i.f.d Elşad Mahmudov - Sərkərdə Peyğəmbər

      Share

      Həzrət Muhamməd dünyaya sülh, əmin-amanlıq, rəhmət və mərhəmətin simvolu və nümayəndəsi olaraq göndərilən və müsəlmanlar üçün həyatın, demək olar ki, istisnasız olaraq hər bir sahəsində nümunə göstərilən bir şəxsiyyətdir.

       Onun hər bir sözü, hər bir hərəkəti və davranışında insanlığa rəhmət və bərəkət vardır. İnsanlara sülh, hüzur, ədalət, barış, qardaşlıq, mərhəmət və sevgi kimi dəyərləri aşılamış, bununla da böyük bir humanist mədəniyyətin təməlini meydana gətirən Rəhmət Peyğəmbəri olmuşdur. Qurani-Kərimdə aləmlərə rəhmət olaraq göndərildiyi qeyd olunan İslam Peyğəmbəri[1] özü də hədislərinin birində “Rəhmət Peyğəmbəri” olması ilə bərabər, eyni zamanda, bir “Döyüş Peyğəmbəri” olduğunu ifadə etmişdir.[2] O, həyatının müxtəlif dövrlərində, lazım olduğu zaman və çox zaman da məcburiyyət qarşısında qalaraq bir dövlət başçısı və ali hərbi komandan kimi hərbi yürüşlər həyata keçirmiş, müharibələr etmiş və müxtəlif döyüşlərdə iştirak etmişdir. Bu döyüşlər onun həyatının önəmli anlarını meydana gətirmiş, məqsədlərini həyata keçirməkdə və müvəffəqiyyətlər əldə etməsində əhəmiyyətli rol oynamışdır.

