. Sevdiyim qız: “sən xəstəsən, biz evlənə bilmərik”, - dedi.

      - Necə qarşıladınız?

      - Mənimçün ağır olsa da, onun xoşbəxtliyi naminə ayrılmalı idik və biz ayrıldıq... Lakin onun sözləri məndə dərin iz qoydu. İlk dəfə o zaman xilas olmağın yollarını axtarmaq qərarına gəldim. Bəzən ağrıların şiddətindən həftələrlə yataqdan qalxa bilmirdim. Dəfələrlə intihar etməyi düşündüm. Bu əsnada sol ayağımda və qolumda xəfif ağrılar başladı. Həkimin yazdığı dərmanlarla ağrılardan xilas olsam da, iki-üç həftə sonra iflic oldum. Beləliklə, dərmanlara olan inamım birdəfəlik sarsıldı.

      - Onda neçə yaşınız vardı?

      - Artıq iyirmi altı yaşım vardı, lakin uşaqlıq və gənclik illərimin necə keçdiyindən xəbərsiz idim. Xoş gün görməmişdim. Keçirdiyim xəstəliklər ucbatından belim bükülmüşdü. Fikirləşin ki, hamı məni lağa qoyurdu, qara ciyərim böyümüşdü. Fasiləsiz baş ağrılarım vardı, ürəyimin ağrısından əlim sinəmdə gəzirdim. Adi qripə tutulanda aylarla əziyyət çəkirdim. Qəbizlik və kürək ağrılarım işi daha da çətinləşdirmişdi. Dəli kimi əsəbi idim. Üstəlik iflic oldum...

      Bir gün hər şeyin yaxşı olacağına ümidim vardı, bəlkə də, bu inam idi məni intihardan daşındıran. Nəhayət, o gün gəldi. 1977-ci il, payızın ilk günlərində rəssam dostum Araz Mirhadi ilə görüşdük. Mənə ac qalaraq sağalmağın yollarından bəhs edən bir kitab verəcəyini söylədi və bir neçə ay sonra həmin kitab mənə çatdı. Bu, amerikan həkim Paul Breqin “Oruc Möcüzəsi” kitabı idi. Kitabı oxuduqca başa düşdüm ki, mən indiyə kimi əbəs yerə xəstəliklə mücadilə aparmışam. Məhz ona görə də bədənimi gərəksiz dərman qalıqları ilə həddən artıq yükləmişəm. Biz əsas məsələni gözardı etmişik. Mənim ehtiyacım olan ən əsas şey bədənimin toksinlərdən təmizlənməsi və gərgin ruhi vəziyyətimin sakitləşməsi imiş.

      - Yəqin ki, bunun da aclıqla mümkün olacağını oxudunuz.

      - Deməli, müəllif bir neçə dəfə 24, 36 və 48 saat ac qaldıqdan sonra daha uzun, yəni 7, 10, 15, 25 və 35 gün ac qalmağı qeyd edirdi. İşin sirrini tapmışdım. Aclıqla bütün xəstəliklərdən azad olacağımı öyrəndim və birbaşa оn beş gün ac qalmaq qərarına gəldim. On bir gün çox əziyyət çəksəm də, aptekdən aldığım sudan başqa heç nə qəbul etmədim. Altıncı gün yataqdan qalxa bilmədim, qan-tər içində qaldım, barmağımı belə tərpədə bilmədim. Hətta öləcəyimi zənn edib israrla yemək yeməyi təklif etdilər. Mədəmdə dəhşətli ağrı vardı. Sanki içimdən bir səs su iç, qaytar deyirdi. Əlimlə işarə edib su istədim. Bir neçə stəkan su içib qaytardım. Mədəmdən qatı və sarı rəngli, zəhər kimi maye xaric oldu. Bir az sonra özümə gəldim, lakin ağrılar davam etdi. Bu da bədəndə sağalma prosesinin nişanəsi idi.

      - Belə çıxır ki, insan sağlamlığı üçün ən əsas vasitə ac qalmaqdır. Siz danışdıqca Həzrət Peyğəmbərin “oruc tutun, sağlam olun” hədisi daha yaxşı aydın olur. Bu haqda nə deyərdiniz?

      - İlahiyyatçı olmadığım üçün dinin əmr etdiyi orucla bağlı nə isə deməyə haqqım yoxdur. Biz daha çox uzun müddətli aclıqlarla xəstəliklərdən xilas olmağın mümkünlüyü və yolları üzərində çalışırıq. Əlbəttə ki, İslamın əmr etdiyi orucun sağlamlığımıza da böyük təsirləri var. Ancaq burada məqsəd daha çox mənəvi tərbiyə və Allahın əmrini yerinə yetirməkdir. Rəsulullah (s.ə.s) buyurur ki, “İnsan Ramazan ayının fəzilətini bilsəydi, bütün ilin Ramazan olmasını istəyərdi”. İmam Rəbbani həzrətləri buyurur ki, “xəstəliklərdən xilas olmadıqca insanın yedikləri ona fayda verməz”. Ərzurumlu İbrahim Haqqı həzrətləri də “Mərifətnamə”sində belə buyurur:

