AĞSAQQAL NƏSİHƏTİ- Şahmərdan KAMALOV; Mənasız yüz il də yaşasan, nə fayda!..

      Share

      İrfan: Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

      Şahmərdan K : Mən, Kamalov Şahmərdan Rza oğlu 1947-ci ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olmuşam. 1971-ci ildə Qalaya köçmüşəm.

      - Uşaqlıq illərinizdən yadınızda qalan xatirələrdən danışardınız.

      - Uşaqlıq illərim bibimin yanında keçib. Bibimin uşağı olmadığı üçün atam məni onlara vermişdi. Bibimin yoldaşı da ibadət əhli idi. Mən onun himayəsində böyümüşəm. Dini bilikləri də ilk dəfə elə ondan öyrənmişəm. 11-ci sinifi bitirdikdən sonra təxminən iki il təsərrüfatda mühasib kimi işlədim. 1967-də hərbi xidmətə getdim. İki il sonra hərbi xidməti tamamlayıb geri qayıtdım. Yenə təsərrüfatda işləməyə davam etdim. Qiyabi olaraq texnikumu bitirdim. Sonra Qala kəndinə gəldim. Burada təsərrüfatda iyirmi il zeytun bağında briqadir işlədim.  

      - İbadətlə məşğul olmağınız necə, nə vaxtdan başlamısınız?

      - Elə uşaqlıqdan bəri... O vaxtlar çox qıtlıq var idi, çətinliklər var idi. Yol yox, maşın yox... Yenə də imanı möhkəm olan kəslər dini-ibadəti buraxmırdı. Mən də böyüklərimdən görüb elə balacalıqdan etibarən ibədətlə məşğul olmuşam.

      - Quran oxumağı neçə yaşınızda öyrənmisiniz?

      - Quranı bu yaxınlarda öyrənmişəm, məscid açılandan sonra. Altmış yaşım olardı. Ondan əvvəl Quran oxuya bilmirdim. Sovet dövründə belə şeylərə icazə yox idi. Şəxsən ibadət edənlərə dəymirdilər, amma başqalarına öyrətməyə, dərs keçməyə icazə yox idi.

      - Bəs atanız necə, o da namaz əhli idi?

      - Düzdür, sovet dövründə ümumi olaraq dini sahədən xeyli aralanmışdıq. Amma atam heç vaxt öz inancından dönməyib. 1951-ci ildə atam Binə kəndindəki mədənə bir illik işə yollanmışdı, məcburi olaraq. Danışırdı ki: “Bir günorta vaxtı namaz qılırdım. Birdən dedilər ki, Vəzirov gəldi. Azərneftin rəisi idi. Bir erməni ustamız var idi, dedi ki, tez ol namazı burax, gəlib görərlər. Mən namazı yarımçıq kəsmədim. Vəzirov gələndə soruşub ki, niyə oturmusunuz. Onlar da deyiblər ki, açarçı namaz qılır. O da deyib: “dəyməyin”. Mən namazı qurtarandan sonra dedi ki, “kişi, neçə vaxt namaz qılırsan?” Dedim ki, “beş vaxt”. Onda dedi ki, “bunun beş vaxt namazına dəymirsiniz, əmək haqqından da kəsmirsiniz!..”

      - İnsan ömrü uzundur, yoxsa qısa?

      - Əgər mənalı yaşayırsansa, ömrün nə qədər olduğu mühüm deyil, qısa ömür də kifayət edir. Yox əgər mənasız yüz il yaşasan, onun nə faydası var? Bəzən geriyə baxanda görürəm ki, çox vaxtlarım boş keçib. Mən onlara heyfsilənirəm. Düzdür, gördüyüm işlərdə hər zaman Allahı nəzərdə tutmuşam ki,  o məni görür. Yenə də daha çox ibadətlə keçirə biləcəyim vaxtlar olub.

      - O vaxtkı gənclik ilə indikinin fərqini nədə görürsünüz?

