Mübariz ƏLİOĞLU- Muaz bin Cəbəlin göz yaşları

      Share

      Göy parçalanacağı, ulduzlar dağılıb səpələnəcəyi, dənizlərin (qaynayıb bir-birinə) qarışacağı, qəbirlərin çevriləcəyi (altı üstünə çevrilib ölülərin oradan çıxacağı) zaman hər kəs (dünyada) nə etdiyini və (özündən sonra yaxşı və ya pis hansı əməllərini) qoyub getdiyini biləcəkdir”. (əl-İnfitar, 1-5)

        “(Elə isə) Qazandıqlarının (yəni günahlarının) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar”. (ət-Tövbə, 182)

       Uca Allaha (c.c)  şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

      Canları ilə birlikdə malik olduqları bütün imkanlarını Allah və Rəsuluna tabe olma yarışında fəda edən səhabə toplumu ilahi muradla təklif edilmiş qulluq əhdinə tam bir təslimiyyət imzası ataraq bu müstəsna davranışları ilə Ümməti-Muhammədə canlı bir örnək olma səadətinə əsrlərdir sahib çıxmaqdadır. Bahar yağmurları torpağı diriltdiyi kimi, qəlbləri də yaşadığımız imtahan səhnəsində şeytani və nəfsani hücumlara qarşı daima diri və oyanıq olmağa səsləyənlərdən biri Rəsulullahın sevimli könül yoldaşı Muaz bin Cəbəldir. Rəsulullah (s.ə.s) hədislərində onu belə tərif etməkdədir:

      “İnsanlar arasında Allah-Təalanın halal və haramlarını ən gözəl bilən  Muaz bin Cəbəldir”.

      “Muaz qiyamətdə ümmətimin alimlərinin bir addım önündə məhşər meydanına gələcəkdir”.

      Rəsulullah (s.ə.s) bir gün Muaz bin Cəbəlin də olduğu məclisdə belə buyurdu: “Bir gün hafizə mələkləri qulun namaz, oruc, həcc, ümrə, gözəl əxlaq, boş danışma yerinə sükuta üstünlük vermə, Allahı zikr etmə kimi ibadətləri ilə ilahi hüzura çıxırlar. Yeddi qat göylərin mələkləri onları uğurlayır. Bütün pərdələri keçərək Allahın hüzuruna yetişirlər. Qulun sadəcə Allaha xas olaraq saleh əməl işlədiyinə şahidlik edirlər. Allah-Təala buyurur ki:“Sizlər qulumun əməlini qorumaqla məsulsunuz. Mən isə onun qəlbinə baxmaqdayam. O, bu əməli ilə məni deyil, başqasını istəmişdir. Ona lənət olsun”.  Bunun üzərinə mələklər də deyirlər ki, Sənin lənətin və bizim lənətimiz də onun üzərinə olsun. Bu şəkildə yeddi qat göy və içindəkilər də ona lənət edərlər”. Rəsulullahdan bu sözləri dinləyən Muaz bin Cəbəli şiddətli titrəmə bürüdü. Kövrək qəlbini bürüyən bu titrəmənin hıçqırıqla qarışıq göz yaşları selinə çevrilməsi təsvir edilməsi olduqca ağır olan bir mənzərə yaradırdı. Rəsulullahın bunları söyləməsindəki incə məqsədləri qəlbində ölçüb-biçən Muaz,  bununla canından çox sevdiyi əfəndisinin qulları cəhənnəmə sürükləyəcək və ilahi hüzura layiq olmayacaq saxta əməllərə etibar etməməyə dəvət etdiyini bilirdi. Rəsulullahın cəhənnəmi anladan sözlərini yadına saldıqca sarsıntısı daha da artmaqda idi: “Cəhənnəm əhli hara düşdüklərini anlayınca ağlamağa başlayarlar. Elə bir ağlama ki, göz yaşları tükənər və qan ağlamağa başlayarlar. Üzlərində ağlamaqdan yarıqlar meydana gələr. Gözlərindən axan qan yaşları elə bir çaya çevrilər ki, üzərində gəmini belə üzdürmək olar. Onlar bu şəkildə ağlayıb sızladıqları müddətdə içlərində bir rahatlıq hiss edərlər. Fəqət sonra bu hissdən də məhrum buraxılarlar”.

       Özünü ələ alan Hz. Muaz güclə də olsa, bunları söylədi: “Ey Allahın Rəsulu! Sən Allahın peyğəmbərisən, günahsızsan, mən isə günahkar Muazam. Rəbbimizin hüzurunda qulları zəlil edərək cəhənnəmə sürükləyəcək bu bəladan necə qurtula bilərəm?” Hz. Muazla yanaşı, qiyamətə kimi vəfa mücadiləsi verəcək ümmətinə də səslənən Allah Rəsulu dərhal buyurdu: “Mənə tabe ol! Ey Muaz, əməlin az da olsa dostlarını, xüsusilə də Quran hafizlərini qeybət etməkdən dilini qoru. Günahlarını özündən bil, başqalarına yükləmə. Onları pisləyərək özünü təmizə çıxartma. Dostlarını səviyyənə uyğun görməyərək qürurlanma. Dünya işini axirət işinə qarışdırma. Əməlində göstərişə qapılma. İnsanlarla bir araya gəldiyində uyğunsuz əxlaq sərgiləyərək onları özündən uzaqlaşdırma. Yanınızda başqası varkən dostunla fısıldaşma. İnsanlara qarşı öyünmə, çünki bu, səni dünya və axirətin xeyirlərindən məhrum edər. Dilinlə insanları qırma, onların könüllərini parçalama. Söylədiklərimlə əməl etməsən, qiyamət günü cəhənnəmdə atəş köpəkləri səni parçalayar. Allah-Təala (c.c) buyurur:Yavaşca çəkənlər”(ən-Naziat, 2). Onların kim olduğunu bilirsənmi, ey Muaz?” Muaz dedi: “Anam-atam sənə fəda olsun, ey Allahın Rəsulu, kimdir ki?” Buyurdu: “Cəhənnəmdəki köpəklərdir. Onlar (günahkarların) ətini sümüyündən ayırırlar”. Üzüntü və çarəsizlik burulğanında göz yaşlarına boğulan Muaz bin Cəbəl müdhiş bir sarsıntı içində söylədi: “Anam-atam sənə fəda olsun, ey Allahın Rəsulu! Bu əxlaqa sahib olmağa kimin gücü yetər? O pisliklərdən kim qurtula bilər?” Rəhmət peyğəmbəri buyurdu: “Ey Muaz! Allahın asanlaşdırdığı kimsəyə bunları etmək asan gələr. Bu xüsusiyyətlərdən biri olaraq özün üçün sevdiyini bir başqası üçün də sevməyin və özün üçün xoş görmədiyini bir başqası üçün də xoş görməməyin sənə yetər. Sən bunu etməkdəsən, elə isə qurtuldun, ey Muaz!..”

       Rəbbimiz hər birimizi,  ilahi hüzurda qurtuluşun nəbəvi əxlaqa sarılmaqla mümkün olacağını göz yaşlarında əriyən vücudu ilə Rəsulullahdan öyrənən və ümmətə səadət vəsiləsi olaraq ərməğan edən Muaz bin Cəbəl (r.a) həzrətlərinə  minnətdar olan və onun kimi qulluq əhdinə tam bir təslimiyyət imzası atan bəndələrindən etsin. Amin!

      • Hits: 314 clicks

      Tecox component by www.teglo.info