Onun İbadəti / Fuad Quliyev

      Share

      Allaha imandan sonra ən böyük mükəlləfiyyət Allaha ibadət etməkdir. Çünki Allaha ibadət, insan yaradılışının əsas məqsədi və qayəsidir. Qurani-Kərimdə Uca Yaradan

      “Mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım.” buyuraraq bu məqsədi bariz bir surətdə açıqlayır. Heç şübhəsiz, bu məqsəd Onun hər bir mesajını bizə çatdıran aləmlərə mərhəmət peyğəmbəri kimi göndərilən Hz. Məhəmməd (s.ə.s) vasitəsi ilə idrak edilir. Məhz bu səbəbdən Hz. Peyğəmbərin ibadət həyatı bir mənada yaradılış qayəsinin idrak edilməsi baxımından son dərəcə əhəmiyyətli mövzu kimi qarşımıza çıxır. Belə ki, ibadət etmə məsuliyyətini öz üzərinə götürən hər bir kəs onun ibadət məktəbindən dərs almalıdır. Əks təqdirdə Allaha yaxınlaşma funksiyası daşıyan ibadətin məna olaraq ehtivasında qüsurlar meydana çıxar və hər kəs dilədiyi şəkildə özünə görə ibadət anlayışı formalaşdırmaq kimi təhlükəli bir yola girər. Bunun isə nəticəsi həm o şəxsə, həm də onun bu hərəkətlərini mənimsəyən, yəni onun ardınca gedən insanlara ağır olar. Bu baxımdan istərdik ki, Allahın “üsveyi-həsənə” − yəni ən gözəl nümunə kimi vəsf etdiyi Hz. Peyğəmbərin həyatında ibadət, ona verdiyi qiymət haqda bəhs edək və ibadət həyatından örnəklər verək.

      Şübhəsiz ki, ibadət deyildikdə çox vaxt insan ilk növbədə namazı gözünün qabağına gətirir və ibadətin sadəcə -başqa növləri olmasına baxmayaraq- namazdan ibarət olduğu təfəkkürü özünü büruzə verməyə başlayır. İnsanın qeyri ixtiyari olaraq bu qənaətə gəlməsi heç də təsadüfi deyildir. Allah Rəsulunun namazı “gözümün nuru”“dinin dirəyi” kimi keyfiyyətləndirməsi bu təfəkkürün əslində heç də yanlış olmadığına işarət edər. Namaz fiziki hərəkətlərdən ibarət olmaqla yanaşı, onun əsl ehtivasını Allaha qarşı səmimi şəkildə istiqamətlənmək, xüşu deyilən qəlbin bir mənada dünyəvi düşüncələrdən təcrid edilərək Allahla bütövləşməsi təşkil edir. Peyğəmbər namazının xüsusiyyəti məhz budur.

      Səhabədən Abdullah ibn Şihhır (r.a)-ın Peyğəmbərin namazı ilə əlaqəli dedikləri diqqətçəkicidir: “Bir dəfə Rəsulullahın yanına getmişdim. Namaz qılırdı və ağladığı üçün sinəsindən qaynayan qazan səsi kimi səslər gəlirdi.”[1] İnsanın vücudu, dili və qəlbi ilə xüşu içərisində qıldığı və özünü tamamilə Allaha verdiyi namaz, Allahın məhəbbətinə nail olmaq və onun sonsuz rəhmətini hərəkətə gətirmək üçün mühüm bir vasitədir. Təbii ki, bu şəkildə həyata keçirilən ibadət, insanın həm fiziki həm də psixoloji cəhətdən rahatlamasına və ən əsası isə Allaha yaxınlaşmasına səbəb olur.

      Hz. Peyğəmbərin fərz olan namaz ibadətindən başqa nafilə, yəni Allahın məsul tutmadığı, ancaq Allahdan savab umaraq edilən ibadətlərə verdiyi əhəmiyyəti göstərən misallar çoxdur.

      “Kim hər gün Allahın rizasını qazanmaq üçün fərz namazların xaricində nafilə olaraq on iki rükət namaz qılarsa, Allah təala ona cənəttində bir saray inşa edər.”[2]

      Orucun qalxan kimi xarici ünsürlərdən qoruyan bir alət olduğunu ifadə edən Rəhmət Peyğəmbəri ümmətinə ibadət ruhunun aşılanması baxımından fərz olan Ramazan orucu ilə bərabər müəyyən ay və günlər də oruc tutulmasını tövsiyə etmişdir. Özü də həftənin bazar ertəsi və cümə axşamı günləri əməllərin Allaha ərz edildiyi gün olduğunu bildirərək bu günlərdə və eyni zamanda hər qəməri ayın on üç, on dörd və on beşinci günlərində oruc tutardı.

      Həccin insana bütün günahlardan təmizlənmək üçün bir fürsət olduğunu xəbər vermişdir. Bütün şərtlərinə riayət edilərək həyata keçirilən həccin qarşılığının cənnət olduğunu bildirməklə bərabər Ramazan ayında ifa edilən ümrə ziyarətinin həcc dərəcəsində və ya özü ilə həcc edilmiş kimi olduğunu ifadə etmişdir. 

      Fəxri kainat Hz. Peyğəmbər zəruri ehtiyaclarını qarşıladıqdan sonra geri qalan malını gecikdirmədən ehtiyac sahiblərinə verər, əsl zənginlik olan axirət zənginliyini qazana bilmək üçün ehtiyac xaricindəki malın fəqirlərə bir an əvvəl çatdırılmasına etina göstərərdi. Canlı Quran olan Hz. Peyğəmbər xeyir işlərə tələsər, niyyət etdiyi gözəl bir əməli hər hansı bir maneə səbəbi ilə tərk etməyi xoş görməzdi. Səhabədən Üqbə ibn Haris (r.a) Onun bu xüsusiyyətini bir hadisə ilə belə izah edir:

      “Bir dəfə Mədinədə Hz. Peyğəmbərin arxasında ikindi namazını qılırdıq. Rəsuli Əkrəm salam verib namazı qurtardı və dərhal yerindən qalxdı. Səflərin arasından keçərək xanımlarından birinin otağına getdi. Camaat onun bu təlaşından narahat olmaya başladı. Qısa bir müddət sonra geri qayıdan Rəsulullah əshabının bu narahatçılığını gördükdə səbəbini açıqladı:

      Evimizdə bir az qızıl olduğunu xatırladım. Xeyir iş görməyimə əngəl olmasın deyə dərhal fəqir və ehtiyac içində olan insanlara paylanmasını əmr etdim”[3]

      Onun hər bir davranışı ümməti üçün bir nümunədir. Bu baxımdan onun hər bir əməli biz mesəlmanlar üçün böyük dəyər daşıyır. Bir şeyin dəyəri isə o şeydən istifadə etməklə bilinər.

      Allah onun yolundan bizləri ayırmasın! Sünnəsi yolumuzu aydınladan məşəl olsun!


      [1] Əbu Davud, Salət 158

      [2] Müslim, Müsaifirin 103

      [3] Buxari, Əzan 158

       

      • Hits: 939 clicks

      Tecox component by www.teglo.info