      “Toxluq xəstəliyi çağırır, toxluq bütün xəstəliklərin əslidir. Aclıqsa bütün çarələrin əsasıdır. Bütün ürək xəstəliklərinin mənşəyi yemək istəyidir. Aclığın ləzzətini dadan toxluğuna kədərlənər. Aclıq bədən və ruh üçün faydalıdır. Toxluqsa hər ikisinə zərərlidir. Çox yeyən ömrünü yeyər. Ömrünü yeyənlərin əldə etdiyi isə yalnız ölümdür”. Qeyd etdiyiniz kimi “oruc tutun, şəfa tapın” buyurulur. İbn Abbas (r.anhumə) Həzrət Peyğəmbərin ardarda bir neçə gün evində heç nə yemədən keçirdiyini bildirir.

      - Buna İslamda visal orucu deyilir və Rəsulullah ümmətinə belə etməyi qadağan buyurub. Bu haqda nə deyərdiniz?

      - Doğrudur. Çünki Hz. Peyğəmbər insanların buna gücünün çatmayacağını bilirdi. Lakin, bəlkə də, Hz. Əbu Bəkr kimi özünə çox yaxın və təqvalı səhabələrinə icazə verib. Bu haqda bir şey deyə bilmərəm. Amma bizim metodda tamamən qidadan imtina olmadığına, yəni su içildiyinə görə buna visal orucu da deyə bilmərik. “Avariful-Məarif” əsərində Abdullah Tüstəri həzrətlərinin adi günlərdə on gündə bir dəfə, Ramazanda isə ayda bir dəfə yemək yediyi, sünnəyə zidd olmasın deyə də axşamlar sadəcə su içdiyi qeyd olunur”.

      - Yeri gəlmişkən, deyirlər, insan ac qalanda mənəvi cəhətdən fərqli şeylər hiss edir, qəlbi və ruhi hissiyyatı inkişaf edir. Məsələn, Allah-Təalanın Musa peyğəmbərə 40 gün oruc tutdurduqdan sonra Tövratı nazil etmişdir. Dеməli аclıq mənəviyyаtı qidаlаndırır. Bu haqda nə deyə bilərdiniz? Xəstələriniz arasında buna bənzər hər hansı bir hadisə müşahidə etmisinizmi?

      - Bu barədə şəxsən hər hansı bir müşahidəm yoxdur. Amma qida qəbulunu azaldan müridlərin mürşidin təlimatı ilə fərqli duyum və hissiyyat yaşadığını deyirlər. Məsələn, təsəvvüf yolunda qırx günlük çilə çıxarma tətbiqatı var. Bilirsiniz ki, burada da yemək-içməyi minimum səviyyədə azaldaraq müridin ibadətini fərqli atmosferdə həyata keçirməsi təmin olunur. Bunların heç biri əbəs deyil.

      - Bəs yaxşı, oruc tutanlara qidalanmaq xüsusunda nə məsləhət görürsünüz? Necə qidalanmalıyıq?

      - Yaxşı sualdır. Çox vaxt oruc tutan adamın iftarda və sahurda partlayana qədər yeyib-içdiyini görürük. Bu, olduqca yanlışdır. Hz. Peyğəmbərin “oruc tutun, sağlam olun” hədisindən nəsib almaq istəyənlər sahuru və iftarı kifayət miqdarı ilə məh­dudlaşdırmalıdırlar. Sahurda və iftarda həddi aşanlar orucun ruhani və cismani faydasından məhrum olarlar.

      Qida baxımından insan üçün gecə yeyilən yemək qədər zərərli heç nə yoxdur. Yaxşı olardı ki, iftarda bir boşqab meyvə və ya tərəvəz salatı qəbul edilə. Əlbəttə ki, ondan sonra sahura qədər də heç nə yeyilməyə. Sahurda da həmçinin işlənməmiş qidalara, meyvə-tərəvəzə üstünlük verilməlidir.

      Оnu dа qеyd еdim ki, isti və uzun günlərdə оruc tutmаq vücud üçün dаhа fаydаlıdır. Çünki bütün mikrоblаr sudа yаşаyır, bədənimizdəki suyun аzаlmаsı оnlаrın sürətlə tələf оlmаsınа gətirib çıхаrır. İmаm Cəfəri Sаdiq həzrətləri: "Ən yахşı cihаd isti hаvаdа оruc tutmаqdır", - buyurur.

      - Gülxan bəy, vaxtınızı bizə ayıraraq bu qədər maraqlı və faydalı məsələlərə işıq tutduğunuz üçün təşəkkür edirik.

      - Mən də sizə təşəkkür edirəm. Qarşıdan gələn Ramazan ayı münasibəti ilə oxucuları təbrik edirəm.        

      • Hits: 342 clicks

      Tecox component by www.teglo.info