Səfa Muradov- Bir Hədis

      Share

       

      عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: {إِنَّ الدِّينَ يُسْرٌ، وَلَنْ يُشَادَّ الدِّينَ أَحَدٌ إِلَّا غَلَبَهُ، فَسَدِّدُوا وَقَارِبُوا، وَأَبْشِرُوا، وَاسْتَعِينُوا بِالْغَدْوَةِ وَالرَّوْحَةِ وَشَيْءٍ مِنَ الدُّلْجَةِ}

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Din asanlıqdır. Dinin əmrləri ilə kifayətlənməyib özünü daha çox məcbur edən kimsə dinə məğlub olar. Elə isə orta yolu tutun. Ən yaxşı olanı etməyə çalışın. O vaxt sizə müjdələr olsun. Günün başlanğıcından, sonundan və gecənin bir hissəsindən istifadə edin”. (Buxari, İman 29)

                      Dinin hər kəs tərəfindən mənimsənib yaşana bilməsi üçün dini əmrlərin və hökmlərin hər kəsin qabiliyyəti ölçüsündə olması gərəkdir. Əgər dini əsaslar bəzi insanların qabiliyyətləri daxilində olub, digərlərinin güclərini aşarsa o zaman o din hər kəsin deyil, müəyyən bir zümrənin dini halına gəlmiş olar. Allahın dini ümumbəşəri bir dindir. Bu səbəblə də, dinin bütün hökmləri və əsasları hər fərdin gücü və taqədi diqqətə alınaraq qoyulmuşdur. Buna görə də Rəsulullah (s.ə.s) qeyd olunan hədisində din mövzusunda orta yollu olmağı buyurmuşdur. Çünki dində əsas olan ixlas və səmimiyyətdir. Az və ixlaslı əməl çox və ixlassız əməldən Allah nəzdində daha faydalıdır. Dinə Allahın buyurmadığı, Rəsulunun etmədiyi şeyləri əlavə edərək və ya əmr olunan məsələləri şişirdərək etmək Allah və Rəsulunun murad etmədiyi bir şeydir. Orta yolu tutmaq adıyla dinin əsaslarında tənbəllik göstərmək də müsəlmanın diqqət etməsi lazım olan başqa bir mövzudur. Ona görə də Allah Rəsulu (s.ə.s)  “orta yolu tutun” buyurmaqla insana gücünün çatdığının ən yaxşısını etməyi məsləhət bilib.  

                   Asanlıq dində ümumi bir qaydadır. Allah üçün olan ibadət vəzifəsində də asanlıq yolunu tutmaq lazımdır. Rəsulullah (s.ə.s) bu qaydanı bütün təbliğ vəzifəsi boyunca tətbiq etmiş və belə buyurmuşdur: “Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin!” (Buxari, Elm 11) Allah Rəsulu (s.ə.s) səhabələrini də həmişə buna diqqət etməyə dəvət etmişdir. Namazı uzun qıldıraraq insanları yoran bir səhabəyə qəzəblənməklə insanları dindən soyutmamağı tənbehləmiş, bütün gecələri namazla, gündüzləri orucla keçirəcəyinə söz verən bir səhabəni də orta yolu tutmağa dəvət etmişdir; O (s.ə.s): “Allah məni çətinləşdirən və yoldan azdıran deyil, öyrədən və asanlaşdıran olaraq göndərdi” (Müslim, Talaq, 29), - deyə buyurmuşdur.

                  Müsəlmanların Allaha yaxınlaşmaq üçün günün müəyyən vaxtlarını yaxşı dəyərləndirmələri lazımdır. Hədisdə günün üç vaxtı xüsusi ilə tövsiyə olunmuşdur. Bu vaxtlar günün əvvəli, günün sonu və gecənin son üçdə biridir. Bu vaxtlar insanın ruhən və cismən rahat olduğu saatlardır. Həm ibadət, həm də məşğuliyyət üçün ən münasib zamanlardır.

       

      • Hits: 258 clicks

      Tecox component by www.teglo.info