Adem ŞAHİN- Zindan yoldaşları

      Share

      Zürafələr bir gündə 1,9 saat yataraq az yatmaqda liderlik şansını başqa heç bir canlıya buraxmamışdır. Zürafələrdən sonra gündə 2,1 saat yatan fillər gələrək gümüş medala sahib çıxıblar. Ən çox yatan heyvanlar kateqoriyasında isə koalalar 22 saatla liderlik taxtında əyləşməkdədir. İstər oyanıqlıq olsun, istərsə də yuxu halı, hər ikisi də əvvəl-axır bitməkdədir.

      Yüngülvari kofe ətrinin yanında şoferin bəyəndiyi tərzdə musiqi yarıyuxulu halda qulaqlarımdan içəri süzülür. İnsan avtobusa minibsə, bu səyahətin bir sonu var deməkdir. Avtobusun mühəndisləri yolçuların səyahət proqramını xatasız-bəlasız tamamlaya bilməsi üçün bütün detalları fikirləşib tədbir tökürlər. Dünya həyatında yolçu olan insan üçün də minlərlə canlı və cansız məxluqat əmrinə müntəzir qılınmışdır.  Günəş buğdaları yetişdirər, yağış yerdən aldığı suyu yenə yerə qaytarar... Dünya günəş ətrafında dönməyə davam edər və insan istər zürafə kimi oyaq olsun, istərsə də koala kimi yuxuda, gün gələr, dünyadakı səyahət proqramının bitdiyini görər.

      Dünyada bitməyən hansı proqram var ki?! Cümə namazında və ya söhbətdə başı sinəsinə düşüb mürgüləyənlər xütbə və ya söhbət bitən kimi gözəgörünməz bir əl toxunmuş kimi gözlərini açarlar. Sən yatsan da, yatmasan da cümə namazının proqramı sona çatmaq üzrədir.

      Cərrahi əməliyyat da bir yolçuluqdur. Əməliyyata girən kimsənin borcu gözlərini yummaqdır. Sən gözünü yummaq istəməsən də, saylı saniyələr içərisində, “yum gözünü” belə demədən göz qapaqlarını örtməyi çox yaxşı bacarırlar.

      İdman müsabiqələri və məktəblərdəki tədbirlər dağdan aşağı yumalanan daş kimidir. Yumalana-yumalana gələr, sürətini itirənə qədər diyirlənməyə davam edər. İştirakçıların yuxulaması bunların heç birinin axarını durdurmaz.

      Universitetlərdə bəzən tələbələri təşviq etmək üçün “inək” zarafatı edərlər. Müəllimlər tənbəl tələbələrə “bir az əziyyət çəkib oxuyun; bu məktəbin həyətinə inəyi bağlasanız dörd ilin axırında məzun olub çıxar” deyə irad bildirərlər. Əgər aralarında hazırcavab bir tələbə varsa, o da belə deyər: “iki-üç il də əlavə bağlasaq müəllim olar”.

      Fəsillər və hər gün bir-bir düşən təqvim vərəqləri yaradılan hər şeyi köhnəldərək, əldən salaraq fəna olmağa, yox olmağa tərəf aparır. Canlı-cansız milyonlarla varlığı varlıqdan yoxluğa daşıyan fəsil və təqvim vərəqlərinin motor gurultusu iki hecadan ibarətdir: tik-tak, tik-tak... Saat dünyanın ən güclü nəqliyyat vasitəsidir. Saatlar səssiz-sədasız, heç fasilə vermədən qiyamətə qədər daşımağa davam edir. Nuhun gəmisi təkcə inananları və o bölgədə yaşayan heyvanların hər birindən bir cüt almışdı. Saatlar isə dayanmadan körpəni də, uşağı da, Musanı da, Fironu da, ölünü də, dirini də bir yerdən alıb başqa yerə daşıyır.

      Yusif (ə.s) zindanda qaldığı zaman oradakı yoldaşlarına: “Ey zindan yoldaşlarım, bir-birindən ayrı (birdən çox) Rəbblər daha xeyirlidir, yoxsa Vahid (tək) və Qəhhar (qəhredici) olan Allah?” – deyə səslənmişdi. (Yusif surəsi, 39)

      Hədisi-şərifə görə, möminlər üçün dünya həyatı axirətə nəzərən zindan kimidir (dünya möminin zindanı, kafirin isə cənnətidir). Yusif (ə.s) da “ey zindan yoldaşlarım” deyə xitab etmişdi. Hər mömin bu dünyada bir-birinin zindan yoldaşıdır. Peyğəmbərimiz (s.ə.s) dünyanın bizlər üçün zindan olduğunu buyurmuşsa, yaşayan iki möminin bir-birinə Yusif peyğəmbər kimi “ey zindan yoldaşım” deyə xitab etməsindən daha gözəl nə ola bilər? Niyə bir-birimizə “ey zindan yoldaşım (ya sahibeyis-sicni)” deyə xitab etmirik? Dünyanı zindan olaraq, özümüzü də məhbus olaraq görməkdən xoşumuz gəlmir deyəsən?! Səbir kimə tövsiyə edilir? – günahları işləməmək, ibadətləri də etmək üçün müqavimət göstərən kimsəyə.

       Əsr surəsində möminlərin bir-birinə səbir və həqiqəti tövsiyə etdiklərindən mədh edərək bəhs olunur. Axirətə görə zindan olan bu dünya həyatında möminlər saxta cənnətlərə aldanmamaları üçün bir-birinə səbir tövsiyə edərlər. Zindanda gözəl yeməklər yesən, gözəl paltarlar geyinsən nə xeyri var?! Nəticədə dörd divar arasında deyilsənmi?! Yaşanılan hər xoşbəxt an zindanın çölü ilə müqayisədə əskik deyilmi?! Səhabələr bir yerə yığışanda Əsr surəsini oxumadan ayrılmazlarmış. Hər zaman Əsr surəsini xatırlamaq dünyanın zindan olduğunun şüurunda yaşamaq deməkdir. Səbir ən çox həbsxanada olana yaraşır. Sizə axırıncı dəfə nə vaxt səbir tövsiyə olunub?

      Saatların tik-tak motor səsi eşidilməsə də, hamımızın yolçuluğu davam edir. İnsan olaraq gündə 2 saat yatan zürafələr kimi də yaşaya bilərik, gündə 22 saat yatan koalalar kimi də... Hər şeyi ən incə detalına kimi proqramlayan Rəbbimiz ana rəhminə düşməkdən torpağın rəhminə düşənə qədər həyatda heç bir boşluq buraxmadan dopdolu bir proqram hazırlayıb. İstər gözümüz açıq, istər bağlı olsun, bizim üçün hazırlanmış olan proqram (qədər) əcəl qılıncının qalxıb enməsi ilə nəhayətə çatacaq. Mühüm olan bu proqramı gözlərin gördüyü, qulaqların eşitdiyi və qəlblərin anladığı şəkildə yaşamaqdır. Dünya həyatında film və teatrların təkrar seansları olur, amma Allahın bəxş etdiyi proqram (ömür) dünya həyatında yalnız bir seanslıqdır. Ömər Xəyyam nə gözəl deyib: “Aldığın hər nəfəsi bir fürsət bil; ot deyilsən, yenidən bitməyəcəksən”.

      • Hits: 252 clicks

      Tecox component by www.teglo.info