Rüfət ŞİRİNOV- Örnək Ailə Başçısı

      Share

      Sağlam cəmiyyətin təsis edilməsində ən önəmli ünsür sağlam ailədir.

       Bir toplumu əslindən uzaqlaşdırmaq və dəyişdirmək üçün ailədaxili mübahisələr yaratmaq və qarşılıqlı hörməti aradan qaldırmaq kifayət edər. Günümüzdə kütləvi informasiya vasitələrinə nəzər saldıqda bunu etmək üçün kifayət qədər səy göstərənlərin olduğunu müşahidə edə bilərik. Qərb mədəniyyətinə duyulan heyranlıq bizi biz edən ailə məfhumunu əlimizdən almaqda və sarsılmaz dəyərlərimizi məhv etməkdədir. Xoşbəxt gələcəyimiz üçün sarsılmaz qalamız olan ailəyə sahib çıxmaq və əslindən qopartmamaq lazımdır. Əlbəttə ki, bu mövzu ətrafında geniş və məzmunlu yazılar yazıla bilər. Biz bu yazımızda Hz. Peyğəmbərin (s.ə.s) ailənin təməli sayılan xanımlarına necə münasibət bəslədiyinə, onlarla necə rəftar etdiyinə nəzər salmaq istəyirik. Hz. Peyğəmbərin (s.ə.s) nübüvvət, yəni peyğəmbərlik yönü əhəmiyyətli olduğu kimi, bəşəri, yəni insani xüsusiyyətləri də bizim üçün nümunəvilik ərz edir. Çünki O, Allah tərəfindən tərbiyələndirilmiş, bütün hərəkətlərini ilahi vəhyin işığında icra etmişdir.

       Hz. Peyğəmbərin (s.ə.s) ailəsi qarşılıqlı hörmət prinsipi üzərinə qurulmuşdu. Ailə və xanımları ilə münasibəti haqqında rəvayət edilən hədislər bizə bunu deməyə əsas verir. Məsələn: “Möminlərin iman baxımından ən mükəmməl olanı əxlaqi baxımdan yaxşı olanıdır. Sizin də ən xeyirliniz öz xanım(lar)ına qarşı ən yaxşı davrananınızdır” (Tirmizi), - deyərək qadınlara dəyər verməyi və ailədəki hüzur üçün onlarla qurulan müsbət münasibətlərin danılmaz yeri olduğunu vurğulamışdır. Əlbəttə ki, xanımlara da münasibətlərin birtərəfli olmadığını xatırlatmaq üçün: “Əgər bir insanın başqasına səcdə etməsini əmr etsəydim, xanımın ərinə səcdə etməsini buyurardım”, - deyərək ailədəki hüzurun sədaqət və itaət nöqtəsində cəm olduğunu göstərmişdir.

      Hz. Peyğəmbərin (s.ə.s) ailə rəisi olaraq ən çox dəyər verdiyi xüsusların başında xanımlarına xüsusi vaxt ayırması və onlarla söhbət etməsi gəlir. Günümüzdə texnologiyanın törətdiyi ən böyük fəsadlardan biri də, şübhəsiz ki, ailə fərdlərini bir-birindən qoparması və münasibətləri virtual aləmə həbs etməsidir.

      Hz. Peyğəmbər (s.ə.s) xanımlarına dini incəlikləri öyrətmiş, sözün əsl mənasında onlara müəllimlik etmişdir. Ailədaxili münasibətlərlə əlaqəli rəvayətlərin əksəriyyətinin xanımları tərəfindən rəvayət edilmiş olması bunun isbatı kimi kifayətdir.

      Libas və bəzək əşyaları məsələsində də Hz. Peyğəmbər (s.ə.s) xanımlarına qarşı imkanı nisbətində comərd davranmışdır. Hz. Aişənin bir yox, bir neçə qızıl üzük taxdığı bilinən bir həqiqətdir. Yeri gəlmişkən ona da diqqət çəkmək istəyirik ki, İslam dini qadının bəzənməsini və lazım gələrsə ətirlərdən istifadə etməsini sadəcə öz əri üçün təxsis etmişdir. Yəni evdən çıxan bir qadının bəzənməsi, makyajdan istifadə etməsi və ətirlənməsi dinimizcə qətiyyətlə qadağan olunmuşdur.

      Hz. Peyğəmbər  (s.ə.s) yeri gəldikdə xanımları ilə zarafatlaşıb onlarla müxtəlif oyunlar oynamış və yarışlar keçirmişdir. Məsələn, Hz. Aişə ilə at yarışı keçirməsi mənbələrin verdiyi məlumatlardan biridir. Ümmü Eymənə “səni dəvə balasına mindirəcəm” deyincə, “Ya Rəsulallah! Məni dəvə balası qaldıra bilməz” - deyərək öz təəccübünü ifadə etmişdi. Rəsulullah (s.ə.s) da “Hər dəvə bir dəvə balasıdır”, - deyərək sözlü zarafat etmişdi.

      Hz. Peyğəmbərin ailə fərdləri və xanımları ilə münasibətlərinə təmas edərkən məşvərət məsələsinə xüsusilə toxunmaq lazımdır. Çünki el arasında yayılmış olan “Qadınlarla məşvərət edin, ancaq əksinə hərəkət edin” ifadəsi haradasa bir hədis qədər məşhur olmuşdur. Əlbəttə ki, Rəsulullahın (s.ə.s) risaləti ilə əlaqəli məsələlərdə xanımları ilə məşvərət etməyəcəyi və etmədiyi aydın məsələdir. Ancaq bunun xaricində, dini mahiyyət kəsb etməyən dünyəvi məsələlərdə xanımları ilə məşvərət etmişdir.  İlk vəhy gəldiyi zaman Hz. Xədicənin təskinliklərinə, ifq hadisəsində Zeynəb bint Cahşın fikrinə,  Xudeybiyə sülh sazişindən sonra ehramdan çıxmaq istəməyən əshabı barəsindəki narahatlıq qarşısında Ümmü Sələmənin təklifinə görə davranması onun qadınlarla məşvərət etdiyini və fikirlərinə dəyər verdiyini göstərir.

      Hz. Peyğəmbər (s.ə.s) xanımların sadəcə özlərinə deyil, onların qohumlarına da dəyər verib ehtiram göstərmişdir. Məsələn, hər qoyun kəsildiyi zaman Hz. Xədicənin qohumlarına da bir pay göndərməsi bilinən bir gerçəkdir.

      O (s.ə.s), xanımları döyüb-söyməyi qətiyyətlə qadağan etmişdir. Həyatı boyunca heç bir xanımını və heç bir xidmətçisini döyməmişdir. Həmişə onlara nəvaziş göstərmişdir. “Necə olur ki, xanımları heyvan döyən kimi döyür, sonra da axşam onunla bərabər yatırsınız?” - deyərək bu hərəkətin heç bir məntiqə uyğun olmadığını ifadə etmişdir.

      Onun (s.ə.s) xanımlarına fikirlərini söyləməsi, sevdiyini ifadə etməsi, miniyinə mindirməsi, ev işlərində kömək etməsi, eyni qabdan yuyunması, xanımına heyvana minməsi üçün kömək etməsi, yeməyə dəvət edilincə “Xanım da olarsa” kimi şərt qoşması, kədərlənib ağladığı zaman əli ilə göz yaşlarını silərək təsəlli verməsi kimi davranışlar da onun xanımlarına qarşı necə nəzakətli davrandığını və Allahın əmanəti olaraq onlara dəyər verdiyini göstərən amillərdən bəziləridir. 

      • Hits: 260 clicks

      Tecox component by www.teglo.info