155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Ələddin SULTANOV- BİR AYƏ

      Share

      النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ

      “Peyğəmbər möminlərə öz canlarından daha yaxındır...”

      (əl-Əhzab, 33/6)

      Təfsirlərdə keçən bir rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) Təbük səfərinə çıxmaq istədiyi zaman müsəlmanlara bu döyüş üçün hazırlanmalarını əmr etdi. Bu zaman səhabələrdən bəziləri: “Ata-anamızdan icazə istəyək”, - dedilər. Bunun üzərinə yuxarıdakı ayə nazil oldu. Yəni həqiqi möminlər üçün Hz. Peyğəmbər (s.ə.s) ata-anadan və digər bütün insanlardan, hətta öz canından daha əziz olmalı və onun sözünə itaət edilməlidir.

      Hz. Peyğəmbərin (s.ə.s) xüsusiyyətlərindən birini də məhz bu ayədən öyrənirik. Belə ki, o, möminlərə özlərindən daha yaxındır. Bu ayədəki “öz canlarından” ifadəsini iki cür başa düşmək olar. Birincisi, Hz. Peyğəmbər (s.ə.s) onlara öz nəfslərindən daha əzizdir. İkincisi də, onlar Hz. Peyğəmbəri (s.ə.s) digər möminlərdən və yaxın qohumlarından daha çox sevərlər. Necə ki, Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Canımı əlində tutan Allaha and olsun ki, mən bir kimsəyə öz canından, sərvətindən və oğul-uşağından daha sevimli olmadığım müddətcə o, həqiqi mənada iman etmiş olmaz!” (Müslim, İman, 69) Qurani-Kərimdə və sünnədə Hz. Peyğəmbər (s.ə.s) sevgisinin bu qədər vurğulanmasının bir çox səbəbi var. O, insanlığın xilası üçün son ilahi din olan İslamı təbliğ etmiş, insanlara olan sevgi və şəfqəti səbəbi ilə İslamı qəbul etmələri üçün özünü həlak edəcək dərəcədə səy göstərmişdir. Eyni zamanda onun surəti, əxlaqı və təbiəti misli-bərabəri olmayacaq dərəcədə gözəl və mükəmməl idi. Həmçinin bir çox hədisi-şərifdə də qeyd edildiyi kimi, ümmətinə çox düşkün olub, axirətdə onlar üçün şəfaət edəcəkdir. Bütün bu xüsusiyyətlərə sahib bir peyğəmbəri hər kəsdən və hər şeydən daha çox sevməyən bir mömində isə elm, irfan və iman əskikliyi vardır. Buna görə də dünya və axirət xoşbəxtliyinin yollarını göstərən Peyğəmbərimiz Hz. Muhammədi (s.ə.s) sevmək, onu özünə rəhbər etmək və nümunə götürmək hər bir möminə vacibdir.

      Allahı sevməyə gedən yol da, həmçinin, onun elçisinə itaət etmək və onu sevməkdən keçir. Necə ki, başqa bir ayeyi-kərimədə Uca Allah belə buyurur: “De: Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. (Ali-İmran, 3/31) Çünki Rəsulullaha (s.ə.s) itaət etmək Allah sevgisinin bir hissəsi və onun sevgisini qazanmağın bir şərtidir. Onun Allahın təlim etdiyi “ən gözəl əxlaq” üzrə olması və “həbibullah” olaraq vəsf edilməsi də əbəs yerə deyildir. Ona görə də həqiqi möminlər Rəsulullahı (s.ə.s) Allah rizası üçün sevərlər. Bu sevgi möminləri Allahın sevgisinə yaxınlaşdırar. 

      • Hits: 458 clicks

      Tecox component by www.teglo.info