Adem ŞAHİN- Fərqli baxış tərzi

      Share

      İman: “Pəncərədən baxan çölü görər, pəncərəyə baxan isə şüşədəki kiri” aforizmi ilə açıqlana bilər.

       İnsanın dayandığı mövqeyə, zehnindəkilərə və fokuslandığı şeyə görə mənzərə dəyişir. Eyni pəncərədən çölə baxan iki nəfərdən biri küçədəki palçığı, digəri isə göydəki ulduzları görə bilər. “Optimist insan yaranın üstündəki qaysağı, pessimist isə qaysağın altındakı yaranı görər” (Şekspir).

      İman etmək pəncərədən üfüqə baxmaq, uzaqları görməkdir. İmansızlıq isə pəncərəyə ilişib qalaraq üfüqsüz yaşamaq, həyata məna verə bilməməkdir. İşin nəticəsini görmək, hər baxış bucağından qiymətləndirə bilmək və doğru qərar vermək mənasında “fərasət” termini işlədilir. Hədisi-şərifdə “möminin fərasətindən çəkinin; o, Allahın nuru ilə baxar” xəbərdarlığı yer alır. Ərəb dilində “at” mənasına gələn “fərəs” ilə “fərasət” sözü eyni kökdən törəmiş kəlmələrdir. At 360 dərəcə genişliyində görə bildiyi üçün önünü, arxasını və yan tərəflərini eyni anda görür. İman etmək at kimi, 360 dərəcə görə bilməkdir. Atın yola diqqət kəsilməsi və başqa şeyləri görməməsi üçün “at gözlüyü” taxılır. İmansızlıq dünyaya at gözlüyü ilə, yalnız müəyyən bucaqlardan baxmaqdır. İman isə gələcəyi görmək, qurdun yox olmayacağına, kəpənəyə çevriləcəyinə inanmaqdır.

      Rum surəsinin 7-ci ayəsində kafirlərdən bəhs edilərkən: “Onlar dünya həyatının yalnız zahiri görünüşünü bilirlər” ifadəsi işlədilib. Bu ayə bütün insanlara xarici görünüşün aldadıcı ola biləcəyi xəbərdarlığını etməkdədir. Xarici görünüşə aldanmaq pəncərənin şüşəsinə ilişib qalmaq, uzaqları görə bilməməkdir. Zahiri görünüşə aldanaraq yolunu itirən ilk varlıq şeytandır. Şeytan Adəmin (ə.s) palçığını görmüşdü, amma onun batinini (daxilini) görə bilməmişdi.

      Qurani-Kərim üçün “səhra kitabı” demək yalnız onun nazil olduğu yeri görməkdir. Yazısı üçün “qarmaqarışıq” deyərək xarakterizə etmək onun hərflərinə ilişib qalmaqdır. Qurani-Kərimi bu şəkildə dəyərləndirənlər ona xaricdən baxan, at gözlüyü taxan kimsələrdir. İman edən kimsə əlinə Quranı aldığı zaman onun içindəki cənnəti, cəhənnəmi, münafiqləri, Quran qissələrini və Cəbrayılı görər. Qarmaqarışıq səhra kitabı demək Qurana sadəcə baxmaqdır; onun ilahi kitab olduğuna inanmaq isə onu görməkdir.  Mövlanaya görə: “Quranın zahiri insana bənzəyir; insanın surəti görünür, meydandadır, amma canı gizlidir”. Baxanlar üçün Qurani-Kərim 600 səhifəlik bir kitabdır. Görənlər üçün isə Qurani-Kərimin içindəki məna yer üzündəki ağaclar qələm, dənizlər də mürəkkəb olsa, arxasınca yeddi dəniz daha ona əlavə olunsa, bitməyəcəkdir. (Loğman surəsi, 27)

      Əbu Cəhl Rəsulullaha (s.ə.s) digər müşriklər kimi baxmışdı. O, Rəsulullah pəncərəsindən uzağa baxa bilmədiyi üçün imandan, ihsandan, Cəbrayıldan, Qurandan, axirətdən nəsibsiz qalmış, onları görə bilməmişdi. Əbu Bəkr (r.a) Rəsulullahı gördü, Əbu Cəhl isə sadəcə baxmışdı.

