Tehran NURİYEV- Ən Gözəl Müəllim

      Share

      Hz. Peyğəmbərin (s.ə.s) söz və tətbiqləri səadət axtaran insanlıq üçün hər sahədə əhəmiyyət daşımaqdadır.

       Müəllim, valideyn və ya hər hansı bir vəzifə sahibi olmasından asılı olmayaraq hər kəs günlük həyatda müəyyən problemlərlə qarşılaşır. Bu problemləri ən gözəl şəkildə həll etmək, cavabsız qalan suallarımıza ən yaxşı cavabı tapmaq və xüsusən də uşaqlara nəyisə uyğun şəkildə öyrətmək istəyiriksə, əvvəla bu sualı özümüzə verməliyik: “Görəsən, Hz. Peyğəmbər bunu necə edərdi?”

      Allah Rəsulu (s.ə.s) öyrətmək üçün fərqli və təsirli metodlardan istifadə edərdi. Bunları müəyyən başlıqlar altında sıralamaq mümkündür:

      Sual soruşaraq maraq oyadardı.

      İzah edəcəyi mövzuya diqqət çəkmək, maraq oyatmaq üçün sual soruşardı. Bir gün səhabələrindən: “Müsəlman kimdir, bilirsinizmi?” - deyə soruşdu. Onlar da: “Allah və Elçisi daha yaxşı bilir!” - dedilər. Kifayət qədər diqqətlərini cəlb etdikdən sonra: “Müsəlman, digər müsəlmanların əlindən və dilindən əmin olduğu kimsədir”, - buyurdu.[1] İnsanın maraqsız olaraq dinlədiyi bir şeyi öyrənməsi və yadında saxlaması çətindir. Onun üçün təlimatçıların suallar soruşaraq dinləyənləri motivasiya etməsi çox əhəmiyyətlidir.

      Mövzunu nümunələr verərək izah edərdi.

      Öyrətməyin ən yaxşı üsullarından biri də nümunə verərək öyrətməkdir. Hekayələr və nümunələr xüsusən də uşaqların yaddaşında daha yaxşı qalır. Məsələn, Peyğəmbərimiz (s.ə.s) namazın əhəmiyyətini bu gözəl nümunə ilə izah etmişdi: “Birinizin qapısı qarşısında bir axar su olsa, sahibi orada gündə beş dəfə yuyunsa, bədənində kirdən əsər qalarmı?” Orada olanlar: “Xeyr, onda kirdən heç bir əsər-əlamət qalmaz”, - dedilər. Bunun üzərinə sevgili Peyğəmbərimiz (s.ə.s): “Beş vaxt namaz da belədir. Onlarla Allah-Təala günahları silər”, - buyurdu.[2]

      Müsbət davranışları mükafatlandırar və təqdir edərdi.

      İctimai bir varlıq olan insan başqalarına özünü bəyəndirmək və hörmət görmək ehtiyacı hiss edər. Bu duyğu uşaqlarda daha əhəmiyyətlidir. Uşaqlar böyüklər tərəfindən bəyənildiklərini hiss edəndə məmnun olarlar. Nəyi doğru, nəyi səhv etdiklərini böyüklərin bəyənməsinə baxaraq təyin edərlər.

      İbn Abbas (r.a) deyir: “Bir gün Peyğəmbər (s.ə.s) ayaqyoluna getdi. Mən də dəstəmaz alması üçün bir qabda su hazırladım. Daha sonra sevgili Peyğəmbərimiz (s.ə.s) su dolu qabı görəndə xanımı Meymunə anamızdan suyu kimin hazırlayıb qoyduğunu soruşdu. Mənim hazırladığımı öyrənəndə: “Allahım, onun dindəki anlayışını artır”, - deyərək mənə dua etdi. Peyğəmbərimiz (s.ə.s) İbn Abbasa dua edərək onun bu hərəkətini təqdir etmiş və onu mübarək duası ilə mükafatlandırmışdı.[3]

      Öyrətmək üçün hekayələrdən istifadə edərdi.

