Ələddin SULTANOV- BİR AYƏ

      Share

       

      فَوَيْلٌ لِّلْمُصَلِّينَ {-} الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ {-} الَّذِينَ هُمْ يُرَاؤُونَ {-}

      “Namaz qılanların vay halına! O (namaz qılanlar) ki, namazlarına səhlənkar yanaşırlar. Onlar riyakarlıq (üçün ibadət) edərlər”.  (əl-Maun, 4-6)

      İslamın əsas şərtlərindən biri olan namaz Qurani-Kərimdə çox vurğulanan bir ibadətdir. Yuxarıdakı ayələr də namazın əhəmiyyətini ifadə edən ayələrdəndir. Bu ayələrdə xüsusilə namaz qılarkən edilməməsi lazım olan hərəkətlər qeyd olunmuşdur. Burada diqqəti cəlb edən xüsuslardan biri budur ki, namaz qılarkən namaz hərəkətlərini düzgün yerinə yetirməklə yanaşı iman, niyyət, ixlas və təqva kimi xüsusiyyətlər böyük əhəmiyyət kəsb edir. Qurani-Kərimə görə ibadətlərdə niyyət və ixlas tövhidin ibadətə əks olunmasıdır. Belə bir ibadəti Hz. Peyğəmbər (s.ə.s) “Allahı görürmüşcəsinə ibadət etmək” (Buxari, İman, 37) olaraq ifadə etmişdir. Burada Uca Allah: “O (namaz qılanlar) ki, namazlarına səhlənkar yanaşırlar”, - buyuraraq namaza biganə yanaşanları məzəmmət etmişdir. Təfsirçilər bu ayədə “qafil” sözü ilə ifadə edilən səhlənkarlığa aşağıdakı halları daxil etmişlər:

      - Namazın vaxtı girən kimi qılmaz və onu son vaxtına qədər gecikdirər.

      - Namaz qılıb-qılmamağa əhəmiyyət verməz və əgər namazın vaxtı keçsə, bundan narahatçılıq hiss etməz.

      - İnsanların arasında ikən namaza etina göstərib düzgün şəkildə qılar, ancaq tənhalıqda qılmaz, yaxud tələsik bir şəkildə, etinasız qılar.

      - Namazda oxuyacağı surə, dua və zikrləri düzgün şəkildə oxumaz, rüku və səcdəni tam yerinə yetirməz.

      - Namaz qılarsa, ondan bir savab və mükafat gözləməz, qılmadığı təqdirdə bu səbəblə əzaba düçar olacağından qorxmaz.

      Hz. Peyğəmbər (s.ə.s) bu kimi xüsusiyyətlərə sahib olanları “namaz oğrusu” olaraq adlandırmışdır. Belə ki, Rəsulullah (s.ə.s) bir dəfəsində səhabələrinə belə demişdi: “Ən pis oğru öz namazını oğurlayandır”. Bu zaman səhabələri: “Ey Allahın Rəsulu, bir insan öz namazını necə oğurlaya bilər?” – deyə soruşdular. Rəsulullah (s.ə.s) belə cavab verdi: “Rükunu və səcdəni tam olaraq yerinə yetirməz. Bu, namazdan oğurluq etməkdir. İnsanların ən xəsisi də salamlaşmaqda xəsislik edəndir”. (Əhməd b. Hənbəl, “Müsnəd”, III, 70)

      Uca Allah bu şəkildə namaz qılanlar barəsində “Onlar riyakarlıq (üçün ibadət) edərlər” demişdir. Riyakarlıq münafiqliyin ən mühüm əlamətlərindən biridir. Çünki bir münafiq namaz ibadətini ancaq digər müsəlmanlar görsünlər deyə əda edər. Təkbaşına qaldığında isə heç bir ibadətə əhəmiyyət verməz. Bu da Allah-Təalanın ən sevmədiyi insan feillərindən biridir. Bir mömin həqiqi mənada münafiq olmasa belə, namazında yuxarıdakı səhlənkarlıqlara və nöqsanlara yol verdiyi təqdirdə bir növ münafiqliyin əlamətlərini daşımış olar. Bu da onda getdikcə iman və ixlas zəifliyi yaradar.

      • Hits: 380 clicks

      Tecox component by www.teglo.info