155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səlahəddin MEHDİYEV- Saatlar

      Share

       Saatlar

      İşimiz, diləklərimiz, ümidlərimiz, xəyallarımız ya da qorxularımız nə olursa-olsun, zaman daim keçəcəkdir:  bizimlə ya da bizsiz... İstər girməkdən qorxduğumuz çətin bir imtahan, istər önəmli bir müsahibə, yaxud bir ad günü olsun, başladığı və  sona çatdığı bir an mütləq olacaqdır.

      İlk günəş saatının ixtirasından bu yana insan oğlu daima zamanı ölçmək və saxlamaq istəmişdir. Artıq bu gün həm səssiz elektronik saatlar, həm də tik-tak deyə səs çıxaran mexaniki saatlardan istifadə edə bilirik. Halbuki bu saatların ataları olan klepsydralar və su saatlarından çıxan yeganə səs – su damcılaması idi. Alt qismindəki  borudan  axan  suyun miqdarını ölçən cizgilərə sahib sadə bir vazadan ibarət olan klepsydra saatları, miladdan 1500 il əvvəl Misirdə istifadə edilməkdə idi.      

       Digər bir qədim su saatı, qatika-yantra, Hindistanda istifadə edilməkdə idi. Qatika-yantra dibində kiçik bir deşik olan yarımkürə şəklində (ümumiyyətlə mis və ya Hindistan  qozundan düzəldilən)  kiçik bir kasadan  ibarətdir. Böyük bir su qazanında üzdürülən kasa yavaş-yavaş dolaraq suya batır; kasanın qazanın dibinə çatanda çıxardığı səsi eşidən  muvaqqid (vaxtı hesablamaq və bununla bağlı alətləri istifadə etməklə vəzifəli şəxs) kasanı ilk mövqeyinə gətirərək saatı yenidən qururdu. Buddist və hindu məbədlərində çox geniş istifadə edilən bu qurğu sonrakı dövrlərdə Hindistandakı  müsəlman məscidlərində də yayılmışdır.

      Saatla bağlı əsl hekayəmiz 13-cü əsrdə işlədilən su saatları və əl-Cəzəri adındakı Diyarbəkirli dahi ilə başlamaqdadır. Dindar bir müsəlman və son dərəcə bacarıqlı bir mühəndis olan bu dahi avtomatik mexanizm məfhumunun ilk toxumlarını atmışdır. Əl-Cəzəri keçmiş yunanlı və hindlilərin elmi kəşfləri ilə avtomat mexanizmlər tarixi başda olmaqla qədim mədəniyyətlərdən ilham alaraq bunu çox irəli bir səviyyəyə çatdırmışdır.

      1206-cı ilə çatanda əl-Cəzəri, Diyarbəkirdə Artuklu sultanlarının xidmətində olduğu bu dövrdə, hər növ və ölçüdə saatlar düzəldirdi. Dövrün sultanı, Səlahəddin Əyyubinin oğlu olan Nəsuriddin artıq məşhur bir alim olan əl-Cəzəriyə belə demişdi: “Vaxt və  əmək sərf edərək tayı-bərabəri görülməmiş mexanizmlər ərsəyə gətirdin. İstərəm ki, bu əsərlərə sərf etdiyin vaxt və əmək boşa getməsin. Bunun üçün səndən istədiyim budur ki, mənim üçün, ayrı-ayrı icad etdiyin bütün kəşfləri bir araya cəm edən və seçdiyin icadlarını şəkillərlə göstərən bir kitab hazırlayasan”.

      Artuklu hökmdarının istəyinin bu meyvəsi “Heyrətamiz mexaniki qurğular haqqında məlumat kitabı” adlı əsər olaraq meydana çıxdı. Su saatları daxil olmaqla, altı ayrı kateqoriya altında əlliyə qədər mexanik alətin tərif edildiyi bu kitab fərqli sahələrdə işləyən mühəndislər üçün bahabiçilməz bir qaynaq əsər halına  gəldi.

      Bu gün biz həyatımızı qaydaya salmaq üçün, necə ki, saata ehtiyac hiss edirik, yüz illərdir bütün müsəlmanlar da eyni ehtiyacı hiss ediblər. Əl-Cəzəri də müsəlman saatsazlıq  ənənəsinə tutunurdu. Bu ənənələrin mənsubları zamanın heç bir vəchlə dayandırıla bilməyəcəyini, onu hər an itirdiyimizi, bu səbəbdən onu yaxşı dəyərləndirib xeyirli işlər görərək keçirmək lazım olduğunu bilirdilər. Belə ki, müsəlmanlar hər gün düzgün saatlarda ibadət edə bilmək üçün zamanı bilmək məcburiyyətində  idilər. Azanın vaxtında oxunması üçün məscidlərdə saatın bilinməsi vacibdir. Belə ki, Ramazan orucunun nə vaxt tutulacağı, bayramların nə vaxt keçiriləcəyi, Həccə nə vaxt gediləcəyi kimi önəmli hadisələr ücün də zamanın bilinməsi  lazım idi.

      Bütün bu ehtiyaclar  Səlahəddin Əyyubinin oğlunun bəhs etdiyi “bənzərsiz mexanizmlərin” arasına Filli su saatının da qatılmasına vəsilə oldu.  Zamanı göstərməsi ilə yanaşı, status, əzəmət və zənginlik simvolu olan bu ehtişamlı saat hərəkətli  fiqurları ilə zamanı bildirən ilk robot və avtomat mexanizm tətbiqlərini ehtiva etməkdə idi.

      • Hits: 550 clicks

      Tecox component by www.teglo.info