Osman Nuri TOPBAŞ- Haqq Dostlarından Hikmətlər Şeyx Sədi -6-

      Share

      Şeyx Sədi həzrətləri buyurur:

      “Doğruluq Allahın rizasını cəlb edər. Sirati-müstəqim üzrə olanın yolunu azdığı görülməmişdir”.

      İnsanı insan edən onun şəxsiyyət, xarakter və əxlaqıdır.

      Haqq-Təala qullarından hər an “istiqamət” üzrə olmalarını, yəni “əmr olunduqları kimi doğru” olmalarını istəyir.[1] Ona görə də insanlara nümunə götürəcəkləri ən doğru şəxsiyyətlər olaraq peyğəmbərləri lütf etmişdir. Həmin peyğəmbərləri gözəl əxlaqın ən ali təzahürləri ilə təchiz etmişdir.

      Belə ki, peyğəmbərlər tarixinə nəzər saldıqda heç bir peyğəmbərdə hər hansı əxlaqi nöqsan görmək mümkün deyil. Çünki onlar doğruluq, sədaqət və fəzilətdə bəşəriyyətə nümunə olmaq üçün göndərilmiş ali şəxsiyyətlərdir.

      Allah-Təala Rəsulullah r -i də hələ peyğəmbərlik verilmədən əvvəl ilahi tərbiyəsi ilə uca əxlaq sahibi etdi. Qırx yaşına qədəm basdıqda isə Onu həyatın hər mərhələsində “gözəl əxlaqı tamamlamaq” və bərqərar etməklə vəzifələndirdi. Həmçinin Onu “üsveyi-həsənə”, yəni “misilsiz örnək şəxsiyyət” qılaraq qiyamətə qədər gələcək bütün insanlığa ərməğan etdi.

      Rəsulullah r ilahi həqiqətləri inci kimi sözlərlə təbliğ etdi. Lakin şifahi bəyanla kifayətlənmədi. Heyranlıq oyadacaq şəxsiyyət və xarakteri ilə, halı ilə də insanlara təbliğ etdi. Söylədiklərini şəxsən öz həyatında tətbiq etdi. Kəlməsini feli ilə, sözünü davranışları ilə gücləndirdi və təsdiq etdi. Beləliklə, haqqın və xeyrin canlı misalı oldu. Cəmiyyətin ən aşağı təbəqəsindən ən üst təbəqəsindəki insana və qiyamətə qədər bütün əsrlərə feli əmsal təşkil etdi.

      Çünki insan şəxsiyyət və xarakterə heyrandır. Sözü ilə özü bir olmayan, şəxsiyyət və əxlaq cəhətdən nöqsanlı kəslərə etibar edilməz. Allah Rəsulu r də İslamı təbliğə başlamazdan əvvəl ilk növbədə insanlara şəxsiyyətini qəbul etdirdi:

       “Ey Qüreyş xalqı, bu dağın ətəyində və ya bu vadidə bir az sonra sizə hücum edəcək düşmən süvariləri var, mallarınızı qəsb edəcək desəm, mənə inanarsınızmı?” – deyə soruşdu.

      Qüreyşlilər heç bir tərəddüd etmədən:

      - Bəli, inanarıq. Çünki indiyə kimi Sənin doğru olduğunu gördük. Yalan dediyini eşitmədik, - dedilər.[2]

      Hətta düşmənləri də Rəsulullah r-in nə qədər əmin, güvənilən, vədinə sadiq, dosdoğru bir insan olduğu xüsusunda ittifaq etmişlər. Lakin dünyəvi mənfəətlərinə zidd olduğu üçün Onun hidayət dəvətini -vicdanları qəbul etdiyi halda- nəfslərinə uyaraq rədd etdilər.

      Necə ki, Allah və Rəsulunun qatı düşməni Əbu Cəhl və yoldaşları bir gün Rəsulullah r -ə:

      “Ey Muhamməd, vallahi, biz Səni yalanlamırıq, Sən bizim nəzərimizdə hədsiz dərəcədə sadiq insansan. Lakin biz Sənin gətirdiyini istəmirik”, - dedilər.[3]

      Həzrət Peyğəmbəri doğru yolundan döndərmək üçün önünə dünyaları sərdilər. İnsan iradəsinin üç böyük düşməni olan sərvət, şəhvət şöhrətə dair ən cazibədar təkliflərlə haqq yoldan çəkindirməyə çalışdılar.