      - İndiki gənclik, şükür Allaha, yaxşıdır, amma mən öz yaşıdlarımı nəzərdə tutaraq deyə bilərəm ki, bizim gənclik dövrümüzdə yaşlılara göstərdiyimiz sayğı indikilərdə yoxdur. Məsələn, biz adicə müəllim yaşayan küçədən, onun evinin qarşısından keçməyə cürət edə bilmirdik. Heç olmasa, başımızı açırdıq, papağımızı əlimizə götürürdük. Fikirləşirdik ki, onunla qarşılaşsaq necə salam verib keçək ki, sabah məktəbdə bizi danlamasın. İndi ümumi olaraq uşaqların hamısı dəyişib. Elm artıb, əxlaq azalıb.

      İnsanlarda bir az mərhəmət kəsilib. Telefonlar çoxalıb, maşınlar çoxalıb, hər şey rahatlaşıb, amma yaxınlar, bacı-qardaş bir-birinə vaxtlı-vaxtında gedib dəyə bilmir.

      - 18-ci illərdə ermənilərin törətdiyi soyqırım haqqında xatırladığınız nəsə varmı?

      - Əlbəttə! Atam da, anam və xalalarım da bu hadisələrin canlı şahidləri olublar. Mənim bir dayım o vaxtlar, 1918-ci ildə, qundaqda körpə olub. Ermənilər bizim kəndə hücum edəndə o yaddan çıxıb evdə qalıb. Kəndin aşağısında İncirli deyilən yerə çatanda yada düşüb ki, uşaq evdə qalıb. Bir də təzədən qayıdıb uşağı götürüblər. O soyqırımda bizim kənddən çox adam ölüb. Yasin adında bir kişi olub. Acı dərədə ermənilər arxasınca düşürlər, bu, ölülərin arasına yıxılır. Gəlib xəncəri üzünə çəkirlər ki, görək sağdır, ya ölü?! Kişi tərpənməmişdi, özünü ölü kimi göstərib canını qurtarmışdı. Kəndin adamlarının çoxu Sündü kəndinə qaçmışdı. Kəndçilərimizdən biri gedib Mərəzədən malakanları gətirib, onların atlı furqona qoşulan topu var imiş. Onların köməyi ilə bizimkiləri xilas ediblər.

      - Qafqaz İslam Ordusunun gəlişi haqda nə danışardılar?

      - Bizim kəndimizdə İslam Ordusunun şəhidlərinin üç yerdə qəbirləri var. Bir də Acı dərədə tək şəhid qəbri var. Bizim camaatın ermənilərin hücumundan qorunması üçün canlarını fəda ediblər. Allah rəhmət eləsin.

      - Bəs Sovetlər dövründə, o vaxt Azərbaycan-Türkiyə münasibətləri qəti şəkildə əngəllənirdi, kəndin camaatı şəhid qəbirlərinə necə baxırdı?

      -  Bizim yaşlılarımız, ağbirçəklərimiz, məsələn bibim elə mənim özümü bayram vaxtı onların ziyarətinə aparardı. Onların qəbirləri bir pir kimi ziyarət edilirdi. Adları bilinmirdi, amma deyirdilər ki, bunlar bizi erməni-müsəlman davasında müdafiə etməyə gələndə şəhid düşənlərdi. Xüsusilə yazda, payızda köç vaxtı belə müqəddəs yerlər daha çox ziyarət edilərdi.

      - Fürsətdən istifadə edib gənclərimizə, oxucularımıza nə kimi tövsiyələr vermək istəyərdiniz?

      - Gənclərimiz bilməlidir ki, çox şükür, gözəl bir zəmanəyə gəlib yetişmişik. Hər şeydə azadlıq var, dinimizdən istədiyimiz şəkildə istifadə edə bilirik. Sovet dövründə, 70 illik bir zülmət içində dədə-babalarımız necə ki, onu qoruyub saxladı, gənclərimiz də saxlayıb gələcək nəsillərə ərməğan etməlidir.  Bu din anadan olandan qəbir evinə qədər bizim üçün tərtib olunmuş bir proqram kimidir. Kim ona uyğun hərəkət edərsə, səhv yola düşməz, peşman olmaz.

      - Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

      - Mən də təşəkkür edirəm.

      • Hits: 327 clicks

      Tecox component by www.teglo.info