Rəşad MANAFOV- SÜNNƏNİ MEYDANA GƏTİRƏN ÜNSÜRLƏR

      Share

      Həyatımızın formalaşmasında istifadə etdiyimiz sözlər, əzbərlədiyimiz anlayışlar çox əhəmiyyətli funksiyaya malikdir. Mövzunu məfhumlar və nümunələrlə açmaq istəyirəm. Hədis ədəbiyyatında sünnə deyiləndə Peyğəmbərimizin (s.ə.s) hərəkətləri (etmiş olduqları), sözləri (söyləmiş olduqları) və təsdiqləməsi (gördüyü şeyləri qəbul etməsi) olaraq başa düşülür.

       Sünnə anlayışının tərifi ağlımızda  şəkillənərkən və mənaları həyatımıza istiqamət verərkən bu üç nöqtənin (hərəkət, söz, təsdiq) xaricində sünnə axtarmadığımız üçün İslam dinini anlamaqda və həyatımıza tətbiq etməkdə əskiklik meydana gəlir. Sünnə anlayışının hüdudları işin əslindən, İslamın özündən sayılır və Qurandan sonra həyatımızı nurlandıracaq təsirə malikdir. Amma təəssüf ki, sünnə faktorları arasından əslində digərləri (hərəkət, söz və təsdiq) qədər əhəmiyyətli yerə sahib bir aktyoru səhnə xaricinə çıxardığımız üçün və hətta bu aktyoru sünnə ssenarisində iştirak edənlər arasında heç zikr etmədiyimizə görə müsəlmanların zehnində buna bir yer ayrılmamışdır. Zikr olunmayan və sünnə təməlində əslində məcburi olaraq yer alması lazım olan  Rəsulullahın “Mənəvi halları” çox mühüm bir məsələdir. O zaman ortaya çıxması lazım olan sünnə əsasları belə olacaq:

      - Hərəkət

      - Söz

      - Təsdiq

      - Mənəvi hal

      Onu da qeyd edək ki, sünnə ünsürləri müsəlmanın fellərinin (əfali-mükəlləfin) hamısını ehtiva edən mahiyyətdədir. Digər bir ifadə ilə fərz, vacib, sünnə, mübah kimi fiqhi hökmlərin qaynağıdır; yalnız bu kateqoriyada olan sünnəni deyil, hamısını içinə almaqdadır. Peyğəmbərimizin hərəkət, söz, təsdiq və mənəvi hallarından da fərz, vacib, sünnə və mübah olanlar var.

      Sünnə anlayışını və mənasını tamamlayan bu dörd ünsürdən ilk üç ünsür (hərəkət, söz, təqrir) hədis üsulu, fiqh üsulu və bənzəri kitablarda geniş bir şəkildə ələ alınmışdır, amma mənəvi hallar məsələsi bu şəkildə ələ alınmayıb.

      Bildiyiniz kimi, Qurani-Kərim bəyanlarında qəlb və onun fərqli halları ilə əlaqədar çox əhəmiyyətli təsbitlər var. Bunlardan birisi qəlbin rahatlıq tapması mövzusudur. (ər-Rad, 28) Hz. Peyğəmbərin həssaslıqla üstündə dayandığı, daima vurğuladığı bu sünnəsi bir sünneyi-müəkkədə və yaxud vacib hökmündədir. Bunun kimi şükür, təvəkkül, riza, xoşgörüş,  səbir və bənzəri xüsuslar da bir Peyğəmbər sünnəsidir. Qurani-Kərimdən və hədisi-şəriflərdən nümunələr verərək mövzunu uzatmaq istəmirəm. Yalnız bu məsələyə diqqət çəkmək istəyirəm ki, Qurani-Kərimdən sonra dinimizin təməlini təşkil edən sünnə içərisində bəhsi keçən Peyğəmbərin mənəvi halları da təsnif (vacib, sünnə, mübah ...) edilərək geniş bir şəkildə araşdırılmalıdır.

      Bəzi kitablarda (məsələn, təsəvvüf kitablarında) bu mövzuların işlənmiş olması yetərli deyil, əsl nəzərdə tutduğum şey bu mövzunun üsul kitablarında (hədis üsulu, fiqh üsulu ...) və bənzəri kitablarda da sistemləşdirilərək oxunması və oxudulması, beləliklə, əhəmiyyətinin ortaya çıxarılmasıdır.

      Rəsulullahın bizə əmanət etdiyi, qurtuluş səbəbimiz olan sünnə (Muvatta, Qədər, 3) onun mənəvi hallarını ortaya qoymadan  nə tamamilə anlaşılar, nə də həyatımızı onunla doğru-dürüst bəzəməyə müqtədir olarıq. Əslində bu hadisəyə bir addım geridən də baxsaq, eyni mənzərə ilə qarşılaşarıq. Belə ki, Qurani-Kərim ayələrinin qəlb aləmi ilə bağlı, insanın mənəviyyat ölçüsü və həyatımızın qəlbi tərəfi ilə əlaqədar əmr və qadağaları üsul kitablarında sistemləşdirilmədiyi kimi (hər zaman oxudulan) fiqh kitablarında da lazımınca ifadə edilməmişdir. Bütün bu mövzular ağırlıqlı olaraq təsəvvüf elminin mövzusu olmuşdur. Buna görə də təsəvvüfü qəbul etməyən və yaxud oxumayan (öyrənməyən) kəslər belə mövzuların bilinməsi, sistemləşdirilməsi kimi mövzulardan həmişə uzaq qalmışlar. Nümunə versək: istisnasız, bütün fiqh kitablarında nə ibadət, nə də rəftar (müaməlat) hissələrində hadisələrin qəlbi və mənəvi tərəfi ələ alınmamışdır. Namaz mövzusu işlənərkən namazın sadəcə zahiri ilə əlaqədar fərz, vacib, sünnə, müstəhəb, məkruh kimi xüsusları sıralanmışdır. Namazın batini ilə əlaqəli zikr olunmuş fərz, vacib, sünnə, məkruh kimi, əslində işin ən az zahiri qədər əhəmiyyətli olan məsələləri zikr edilməmişdir. Namaz mövzusu belə olduğu kimi, oruc, zəkat, həcc, nikah, ticarət mövzuları, bir sözlə bütün sahələrdə vəziyyət eynidir.

      Əsl problem anlayış və məna darlığı mövzusudur. Bir anlayış mənalandırılıb standart hala gətiriləndə ehtiva etməsi lazım olduğu halda məzmunu xaricində buraxılan şeylərin həmsöhbətlər tərəfindən zamanla istifadə  edilmədiyi və nəticə etibarı ilə də gözlənilən hədəfə nail olunmadığı da bir gerçəkdir.

      • Hits: 500 clicks

      Tecox component by www.teglo.info