      Lakin Rəsulullah r:

      “Vallahi, Allahın dinini təbliğdən vaz keçməm üçün günəşi sağ əlimə, ayı da sol əlimə versələr, yenə də bu yoldan dönmərəm! Ya Uca Allah onu bütün dünyaya yayar, vəzifəm bitər, yaxud da bu yolda ölərəm!” -cavabını verdi.[4]

      Bu yolda böyük əziyyətlərə məruz qalacağını bilə-bilə Rəbbinə sığınıb Onun doğru yolundan əsla ayrılmadı. Beləliklə də qiyamətə qədər gələcək ümmətinə İslamın şəxsiyyət və vüqarını qorumaq üçün hər bir halda gərəkli olan “istiqamət”in zirvələşən nümunəsini sərgilədi.

      Bu etibarla Rəsulullah r-i nümunə götürən gerçək bir mömin də fani dünyanın üç günlük firavanlığı üçün ilahi ölçülərdən əsla ayrılmaz. Yeri gəldikdə heç çəkinmədən mənfəətlərindən üz çevirməyi bacarar. Haqq-təala da rizası uğrunda fədakarlığı gözə ala bilən bu kimi saleh bəndələrinə istər dünyada, istərsə də axirətdə şəninə görə müstəsna ikramlar lütf edər.

      Ziya Paşa möminin bu vəsfini necə də gözəl ifadə edir:

      İnsana sədaqət yaraşır görsə də ikram,

      Yardımçısıdır doğruların Həzrəti Allah!..

      Deməli, sədaqət / doğruluq başda olmaqla İslam əxlaqı bütünlüklə möminin təbiətinə çevrilməlidir. Çünki bir mömində əxlaq kamilləşmədikcə ibadətlərdən də feyz hasil olmaz.

      Məsələn, həyatında qul haqqına riayət etməyən bir adamın namazında ixlas olmaz. İnsanları aldadan bir adamın könlündə mərifətullahməhəbbətullah, ixlastəqva təcəlliləri zühur etməz. Halbuki bunlar məqbul qulluq üçün ən vacib xüsusiyyətlərdir.

      Buna görədir ki, Həzrət Ömər t:

      “Bir adamın qıldığı namaza, tutduğu oruca baxmayın.

      - Danışanda düz danışıb-danışmadığına,

      - Nə isə əmanət verildikdə riayət edib-etmədiyinə,

      - Dünya ilə məşğul olarkən halal-harama riayət edib-etmədiyinə baxın!”, - buyurur.[5]

      Bir hədisi-şərifdə də:

      “Kim yalan danışmağı və saxtakarlıqla iş görməyi tərk etməzsə, Allahın həmin adamın yeyib-içməkdən kəsilməsinə (orucuna) ehtiyacı yoxdur”, -buyurulur. (Buxari, Savm 8)

      Deməli, insanda İslam əxlaqı kamilləşmədikcə ibadət, müamilələr və saleh əməllərdə gözlənən ilahi feyz təcəlli etməz.

      Bu səbəblə bir möminin ilk vəzifəsi İslam əxlaqını layiqincə idrak etmək və davranışlarına hakim qılmaqdır. Bunun üçün də Rəsulullah r-ə məhəbbətlə itaət edərək onun qəlbindən hissələr almaqdır. Nəbəvi xislət və həssaslıqları özünə həyat düsturu etməkdir. Rəsulullahı görüb Ona heyran olan əshabi-kiram kimi “canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!” deyə bilən bir könül həssaslığı ilə vəcdlə yaşamaqdır. Allah və Rəsuluna qarşı hiss etdiyi məhəbbətin bütün fani və nəfsani məhəbbətləri aşmasıdır. O könüllər sultanının bircə arzusunu yerinə yetirə bilmək üçün hər şeyini fəda etməyə hazır olmaqdır. “İnsan sevdiyi ilə bərabərdir”[6] müjdəsinə nail ola bilmək və sabah axirətdə Allah Rəsuluna yaxın ola bilmək üçün bu gün Onun sünneyi-səniyyəsinə səmimiyyətlə tabe olmaqdır. Həyatının hər anında Rəsulullahla hissi, fikri və feli bərabərlik halında olmağa çalışmaqdır…

      Şeyx Sədi həzrətləri buyurur:

      “Salehlərin çəkdiyi zəhmətlər fərəhlə nəticələnəcək. Pislərin səadəti isə zavala uğrayacaq”.