      Peyğəmbərimiz (s.ə.s) heyvanlara mərhəmətli olmağın Allah qatında nə qədər əhəmiyyətli olduğunu keçmiş dövrlərdə olan hadisələrdən hekayələr danışaraq öyrətmişdir. Əbu Hüreyrə (r.a) bu hədisi nəql edir: “Bir it, susuzluqdan az qala öləcək vəziyyətdə idi. Quyunun ətrafında gəzib dolanır, amma oraya düşüb su içə bilmirdi. İsrail oğullarından bir günahkar qadın onu görəndə dərhal məstini çıxarıb hicabına bağlamış və bununla su çəkib heyvana vermişdi. Bu səbəblə Allah da onun günahlarını əfv etdi”. [4]

      Mülayim və xoş rəftar edərdi.

      Tədrisin və tərbiyənin təməli sevgi, şəfqət və xoş rəftardır. Ələlxüsus uşaqlarla ünsiyyətdə bunlara daha çox diqqət etmək lazımdır. Peyğəmbərimiz (s.ə.s) heç bir uşağı döyməmiş və bunu heç bir şəkildə təhsil metodu olaraq tövsiyə etməmişdir. Şiddət müvəffəqiyyəti artırmadığı kimi, əksinə, uşağın şiddət tətbiq edən müəllim, ana və atadan uzaqlaşmasına gətirib çıxarmaqdadır. Pedaqoq sevdirmək, nifrət etdirməmək, asanlaşdırmaq məcburiyyətindədir. Hz. Aişə (r.a) anamız Peyğəmbərimizin (s.ə.s) belə dediyini nəql edir: “Şübhəsiz ki, Allah çox xoşgörüşlü və mülayimdir, hər işdə mülayimliyi sevər”.[5]

      İnsanın özünü yox, hərəkətini tənqid edərdi.

      Bir insanda xoş olmayan bir hərəkət görüldüyü zaman onun şəxsiyyəti yox, hərəkəti tənqid edilməlidir. Peyğəmbərimiz (s.ə.s) həmişə gözəl sözlər söyləyərdi. Ömrü boyunca dost və ya düşmən heç kimə çirkin bir söz deməmişdir. Pis bir hərəkətlə qarşılaşdığı zaman bunu şəxsiləşdirməz, ümumiləşdirmə edər və düzəltməyə çalışardı. Özünə bir şikayət çatsa və ya səhv bir davranış görsə, bunu edənin üzünə vurmazdı. “İnsanlara nə olur, nə üçün belə söyləyirlər (və ya belə edirlər)!” – deyər, davranışın pis olduğunu hiss etdirər, hər hansı bir insanı ayıblamazdı.[6]

      Yaşayaraq və tətbiq edərək öyrədərdi.

      Ən məhsuldar öyrətmə metodlarından biri də “tətbiqli izah”dır. Bir gün Peyğəmbərimiz (s.ə.s) kəsilmiş bir qoyunun dərisini üzən bir cavana rast gəldi. Ona: “Dayan, sənə öyrədim”, - dedi. Əlini qoyunun dərisi ilə əti arasına salıb qoltuq altına qədər çatdırdı. Sonra da belə dedi: “Cavan, bax belə üz!”[7] Peyğəmbərimiz (s.ə.s) dəstəmazın necə alınacağını soruşan bir kimsəyə də, şəxsən dəstəmaz alaraq bunu göstərmişdi.[8] Hətta bəzi rəvayətlər bunu üç dəfə təkrarladığını nəql edir. Tətbiq edərək öyrətmək həm gözə, həm də qulağa xitab edir. Hz. Peyğəmbər (s.ə.s) bu metoddan da tez-tez istifadə etmişdir.

       


      [1]  Buxari, Ədəb 18

      [2]  Buxari, Məvaqit 6

      [3] Müslim, Fədailus-Səhabə 44

      [4] Müslim, Tövbə 155

      [5] Müslim, Birr 77

      [6] Əbu Davud, Ədəb 6

      [7] İbni Macə, Zəbaih 6

      [8]  İbni Macə, Təharət 48

       

      • Hits: 315 clicks

      Tecox component by www.teglo.info