Zaur ORUCOV- GÖRMƏ VƏ KAMERA

      Share

      Heç uşaq ikən gözlərinizi bağlayıb qaranlığa qərq olan dünyanızı, görmədiklərinizin sizi də görmədiyini fikirləşdiyiniz an oldumu? Qədim yunanların görmə ilə əlaqədar heç düşünmədiyimiz gəribə fikirlərinin olduğunu bilirdinizmi? Bu haqda  tarix boyu bir neçə fikir ortaya çıxmışdır.

       Birinci iddia dövrümüzdə mövcud olan lazer texnologiyasına oxşar bir açıqlamaya sahib idi. Belə ki, qədim yunan filosofları fikirləşirdilər ki, görmək üçün gözümüzdən  şüalar çıxır, bu şüalar  gözümüzün baxdığı yerdəki cisimlər tərəfindən sınır, beləliklə, gözümüzdən çıxan şüaların hərəkəti ilə biz görə bilirik. 

      İkinci iddiaya görə isə, hər hansı bir əşyanın gözümüzə girməsi sayəsində görə bilirik. Aristotel, Qalen və onun davamçıları bu fikri mənimsəmişdilər. Bir fikir müşəxxəs təcrübəyə əsaslanmadığı üçün, əsrlər boyu ancaq nəzəri fikir olaraq qalmışdı. Bu teoremi müşəxxəs halda izah edən, ona istiqamət verən böyük İslam alimi Kindi və onun davamçıları olmuşdur.

      Zəngin bir ailənin övladı olan Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (m. 801-873) Kufədə dünyaya gəlmişdi. Müsəlman olduqdan sonra qəbiləsinin öndərləri ilə atası Kufədə məskunlaşmışdır. Atası İshaq ibn Səbbah uzun illər Kufədə vali vəzifəsini tutmuşdur.  

      IX əsrdə yaşamış olan Kindi özündən sonrakı alimlərin önünü açan, çox sayda əsərə imza atan dahi müsəlman alimidir.Uşaqlığı Bəsrə və Kufədə keçən Kindi kiçik yaşlarında atasını itirir. İbtidai sinfi bitirdikdən sonra dilçilik və ədəbiyyat sahəsində təhsil alır. Xəlifə Məmunun 830-cu ildə qurduğu Beyt əl-Hikmədəki alimlər cəmiyyətinə daxil olur. Onun bu nailiyyəti diqqətdən kənar qala bilməzdi. Abbasi xəlifəsi Kindiyə xüsusi ehtiram göstərmiş və onun elmi fəaliyyətinə böyük dəstək vermişdir. Kindi sarayda astronom və astroloq fəaliyyəti ilə bərabər münəccimlik də etmişdir. Fəlsəfə, tibb, riyaziyyat, astronomiya, ilahiyyat, psixologiya, fizika, kimya və musiqiyə aid əsərlər ərsəyə gətirmişdir. Elmin iyirmiyə yaxın sahəsinə töhfə verən Kindi öz külliyyatında 277-ə yaxın əsər yazmışdır. Müşahidələrinin nəticəsində  astronomiya elmi haqqında dəqiq fikirlərinin yer aldığı bir əsər qələmə almışdır. Əsərin  sual və cavabların olduğu bölümləri ilə yanaşı,  “Hava dəyişikliyi”, “Günəş Tutulması”, “Ulduzların Şüası” tezislərinin də yer aldığı 40 bölümdən ibarət “Ulduzlardakı Qanun” adlı əsəri meydana gətirmişdir.

      Xəlifə Məmunun dövründə Beyt əl-Hikmədə idarəçilik vəzifəsi tutmuşdur. Ona bu müvəffəqiyyətinə görə başqa vəzifələr təklif olunsa da, o, yenə də Beyt əl-Hikmədə qalmağı üstün tutur. Xəlifə Mötəsimin oğlu Əhmədin təlim-tərbiyəsi ilə də məşğul olmuşdur. Kindinin 17 əsəri latın dilinə, 4 əsəri isə İbrani dilinə tərcümə edilmişdir.

      O, Avropada “Alkindus” adı ilə tanınan ilk İslam filosofudur. Fəlsəfədə Platon, Aristotel və Plotinin nəzəriyyələrinin sintezini etmişdir. Fəlsəfənin metodu isbatlama, isbatlamanın hədəfi maddəyə şəkil qazandıran xüsusiyyətlərinin nüvəsini tapmaq, fəlsəfənin məqsədi isə tanrıya çatmaqdır. Kindiyə görə fəlsəfi bilginin ilk pilləsi fikir yürütməkdir.

      Yunan alimlərinin görmə qabiliyyəti ilə əlaqədar düsturlarına tənqidi yanaşaraq müasir optika elminin bünövrəsini də qoymuşdur. O, belə deyirdi: Görmə bucağı, yəni insanın müşahidə  məsələsi Evklidin (E.ə. IV əsr-E.ə. III əsrin sonu) də dediyi kimi davamsız şüalardan ibarət  deyil. Əksinə, həcmli, yəni 3 ölçülü ardıcıl şüalardan meydana gəlir.

      XVI əsrdə yaşamış  italyan həkimi, filosofu və riyaziyyatçısı Cerolamo Kardano Kindinin “tarixin ən böyük  on iki beynindən biri” olduğunu demişdir. Çünki belə bir dahi alim işıq şüalarının düz xətt üzrə hərəkət etdiyinə, güzgü vasitəsi  ilə və ya güzgüsüz görmənin təbiiliyinə, optik sınma, məsafənin  və bucağın görmə üzərindəki təsirinə  aid əsərlər yazmışdır.

       Kindinin həndəsə və fiziki optika sahəsində yazdığı iki əsəri XIII əsrdə ingilis alimi Roger Bacon və alman fizik Witelo tərəfindən istifadə  edilmişdir. XX əsrin danimarkalı alimi Sebastian Voqla görə: “Roger Bacon Perspectiva əsərində Kindini perspektiv sahəsinin ustalarından birisi kimi tanıtmaqla qalmamış, həm Bacon, həm də digər fizika alimləri Kindinin əsərlərindən sitat gətirmiş və bəhrələnmişlər”.

       

       Kindinin, “işığın sınması ilə görmə hadisəsi baş verir” tezisi, nəhayət, X əsrdə İbni Heysəm tərəfindən “Kitab əl-mənazir”(optik kitab) əsəri ilə  kamil formada ortaya qoyulmuşdur.

      • Hits: 231 clicks

      Tecox component by www.teglo.info