Söyləyə Bilməmək... / Adem Şahin

      Share

      Axşamın gec saatlarında Zaqatalaya yola düşərkən ev sahibi “Hocam, çatan kimi bir dəfə zəng at.”dedi. Yollar bədirlənmiş ayın nuru ilə işıqlıdır...

                  Necə də gözəl bir söz. “çatan kimi zəng at” Anam düşür yadıma. O da Anqaraya gedərkən “çatan kimi xəbər elə” deyərdi. Səmimi söylənmiş bu iki kəlmə bütün varlığımı təsir altına aldı. Bomboş yolda maşının işıqlarını söndürərək davam etmək meditasiyaya bənzər bir təsir bağışlayır adama...

                  Dəyər görmək, dəyər vermək necə də gözəl bir duyğu. İnsanla heyvan arasındakı fərqləri müxtəlif şəkillərdə ifadə etmişlər. Dəyər görmək və dəyər vermək kimi bir fərqi tərənnüm edən olubmu görəsən? “Təki dostum məni xatırlasın. Bir soğan qabığı ilə də olsa xatırlasın” sözündəki dəyər duyma və xatırlanma duyğusunun dadı nəinki soğanı, onun qabığını da yağ-bal etməkdədir.

                    Əshabı-kiram da Allah Rəsulundan dəyər, hörmət gördüyünü daima hiss etmişdir. Amr b. As həzrətləri deyir ki: “...Rəsulullah insanların ən azğınına belə diqqət edər, yaxın əlaqə göstərər və bununla da qəlblərini qazanmaq istərdi. Mənə də eyni şəkildə dəyər vermiş və mənimlə o qədər ürəkdən maraqlanmışdı ki, özümü Rəsulullahın yanında olan insanların ən etibarlısı və ən sevgilisi zənn etmişdim... ”

                  Uşaqlıq illərimdə televizora baxarkən tez-tez eşitdiyim “səni çox sevirəm, canım anam” və s. kimi ifadələri çaşqınlıq, sual, bəzən də lağla qarşılardım.

                  Atamın həmişə “Uşaqlar, mənə -canım babacığım- deyin” ricasını çox təəssüf ki, beş övladından heç biri yerinə yetirmədi. Bir az etiraz kimi olmasın, atamın da qulaqlarından uzaq, biz də uşaqları olaraq “canım oğlum” şəklində bir xitabı  duymaq istərdik atamızdan...

                  Ata-övlad arasında cərəyan edən duyğu yüklü sevgi ifadələri Quranda öz əksini belə tapmışdır. 

                  Hz. Yaqub və Hz. Loğman övladlarına “ya buneyyə - ey balacığım” deyərək xitab etmişlər. Hz. İsmayıl, Hz. İbrahim və Hz. Yusuf da atalarına “yə əbəti – atacığım, canım atam” şəklində xitab etmişlər. Bir gün sinifdə “Ya buneyyə və Ya əbəti” ifadələrini anladarkən gözləri dolan bir tələbəmin yetim olduğunu sonradan öyrəndim.

                  Biz istəsək də, istəməsək də yaşadığımız cəmiyyətin izini, rəngini və boyasını özümüzdə əks etdiririk. Ümumiyyətlə biz şərq millətlərinin zehniyyətinə sevgini gizləmək və etiraf edə bilməmək hakimdir. Kiçiklər üzərindəki heybətimiz və avtoritetimiz zədələnməsin deyə bəzən təbəssüm etməyi belə çox görürük. Qırx yaşını keçmiş bütün tanışlarımın demək olar ki, təbəssüm edərkən şəkli yoxdur. Yaşı çox olanlar şəkil çəkdirərkən əsgər kimi ciddi dururlar nədənsə. Rəhmətlik babamdan nəvəsini sevərək oxşayan adamlara belə dediyini tez-tez eşidərdim. “Uşağı qucağına alma, yerdə yatarkən ayağınla oxşa...”

                  Sevgi ay, dəyər verməksə onun işığı. Ay nə boyda isə işığı da o nisbətdədir. Əslində məsələ bu qədər bəsitdir. Ay bədirlənərkən içindən daşan və kamilləşən işıqları canlı-cansız, yaxşı-pis nə varsa hamısını əhatə edər. “Biz Uhudu, Uhud da bizi sevir” sözü də bu mənadadır. Bir gün Məcnun Leylinin evinin önünə gedərək gözlərini göyə zilləyər. Ona “Ey Məcnun, göyə yox, Leylinin otağının divarına bax. Bəlkə onu görərsən.” deyirlər. O isə “Əksi Leylinin evinə düşən ay mənə bəsdir.” deyərək cavab verir.

                  Məntiqimizə Mövlana həzrətlərindən kiçik bir müxalifət var. Etiraz edəcək deyilik, susaraq sözü ona veririk: “Ayın işığı nə qədər məşriq və məğribi içinə alsa da evə girəcəyi miqdar pəncərənin böyüklüyünə görədir…”

                  Sevgidə sevən insanın zövq alması əsasdır. Zövq alınmazsa çəkilən iztirablar iztirab olaraq qalar. Bu xüsusda İmam Qəzzali həzrətləri buyurur ki:

                  “Sevgi, canlı varlıqların həzz verən hər hansı bir şeyə meyl salmasıdır. Sözü gedən meylin artaraq güclənməsi halına isə eşq deyilir.”

                  Sevginin və dəyər vermənin təbii təzahürlərini salamlaşmaq, təbəssüm etmək, hədiyyə vermək, üstünə titrəmək …. şəklində ifadə edə bilərik. Həyatda sahib olmağı istədiyimiz hər şeyi çalışaraq və cəhd edərək əldə edəcəyimizi bildiyimiz halda bunun təkcə sevgidə imkansız olması necə də təəccüblüdür…

                  Sevgini etiraf edə bilməmək, səni sevirəm deyə bilməmə xəstəliyi, kökü yüzillərə dayanan tarixi, mədəni, sosialoji və psixaloji səbəblərdən qaynaqlanır. Şükürlər olsun ki, sevgisini bəşəriyyətə ifadə etməyi əmr edən və sevgini gizlətmə xəstəliyini yox etməyə qərarlı bir peyğəmbərimiz var. Hədisi-şəriflərdə buyurulur:

      Hz. Peyğəmbər (s.ə.s) Muaz b. Cəbəlin əlindən tutaraq belə demişdir: “Ey Muaz, and olsun ki, mən səni sevirəm. Ey Muaz, hər namazdan sonra Allahım səni anmaq, sənə şükr etmək və sənə layiqincə qulluq etmək üçün mənə yardım et! duasını tərk etməməni tösiyə edirəm.”

                  “Din qardaşısını sevən ona sevgisini bildirsin!..”

                  Hz. Süleymanın atlarının sümükləri üstündən illər keçdi. Bu duyğuları leyləklər deyil, “çatan kimi zəng at” sözü ilə bədirlənmiş ay işığında yol qət etmək doğurdu... hələ yol bitmədi... çatanda unudub zəng etməməkdən qorxuram... Qış küləyi: “Bu yol uzundur, mənzili çoxdur, keçidi yoxdur, dərin sular var...” deyib fısıldayır. Yollar bir-birinə qarışır, ən yaxşısı maşının işıqlarını yandırmaq...

       

      • Hits: 1050 clicks

      Tecox component by www.teglo.info