      Möminlərin bu dünyada çəkdiyi əziyyətlər ya günahlarına kəffarə, yaxud da mənəvi dərəcələrinin yüksəlişinə vəsilədir. Bu səbəblə də həmin çətinlik və əziyyətlər axirət üçün qazanc mənbəyidir.

      Kafir və fasiqlərin dünyəvi zövq-səfaları isə qəflət və nəfsaniyyətlərini daha da artırdığı üçün əbədi həyatdakı əzablarını artıran həzin bir aldanışdan ibarətdir.

      Bu səbəblə mömin “səadət” və “səfalət”in mənasını doğru dərk etməlidir. Dünyəvi zövq-səfaların parlaq cazibələrinə qəlbini əsir etməməli, saxta bərbəzəklərin aldadıcı yalanlarına aldanmamalıdır.

      Mövlana həzrətlərinin buyurduğu kimi:

      “Ağıllı insana sonda görüləcək şey əvvəlcədən məlum olur, axmağa isə sonra. Lakin iş-işdən keçmiş olur…”

      Nəticə etibarı ilə sonu səfalətə varan fani ləzzətləri səadət zənn etmək yalnız axmaqlığın, yəni qəlb korluğunun göstəricisidir. Mömin anlıq zövq-səfaları deyil, əbədi səadəti arzulamalıdır.

      Unutmayaq ki, Hz. Peyğəmbərin mübarək evində günlərlə yeməyə heç nə tapılmır, aylarla ocaq yanmırdı. Lakin o evdən daim məhəbbət və rizanın, qənaət və təvəkkülün, həmd və şükrün səadət rayihələri yayılırdı.

      Bu gün də İslam əxlaqını layiqincə həzm edən möminlərin evləri məsud bir cənnət yuvasıdır. Buna müqabil, nəfsinə məğlub, mərhəmətsiz və qafil insanların dünyalıq evləri isə sanki canlı cənazələrin ailə qəbiristanlığıdır.

      Mömin olan kəs fani həyatın saxta bərbəzəyinə aldanmamalı və əldə edə bilmədiklərinə həsrətlə yanmamalıdır. Səfaləti səadət zənn etmək qəflətindən Haqqa sığınmalıdır. Cəfalar içində gizli, külfət içində gizli nemətini görərək qəlb rahatlığını mühafizə etməlidir.

      Şeyx Sədi həzrətləri buyurur:

      “Ardınca sevinəcəyin kədər sonunda dərd çəkəcəyin sevincdən daha yaxşıdır”.

       

      Hər bir iş nəticəsinə görə dəyər kəsb edir. Əbədi səadətlə nəticələnən bir dünya həyatı nə qədər iztirabla dolu da olsa böyük bir qazancdır. Buna müqabil, əbədi əzabla nəticələnən bir dünya həyatı istərsə saraylarda yaşansın, böyük ziyandır. Bu səbəblə hər işdə nəticəyə baxmaq əsasdır.

      Həzrət Əbu Bəkr t bu həssaslıq içində belə niyaz etmişdir:

      “Allahım, ömrümün ən xeyirli mərhələsi sonu, əməllərimin ən xeyirli qismi nəticələri, günlərimin ən xeyirlisi də Sənə qovuşduğum gün olsun”.

      Bir ana doğuş sancıları çəkər, lakin nəhayət, övladını qucağına almağın səadəti çəkdiyi bütün acıları unutdurar. Həmçinin balasını böyük əziyyətlə böyüdər, əmizdirər, altını təmizləyər, xəstələnəndə başında sabahlayar. Lakin gün gələr, övladının parlaq gələcəyini görməyin səadəti bütün çilələri unutdurar.

      Məhz bunun kimi, bir möminin həyatının da hansı şərtlərdə keçməsindən asılı olmayaraq son nəfəsi imanla verə bilməyin həzzi dünya həyatının bütün iztirablarını ona unutdurar.

      Rəsulullah r -in xəbər verdiyinə görə:

      “Cəhənnəmliklərdən olub dünyada hədsiz firavan həyat sürən bir adam qiyamət günü gətirilib bir dəfə cəhənnəmə daldırılır. Sonra ona:

      - Ey Adəm oğlu, sən (indiyə qədər) xeyirli bir gün gördünmü? Hər hansı bir nemətə nail oldunmu?- deyilər.

      O da:

      - Xeyr, vallahi, ya Rəbb! Elə bir şey görmədim, - deyər.

