Eldar KƏRİMOV- Düşün Xoş(bəxt) OL!

      Share

      İnsanlar olduğu, yaşadığı mühitin və şəraitin rənginə bürünürlər.

       Hansı çətin situasiyada olursa-olsun, o vəziyyət qarşısında özünü rahatladacaq, az da olsa pozotiv bir nüans tapmağa çalışır. Hardasa sahib olmadıqlarına üzülsə də, sahib olduqlarının sevinci onu az da olsa həyata bağlaya bilir. Bunun adına həyat sevgisi və ya həyat enerjisi də deyə bilərik, ancaq məsələ burda sadəcə yaşamaqla bitmir. Yaşayarkən düşüncə və düşündüklərimizdən aldığımız duyğuların həyatımıza təsiri çox əhəmiyyət kəsb edir. Bu baxımdan dünyaya insan kütlələrinin üzərində məcburi yaşaması lazım olan bir meydan kimi baxmaq da öz əlimizdədir, dünyadakı hər şeyin bizim xoşbəxt anlarımızı formalaşdırmaq  üçün yaradıldığını düşünmək də. Yəni həyatımızı pozitiv və neqativ notlar üzərində kökləməyin yolu bilavasitə öz beynimizin məhsulu olan düşüncələrimizdən keçir.

      Biz, ümumiyyətlə, yaşayacağımız gələcək illərdə qarşılaşa biləcəyimiz hər hansı hadisəylə bağlı bir fikrə sahib olmasaq da, o illər haqqında xəyalları içərisində olduğumuz vəziyyət üzərindən qururuq. Beş il sonra sahib olacağımızı düşündüyümüz imkanları bugünkü halımızla dəyərləndiririk. Bəlkə də bu gün bizim üçün əlçatmaz və vaz keçilməz olaraq qiymətləndirdiyimiz həmin imkanlar, beş il sonra bizim üçün çox dəyərsiz bir xəyal olaraq görünəcək. Çünki o zaman biz bu gün olduğumuz fiziki imkanlara sahib olmaya bilər və ya bugünkü düşüncədəki insan olmaya bilərik. Bu gün arzusunda olduqlarımız elə bu gün yanımızda deyilsə, on il sonra onlara sahib olmaq bizim üçün bir şey ifadə etməyəcəkdir. Ona görə də bugünkü vəziyyətimiz haqqında düşünüb xoşbəxt olmaq gələcəyin xəyallarında xoşbəxt olmaqdan daha karlıdır.    

      “Məşhurlardan birinə bir gün iki yüz manat pul lazım olur. Bütün qohum-əqrəbasına, dost-tanışına zəng etməsinə, xəbər göndərməsinə baxmayaraq,  o pulu həmin gün ona tapıb gətirən olmur.  Sabahsı gün iki yüz manatın yerinə iki min manat gətirib verirlər. Həmin adam o pulu götürüb evin pəncərəsindən yola atır və deyir ki, sən mənə dünən lazım idin, bu gün yox!”

      Düşüncəsi var olduğu müddət ərzində insan hər şeyini itirsə belə düşüncəsini itirmədiyinə görə hələ hər şeyin bitmədiyini düşünür. Nə zaman ki, ağlını və düşüncəsini itirir, o zaman nəyə də sahib olsa heç bir şey onun üçün heç nə ifadə etmir.  Düşüncəni idarə etmək də yenə insanın düşüncəsinin kontrolu altındadır.  O, sahib olduğu xırda bir şeyi özünə əlçatmaz bir nemət olaraq göstərə və bu düşüncənin vermiş olduğu həzlə özünü xoşbəxt hiss edə bilər. Və ya tam əksinə, başqa insanların sahib olmadıqları bir çox şeyə sahib olduğu halda sahib olduqlarının çox dəyərsiz olduğunu düşünüb özünü depressiyaya da sala bilər.

      Buna görə də insanların ciblərini doldurmadan əvvəl düşüncələrini zənginləşdirmək lazımdır.  Düşüncə zənginliyinə sahib olmayanlar başqa zənginliklərin dilənçisinə və əsirinə çevrilərlər.  Əgər siz sadə bir balıqçı olduğunuz halda özünüzü zəngin bir məmur kimi düşünürsüzsə, deməli, siz balıqçı görkəmində zəngin bir məmursunuz. Zəngin bir məmur özünü çox şeyə sahib olmayan bir balıqçı kimi görürsə, deməli, o, məmur görkəmində kasıb bir balıqçıdır. Ona görə də necə yaşamaq deyil, necə düşünmək önəmlidir.

      Bu günlərdə ürəyindəki narahatlıqlara görə xəstəxanada müalicə olunan çox dəyərli bir ağsaqqalı ziyarət etmişdik.  Hal-əhval tutduq. Vəziyyətinin necə olduğunu soruşduq. Ağsaqqal: “Beş vaxt namazlarımı qılıram, təhəccüd namazımı hər gün əda edə bilirəm və ağlım da başımdadır. Bundan gözəl nə ola bilər?!” - deyə cavab verdi. Xəstəxanada, xəstə yatağında etdiyi ibadətlərə görə özünü xoşbəxt hiss edən ağsaqqalın ruh halına bürünmək ümidi ilə...

      • Hits: 421 clicks

      Tecox component by www.teglo.info