      Qəbrə baxan iman əhli qəbrin ya cənnət bağçalarından bir bağça, ya da cəhənnəm çuxurlarından bir çuxur olduğunu görər. İman edənlər üçün qəbir gözlənilən və təyin edilən avtobus dayanacağı kimidir. İmansız bir baxış sahibi isə qəbri bitiş, yox oluş olaraq görər. Onun düşüncəsinə görə qəbirdə çürümüş ət və torpaqdan başqa bir şey yoxdur.

      Zahirə baxanlar üçün namaz yalnız əyilib-qalxmaqdan, insanın özünü yormasından ibarətdir. Həcc ibadəti Ərəbistanın istisində tərləyərək ərəbləri zəngin etməkdir. Oruc ibadəti mənasızdır. Zəkata isə ehtiyac yoxdur. Bütün ibadətlər insanın öz-özünə işgəncə etməsi kimidir, onların gözündə.

      İnsanın bədəni rahatca doysa da, ruhundakı boşluq rahat-rahat dolmamaqdadır. Daxilində görünən dünyadan görünməyən aləmə, bilinəndən bilinməyənə, eşidiləndən eşidilməyənə yönələn bir istək var. Xaricdən daxilə, zahirdən batinə doğru yönəlməyə hər bir insanın ehtiyacı var. Kitab və qəzet oxumağa meyli az olan insan dediqodu və qeybətə rəğbət göstərər. Dünya insanları yoqa, qipnoz, su terapiyası, qoxu terapiyası, meditasiya, içki və narkotika ilə yaşadığı maddi koordinatların (zahiri dünyanın) xaricinə çıxmağa çalışır. Dediqodunu, qeybəti, boş işləri, içki və narkotikanı qadağan edən İslam isə ibadətlər, Allah ilə birlikdəlik (ihsan, xüşu), camaatla namaz, etikaf kimi ibadətlərlə mömini zindan olan bu dünyanın dar divarlarından çölə çıxartmaq məqsədi güdür.

      Eyni kitabı oxuyan, eyni yeməyi yeyən, eyni səsi eşidən və eyni filmi seyr edən insanların hər biri fərqli hisslər keçirər. Eyni aya, eyni günəşə, eyni çiçəyə baxan insanlarda fərqli duyğular oyanar. Görən, eşidən, dadan orqan başqadır, hiss edən, anlayan, yaxşı və ya pis olduğuna qərar verən başqa. Dünyada nisbilik qaydası var. Birinin ağ dediyinə digəri qara deyə bilər. Hər insan hadisələri və əşyaları qiymətləndirərkən bilik, mədəniyyət, zəka, həyat təcrübəsi qədər anlayış və qavramasına görə də hərəkət etməkdədir. Rəsulullah (s.ə.s) hər şeyin Xaliqi olan Allaha “Ya Rəbbi! Mənə əşyanı olduğu kimi göstər” deyə dua etmişdi. Halbuki Merac hadisəsini yaşayan Rəsulullah (s.ə.s) hələ vəfat etmədən əvvəl cənnət, cəhənnəm və yeddi qat göyləri görmüşdü. Rəsulullahın “Ya Rəbbi! Mənə əşyanı olduğu kimi göstər” deyə dua etməsi qiyamətə qədər var olan müsəlmanların, yəni bizim o duaya davam etməyimiz üçün idi.

      Ey Rəbbim! İnsanların baxdığı, amma görmədiyi; eşitdiyi, amma başa düşmədiyi; geyindiyi, amma çılpaq olduğu; yediyi, amma doymadığı; oxuduğu, amma cahil qaldığı bu fitnə əsrində sən bizlərə kömək ol!..

      • Hits: 360 clicks

      Tecox component by www.teglo.info