      Döyüşə icazə verilməsi İslama və ona bağlananlara qarşı qoyulan düşmən münasibətin nəticəsində olmuş, cəmiyyətin varlığını qoruya bilməsi üçün qaçılmaz sayılan və İslamda “zəruriyyəti-xəmsə” deyilən din, can, ailə, dövlət və torpaq kimi dəyərləri qorumaq və ona yönəlmiş düşmən hücumlarından müdafiə üçün cihadın silahlı şəkli olaraq əmr edilmişdir. Buna əsaslanaraq belə demək olar ki, Həzrət Peyğəmbərin qəzvə və səriyyə şəklində təşkil etdiyi döyüşlərin əsasını, həyata keçirdiyi siyasətinin əsas səbəblərini formalaşdıran və girişdiyi fəaliyyətlərin arxa planını meydana gətirən əsas səbəb özünü müdafiə etmək, düşmən hücumlarını dəf etmək, həyatını və dəyərlərini mühafizə etmək, dini təbliğin qarşısındakı maneələri ortadan qaldıraraq Allahın adının və İslama aid dəyərlərin ucaldılması olmuşdur. Yəni Həzrət Peyğəmbər heç bir zaman təcavüzkar siyasət yürütməmiş, bağladığı müqavilələrə hər zaman sadiq qalmış, səbəbsiz olaraq heç kimlə döyüşməmiş, bəzi İslam tənqidçilərinin iddia etdiyi kimi “insanlar müsəlman deyil deyə” heç bir zaman onlara müharibə elan etməmiş, qılıncla İslamı təbliğ etməmişdir. Həzrət Peyğəmbərin həyata keçirdiyi silahlı cihad qərbli şərqşünasların iddia etdiyi kimi bütün dünya müsəlman oluncaya və ya İslam hakimiyyətinə tabe oluncaya qədər müsəlman olmayanlarla müqəddəs savaş və ya insanların haqsız yerə canına qıyıldığı terrorist fəaliyyət deyil, özünü müdafiə xarakteri daşıyan haqlı səbəblərə görə həyata keçirilən hərbi fəaliyyətlər idi. Bu minvalla İslam Peyğəmbəri müxtəlif aralıqlarla Mədinədə yaşadığı 11 il ərzində 29-u qəzvə, digərləri isə səriyyə olmaqla böyüklü-kiçikli 120 hərbi əməliyyat həyata keçirdi. Muhamməd Peyğəmbərin həyata keçirdiyi bu hərbi əməliyyatların ən mühüm xüsusiyyətlərindən biri də müharibə kimi insan itkisi, yaralanması, əlil qalması, əsir edilməsi, kölələşdirilməsi, təbiətin və yaşayış məskənlərinin xarab edilərək dağıdılması şəklində insan varlığı üçün məhvedici təsiri olan bir çox mənfilikləri özündə cəmləşdirən neqativ bir hadisədə insana, onun həyatına və uca varlığına verilən dəyərdir. Rəsuli-Əkrəm həyata keçirdiyi bu hərbi fəaliyyətində idarəsi altına aldığı bütün Ərəb Yarımadası düşünüldüyündə elə bir siyasət izləmişdir ki, istər müsəlman, istərsə də düşmən tərəf olsun, hər iki cəbhədən çox qan tökülməsinə imkan verməmişdir. Onun 11 ildə həyata keçirdiyi 120 hərbi əməliyyatında İslam mənbələrindəki səhih məlumatlar əsas alındığında müsəlmanlardan təxminən 340, düşmən tərəfdən isə təxminən 800 nəfər olmaqla cəmi 1200 nəfərə yaxın insan itkisi olmuşdur. Bu sayları hesab etmədən sadəcə Həzrət Peyğəmbərin şəxsən özünün iştirak etdiyi qəzvələr əsas alınarsa, 29 qəzvənin 16-sında qarşılıqlı olaraq heç bir döyüş meydana gəlməmiş, lakin qarşıya qoyulan məqsəd yerinə yetirilmişdir. 13 qəzvədə isə bilavasitə düşmənlə döyüş baş vermiş və bu döyüşlər nəticəsində müsəlmanlardan 140 nəfər şəhid olmuş, düşmən tərəfdən isə 335 nəfərə yaxın adam öldürülmüşdür. İslam Peyğəmbərinin silahlı mübarizə illəri və hərbi əməliyyatlarının sayı diqqətə alınarsa, sadəcə qəzvələrdə hər iki tərəfdən cəmi 500 nəfərə yaxın itkinin olması, zənnimizcə, çox qan axıdılmasının qarşısının alınması və insan həyatına verilən dəyər baxımından böyük əhəmiyyət kəsb edir. Bu şəkildə Rəsuli-Əkrəm bir çox yeri cəbhə açmadan, silahdan istifadə etmədən, siyasətlə özünə bağlamağı və yenə bir çox yeri imanlarıyla təslim almağı daha üstün hesab edərək silahdan istifadə etməkdən çəkinmiş, bəzən siyasət və diplomatiyanı kəşfiyyatla birləşdirərək böyük məharətlə düşməni döyüşməkdən uzaqlaşdırmış və bu şəkildə az qan axıdılmasını təmin etmişdir. Bu eyni zamanda İslam Peyğəmbərinin daim bir prinsip olaraq düşməni məhv edərək itirməyə deyil, onu qazanmağa üstünlük verdiyini göstərir. Həzrət Peyğəmbərin yeritdiyi siyasət və bu sahədə təşkil etdiyi qəzvə və səriyyələr ondan sonra gələn Raşid Xəlifələr dövründə başlayan İslam fəthlərinin və bu fəthlərin əsas və təməl məqsədi olan İlayi-Kəlimətullahın da başlanğıcı olma xüssusiyyətini daşımışdır. Yuxarıda qeyd edilən məlumatlar İslam Peyğəmbərinin istər sülh zamanı olsun, istərsə də müharibə zamanı insana və insan həyatına irqindən, soy-kök və milliyyətindən, düşüncə və əqidəsindən, böyük və ya kiçik olmasından asılı olmayaraq nə qədər böyük və yüksək dəyər verildiyini özündə əks etdirən sadəcə bir neçə nümunədən ibarət hadisələrdir. Zənnimizcə, İslama və müsəlmanlara bu məsələlərdə iftira edən, tənqid və təhqirlərini yönəldənlərin bu hadisələri nəzərə almaları və bilərək göz ardı etməmələri mövzuya obyektiv münasibət bildirmələri baxımından böyük əhəmiyyət kəsb edir.

       


      [1] əl-Ənbiya 21 / 107; əl-Əhzab 33 / 21.

      [2] Bu hədisi Əbu Musa əl-Əşari rəvayət etmişdir. Hədis Əhməd İbn Hənbəlin Müsnəd adlı əsərində 18704 və 18975-ci nömrədə yer alır. 

       

      • Hits: 352 clicks

      Tecox component by www.teglo.info