155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Alpay ƏHMƏDOV- SİYASİ REALİZM NƏZƏRİYYƏSİ NƏ DEYİR?

      Share

      Bütün elmlərdə olduğu kimi, beynəlxalq münasibətlərdə də özünəxas müxtəlif nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələr dövlətlərin yaranışı dövründən etibarən onların bir-biri ilə olan siyasi, eləcə də iqtisadi münasibətlərinin mahiyyətini,

       son iki yüz ildə o cümlədən beynəlxalq təşkilatların dünyada oynadığı rolu və onların qanunauyğunluqlarını öyrənir.

      Dünya prosesləri daha çox iki nəzəriyyə kontekstində öyrənilir: realizm  və idealizm və ya sonuncudan yaranan neoliberalizm. Haqqında bəhs etdiyimiz realizm nəzəriyyəsi ingilis alimi Edvard Karrın 1939-cu ildə çıxan “20 illik böhran”, daha geniş və əhatəli şəkildə isə amerikalı alim Hans Morqentaunun irihəcmli “Dövlətlər arasında siyasət” kitabında öz əksini tapmışdır.

      Siyasi realizm nəzəriyyəsinin 6 əsas prinsipi var:

      1. Siyasət obyektiv qanunlarla idarə olunur. Bu qanunun kökü isə insan təbiətindədir. Vaxt keçdikcə bu qanunlar dəyişmir və bunlar bizim nəyi üstün tutmağımızdan asılı deyildir.

      2. Beynəlxalq siyasətin dərk olunmasının açarı qüvvə, güc kimi tərif verilən maraq məfhumudur. Xarici siyasətin müəyyən edilməsində etik məsələlərə, siyasi fəlsəfəyə və fərdi maraqlara yer yoxdur. “Beynəlxalq siyasət də bütün başqa siyasətlər kimi hakimiyyət, güc uğrunda mübarizədir”.

      3. Zamandan, məkandan və kontekstdən asılı olaraq, dövlət hakimiyyətinin formaları dəyişsə də, maraq məfhumu dəyişmir.

      4. Universal etik prinsiplər dövlətin fəaliyyətini müəyyən etmir.

      5. Universal şəkildə razılaşdırılmış mənəvi prinsiplərin məcmusu yoxdur. H.Morqentauya görə dövlətlər universal prinsipləri irəli sürməklə, öz milli yaxud mədəni dəyərlərini dünyaya tanıtmaq məqsədi güdür.

      6. Siyasi sahə intellektual cəhətdən digər sahələrdən asılı deyil. Bu səbəbdən, beynəlxalq sahə, onun dəyərləndirmə və təhlil meyarları fərqlidir.

      Siyasi realizm nəzəriyyəsinin beynəlxalq münasibətlər arenasına pessimist gözlə baxdığını desək, yanılmarıq. Qeyd etmək lazımdır ki, bu nəzəriyyə keçən əsrin 60-cı illərində Kennet Uolts adlı amerikalı alimin sayəsində neo və ya struktur realizm mərhələsinə keçmiş oldu. Transformasiya olunmuş bu nəzəriyyə əvvəlki baza prinsiplərini yenə özündə əks etdirirdi, yəni, beynəlxalq münasibətlərdə güc, milli maraqlar kateqoriyaları öz aktuallığını itirməmişdi. Sadəcə, neorealizmə görə, ikiqütblü sistemin yaratdığı qüvvələr balansı dünyada elə bir oyun qaydası yaratmışdı ki, dövlətlər heç də hər zaman istədikləri kimi güc faktoruna əl ata bilmirdilər. Məsələn, Robert Qilpin və Stefan Krasner kimi məşhur alimlər iqtisadi faktorların dövlətlərin siyasi iradəsinə təsir etdiyini öz əsərlərində xüsusilə vurğulayırdı.

      Sual meydana çıxır, dünyanın bugünkü geosiyasi reallıqlarını izah etmək baxımından realizm nəzəriyyəsi öz aktuallığını saxlayırmı? Bu suala Çikaqo Universitetinin professoru Con Mirşaymer cavab verərək hesab edir ki, hal-hazırda baş verən kataklizmlər, - SSRİ dağıldıqdan sonra NATO-nun Şərqə doğru genişlənməsi, Ərəb baharı və nəhayət Gürcüstan və Ukrayna ilə bağlı Rusiya-Qərb qarşıdurmasının əsas səbəbi elə dünya liderlərinin məhz realistlərin tövsiyələrini nəzərə almadıqları ilə bağlıdır. Onların fikrincə, Qərb 1994-cü ildən etibarən rəsmi Moskvanı qıcıqlandıran siyasi addımlar atmamalı idi. Yeri gəlmişkən, ABŞ-ın Nikson hakimiyyəti illərində dövlət katibi olmuş Henri Kissincer də son illərdə verdiyi intervülərdə eyni tezisi təkrar edir.

      Sonucda söyləmək olar ki, realizm hansı səviyyədə transformasiyaya uğramasından asılı olmayaraq, dünyanın sonuna qədər öz aktuallığını itirməyəcək. Çünki öncə qeyd edildiyi kimi, bu nəzəriyyənin ilk prinsipləri insan xisləti ilə bağlı olan məsələlərdir.

      Müsəlman dövlətləri də faktiki olaraq, bu və ya digər dərəcədə realizmin qanunauyğunluqları çərçivəsində xarici siyasət həyata keçirir. Çünki bu siyasi məktəbin əsas prinsiplərindən biri lazımi gücə malik olmaqdır. Güc isə məlum olduğu kimi, geniş anlayışdır və dünyada öz sözünü demək istəyən istənilən dövlət bu gücə nail olmaq istəyir. 

       

      Qeyd: Məqalənin yazılmasında beynəlxalq münasibətlər üzrə nəzəriyyə dərsliklərindən istifadə edilmişdir.

      • Hits: 463 clicks

      Tecox component by www.teglo.info