155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Anar QURBANOV- Sual-Cavab

      Share

      Sual: Tualet və hamamın bir yerdə olduğu bölmələrdə dəstəmaz almaq və orada dəstəmaz dualarını oxumaq olarmı?

      Cavab: Ümumiyyətlə, dəstəmaz alınan yerin təmiz olması əsasdır və buna görə də natəmiz yerlərdə dəstəmaz almaq xoş qarşılanmamışdır (tənzihən məkruhdur). Ancaq dövrümüzdə tualet və hamam bir otaqda olsa da, hər birinin ayrı yeri olduğu, eləcə də təmizliyə riayət edildiyi üçün dəstəmaz almaqda hər hansı qəbahət yoxdur. Ayrı bölmələr olmadığı təqdirdə məcbur qalıb dəstəmaz alarkən nəcasətin sıçramamasına diqqət edilməli və bununla bağlı tədbirlər alınmalıdır. Bu kimi yerlərdə dua oxumağa gəlincə, yavaşca, yalnız özünün eşidə biləcəyi bir səslə duaları oxumaq caiz hesab olunmuşdur.

       

      Sual: And və onun növləri barəsində məlumat verə bilərsiniz?

      Cavab: Dini terminologiyada and/yəmin – “bir işi edib-etməməklə bağlı sözü qüvvətləndirmək üçün Allah adına içilən anddır”. And Allahın zatı isimləri ilə edildiyi üçün “Rəhman və Rəhim” kimi bir isminə və ya “izzəti-ilahiyyə və qüdrəti-ilahiyyə” kimi zati sifətlərindən birinə and içməklə meydana gəlir. Peyğəmbərlərə, mələklərə, Kəbəyə, Qurana, həyat və ya ölümə and içilməz. Bundan başqa, halalı özünə haram etməklə verilən söz də and sayılır. Belə ki, bir şəxs: “Belə etsəm, küfr əhli, musəvi və ya xiristian olum!” - deyə and içsə, bunu dindən çıxacağını dərk edərək etmişsə, tövbə və istiğfar etməlidir. Ancaq bu sözü sadəcə olaraq and içmək məqsədilə demişsə, andını pozduğu təqdirdə kəffarə ödəməlidir. Qurani-Kərimdə and ilə bağlı belə buyurulur: “Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin (bilə-bilə, yaxud qəsdən) içdiyiniz (və sonra pozacağınız) andlarınıza görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu yedirib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” (əl-Maidə, 89; bundan başqa: əl-Bəqərə, 225; ən-Nəhl, 91)

      Andın üç növü var:

      Ləğv andı: xəta ilə və ya doğru olduğu zənn edilərək, ya da ağzın vərdiş etməsi ucbatından niyyətsiz və məqsədsiz içilən anddır. Bu kimi andlara görə müsəlmanın məsuliyyət daşımadığı yuxarıdakı ayədə qeyd edilmişdir.

      Qamus andı: bilə-bilə yalandan and içməkdir. Borcunu ödəmədiyi halda, ödədiyinə dair and içmək və yaxud yalançı şahidin andı bu növə daxildir. Bu kimi andlar böyük günahlardan sayılır və Əbu Hənifəyə görə, tövbə və istiğfar edilməlidir, xüsusi bir kəffarə ödəmək lazım deyil. İmam Şafeiyə görə isə, qamus andı üçün də kəffarə ödənilməlidir.

      Münəqid andı: mümkün olan və gələcəyə aid bir iş haqqında içilən anddır. “Allaha and olsun ki, sabah borcumu ödəyəcəm!” - demək kimi. Bu anda riayət edilmədiyi təqdirdə kəffarə ödənilməlidir. Yuxarıdakı ayədə bildirilən kəffarə məhz bu and növünə aiddir. Digər tərəfdən “Bu işi etməsəm, Allaha and olsun ki, içki içəcəyəm və ya ata-anamla danışmayacağam” kimi dinimizə zidd olan bir and içilərsə, bu andı dərhal pozub kəffarə ödəmək lazımdır. Çünki hədisi-şərifdə belə buyurulmuşdur: “Bir kimsə and içsə, sonra ondan daha xeyirlisini görsə, andını pozsun və kəffarə versin”. (Buxari, Təfsir, 5/8)

       

      Sual: Bir əşya və ya pul tapan bir insan dini baxımdan necə hərəkət etməlidir?

      Cavab: Əvvəla qeyd etmək lazımdır ki, razılığı olmadan başqasının malını götürmək caiz olmadığı kimi, itirilən əşya və yaxud pulu götürüb mənimsəmək də caiz deyil. Öz mülkiyyətinə keçirib mənimsəmək məqsədilə götürülməsi qəsb etmək hökmündədir. Əgər tapdığı yerdə götürməyib qoyduğu təqdirdə tələf olmasından qorxulan bir əşya olarsa, sahibinə vermək məqsədi ilə götürmək vacib; tələf olma qorxusu yoxdursa, götürmək mübahdır. Hər halda, əgər götürülərsə, sahibinə qaytarmaq vacibdir. Götürüldüyü təqdirdə də, yiyəsini tapıb ona vermək məqsədilə götürülməlidir, yalnız bu məqsədlə götürülərsə, caiz olar. Bundan əlavə, əşya götürülərkən ətrafdakılardan şahid də tutulmalıdır. Beləliklə, əşyanı və ya pulu tapıb götürən şəxsin yanında həmin mal əmanət hökmündə sayılır. Odur ki, əşyanı və ya pulu tapan şəxs bir müddət bununla bağlı elan verər və gözləyər. Tapılan əşyanın yiyəsi ortaya çıxar və ona aid olduğunu sübuta yetirərsə, ona qaytarmalıdır. Əgər yiyəsi çıxmaz və yaxud tapılmazsa, onu tapan şəxs yiyəsi adına sədəqə kimi yoxsullara verməlidir. Ancaq daha sonra yiyəsi çıxarsa, onu geri vermək məcburiyyətindədir. Bundan başqa, əgər yiyəsinin axtarmayacağı dəyərsiz bir əşya olarsa, gözləməyə ehtiyac olmadan yoxsullara verilə bilər.

      • Hits: 507 clicks

      Tecox component by www.teglo.info