Mübariz ƏLİOĞLU- Könülləri birləşdirən sevgi bağları

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

      “Zəkəriyya (ə.s) hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya): “Ya Məryəm! Bunlar sənə haradandır?” - dedikdə o: “Allah tərəfindəndir”,  -  deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” (Ali-İmran, 37)   

       Aləmlərin Rəbbi olan Uca Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       Qüdrətli bir sənətkar olan Rəbbimiz tərəfindən xəlq edilmiş kainat zərrədən ən böyük göy cisimlərinə qədər hər bir nümunəsində adəm övladlarının mənəvi təkamülünə vəsilə olacaq zənginliyə malikdir. Bu nümunələrin ən mürəkkəbi və yaradılış baxımından ən ecazkarı da, şübhəsiz ki, insandır. İlahi iradənin  maddi və mənəvi bütövlüyü iqlimində kainatı və onun göz bəbəyi olan insan övladını özünə tanıdacaq, anladacaq olanlar da yenə İlahi izinlə bu incə həqiqətlərə könül vermiş Allah dostları ola bilər. Həm öhdələrinə düşən qulluq əhdinə sadiq olma, həm də qəlblərin dirilişi və tərəqqisi naminə həssas könülləri sevgi bağları ilə birləşdirmə sənətinin öncülləri olan bu ərlərin həyat hekayələri,  gözəl nəticələri ilə ömürlərə bərəkət verən məna xəzinələridir.

      Dövrünün tanınmış alimlərindən olan Gönənli Məhməd əfəndi Sultan Əhməd Camesinə imam olaraq təyinat almışdı. Camenin ətrafını, Əbül Həsən Harakani həzrətlərinin: “Alim səhər erkən qalxaraq elmini artırmaq üçün zəhmətə qatlanar. Zahid zöhdünü artırmaq istəyər. Tacir də ticarətinin artırılmasını istəyər. Əbül Həsən isə bir qardaşının könlünü sevindirmək və onu uca məqamlara yüksəltmək dərdinə bürünərək Rəbbinin izni ilə vəzifəyə başlayar” ifadələrini rəhbər tutaraq incələməyə başladı. Məqsədi də fağır və düşkün insanları tapıb əlaqə yaratmaqdan ibarət idi. Bir müddət sonra o, ətrafda oturan və gözdən əlil bir kimsənin olduğu xəbərini aldı və onun ziyarətinə getməyə qərar verdi.

      Gözdən əlil kimsənin komasına yaxınlaşıb qapısını döydü, onu görüncə də salam verib, dedi: “Əfəndim! Mən Sultan Əhməd Camesinə imam təyin edilmişəm. Həm sizi ziyarət etmək, həm də sizinlə əlaqədar bir vəzifəm varsa, onu yerinə yetirmək üçün görüşmək istəyirəm”. Gözdən əlil adam: “Xoş gəldiniz, imam əfəndi. Təklifinizə görə də Allah sizdən razı olsun”, - dedi. İmam əfəndi: “Haradansa əmək haqqı alırsınızmı?” – sualına “xeyr” cavabını aldı. “Bəs hər hansı bir gəliriniz varmı?” - sualına da “xeyr” cavabını alan imam təəccübünü gizlədə bilmədi: “Yaxşı, bəs siz bu halınızla necə keçinirsiniz?” Gözdən əlil adam bu sual qarşısında əsəbini cilovlaya bilmədi: “Bunları soruşmaqda məqsədiniz nədir? Bir də ki, siz imamsınız. Ruzini ehsan edənin kim olduğunu bilmək o qədər də çətin deyil axı?! Gedə bilərsiniz!”

       Bu davranış qarşısında Məhməd əfəndi oradan ayrılmaq məcburiyyətində qalmışdı. Şərtlərin bu şəkildə dəyişməsinə baxmayaraq təslim olmaq istəmirdi. Məyus olsa da, qəlbi dərinliklərində sanki o yaşlı adamdan ətrafa saçılan ilahi rəhmətin ətrini hiss edirdi. Bu o ətir idi ki, Mövlanə həzrətləri onu belə vəsf edirdi: “Ətirlərin ən gözəli könül ətridir. Çünki o ətir Rəbbin ətridir. O ətir qırılmış, təslim olmuş və ilahi ehtişama məğlub olmuş könüllərdə qərar tutar”. Məhməd əfəndi yaşadığı həyəcandan dolayı gecəni yuxusuz keçirdi. Ertəsi gün yenə ora gedərək qapını döydü. İçəridən gələn: “Kimsən?” - sualına: “Dünən qovduğunuz üzsüz imam”, - deyə cavab verdi. Gözdən əlil adam qapını açdı və: “Yenə niyə gəldin?” - deyə soruşdu. Məhməd əfəndi: “Eləcə ziyarətinizə gəldim. Məni min dəfə qovsanız da, yenə gələcəyəm”, - dedi. Gözdən əlil adam: “Adın nədir?” Məhməd əfəndi: “Adım Məhməd Ögütçüdür. Məni Gönənli xoca deyə də tanıyırlar”. Komanın sahibi bu adı eşidəndə imamı içəri dəvət etdi və ondan üzr diləyərək dedi: “Qüsuruma baxma, xoca! Dünən qəlbini qırdım. Haqqını halal et”. Məhməd əfəndi də: “Əstəğfirullah, əfəndim! Sizin gözləriniz görmür. Bu halınızla da kimsənin köməyinə ehtiyac duymursunuz. Bu necə olur? Sirriniz nədir?” - deyə marağını gizlədə bilmədi. Bu sual qarşısında gözdən əlil adam sirrini açmağa başladı: “Əbul Həsən Harakani həzrətləri belə buyurur: “Əgər sən öz yoxluğunu Rəbbinə təslim etsən, O da öz varlığındakı sonsuz lütflərini sənə ehsan edər”. Mən də hər gün quşluq namazını qıldıqdan sonra yoxluğumu Rəbbimə təslim edərək bunları söyləyirəm: “Ya Rəbbi! Vaxt Sənindir! Gözəllik Sənindir! Nemət və hər şey Sənindir! Əgər ruzim göydə isə onu yerə endir. Yerdə isə çıxar. Uzaqda isə yaxınlaşdır. Haram isə halal eylə. Dar isə genişləndir və onu mənə ver”. Sonra əllərimi üzümə sürər-sürməz biri gəlib sağ dizimə vuraraq “əlini aç” deyər. Bu şəkildə ogünkü ehtiyacımı verib gedər. Eyni şəxs bu gün də gəldi və sağ dizimə vuraraq bugünkü qismətimi verdi. Sonra sol dizimə vuraraq: “Bunu da Gönənli Məhməd əfəndiyə ver, - dedi. Al, bu, sənin qismətindir”. Bu sözləri duyan böyuk alim, fağırların və tələbələrin mənəvi atası sayılan Məhməd əfəndi: “İlahi! Ya Rəbbi! Hikmətindən sual olunmaz”, - deyərək için-için ağlamağa başlayır və sonrakı xatirələrində bunları qeyd edir: “O gözdən əlil adamdan bu mübarək qisməti aldıqdan sonra ömrüm boyu darlıq və sıxıntı hiss etmədim”.  

      Bu ibrət dolu könul söhbətinə məna möhrünü qoyan Mövlanə həzrətləri belə buyurur: “Ağlına yalnızlıq gəlməsin, məsafələr yalandır. Acılar ürəyini daraltmasın, dünya bir imtahandır...” 

      • Hits: 213 clicks

      Tecox component by www.teglo.info