      Cənnətliklərdən olub dünyada ikən insanların ən yoxsul olanı gətirilər, bir dəfə cənnətə daldırılar. Ona da:

      - Ey Adəm oğlu, sən (indiyə qədər) hər hansı bir yoxsulluq və dərd gördünmü? Heç dara düşdünmü? – deyilər. O da:

      - Xeyr, vallahi, ya Rəbb! Heç bir yoxsulluq və dərd görmədim. Dara da düşmədim, - deyər”. (Müslim, Münafiqin 55)

      Yəni cənnətin bir anı belə dünyada ömür boyu yaşanan acıları, cəhənnəmin bir anı da dünyada dadılan bütün zövqləri unutduracaq keyfiyyətdədir.

      Nəticə olaraq sabah axirətdə gülənlərdən ola bilmək bu gün xüsusilə səhər vaxtlarında çox göz yaşı tökməyə bağlıdır. Ayrıca Allah yolundakı xidmətlərə can atmaq və bu yolda başımıza gələn əziyyətlərə səbirlə qatlanmaq lazımdır. Hətta həmin iztirabları Allahın bizə göndərdiyi mənəvi qonaqlar kimi qəbul edib onları gözəl qarşılamaq və yola salmaq lazımdır. Buna görə də həmd, şükür və riza ilə qəlb müvazinətini hər halda qorumaq şərtdir.

      Rəsulullah r həyatın acılı-şirinli hadisələri ilə qarşılaşdıqda daima: “Əsas həyat axirət həyatıdır” (Buxari, Riqaq 1), - buyurmuşdur.

      Varlıqda həddi aşmamaq, yoxluqda da məyus olmamaq üçün əshabına dünyanın fani olduğunu, əsas mənzilin əbədiyyət yurdu olan axirət olduğunu tez-tez xatırlatmışdır.

      Həmçinin Rəsulullah r özündən misal vererək belə buyurmuşdur:

      “Mənim dünya ilə nə əlaqəm var? Mən bu dünyada bir ağacın altında kölgələnən, sonra miniyinə minib oranı tərk edən bir atlıya bənzəyirəm”. (Tirmizi, Zöhd 44/2377)

      Digər bir hədisi-şərifində isə belə tövsiyə edir:

      “Namazını (həyata) vida edən bir adamın namazı kimi qıl!..” (İbn Macə, Zöhd 15)

      Çünki namazını tədili-ərkana riayət və ixlasla qıldıqdan sonra gündəlik işlərinə davam edən bir mömin sanki öldükdən sonra yenidən həyata gəlmiş kimi həssas bir könül iqlimində yaşayar. O, artıq hər gördüyü mənzərəni axirət pəncərəsindən seyr etməyə başlayar.

      Nəbəvi tərbiyə altında yetişən əshabi-kiram bu könül həssaslığına müstəsna nümunə olmuşlar. Necə ki, tabeun nəslinin böyük şəxsiyyətlərindən Əbu Vail həzrətləri belə nəql edir:

      Abdullah bin Məsud t ilə yola çıxdıq. Yanımızda Rəbi bin Heysəm də vardı. Bir dəmirçinin yanından keçirdik. Abdullah t dayanıb odun içindəki dəmirə baxmağa başladı. Rəbi də oda baxdı və bir anlıq yerə yıxılacaq kimi oldu. Sonra Abdullah t oradan ayrıldı. Fərat sahilində bir təndirin önünə gəldik. Abdullah t təndirin içindəki odun alov tutub yandığını görüb:

      “O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər”. (əl-Furqan, 12-13) ayeyi-kəriməsini oxudu.

      Bu zaman Rəbi həzrətləri özündən getdi. Onu ailəsinin yanına apardıq. Abdullah t günortaya qədər baş ucunda gözlədi, amma Rəbi ayılmadı. Axşama qədər gözlədi, nəhayət, Rəbi ayıldı...” (Əbu Ubeyd, Fəzailul-Quran, s. 23)

      Həmçinin Rəsulullah r ümmətini təfəkkürü-mövtə təşviq edərək belə buyururdu:

      “Ölümü tez-tez xatırlayın! Çünki ölümü xatırlamaq (insanı) günahlardan təmizləyər, dünyaya qarşı zahid edər. Əgər zəngin ikən ölümü düşünsəniz, sizi zənginliyin bəlalarından qoruyar. Kasıb ikən təfəkkür etsəniz, həyatınızdan razı olmağınızı təmin edər”. (Süyuti, Camius-Sağir, I, 47)

      “Ölümü və öldükdən sonra cəsəd və sümüklərin çürüməsini xatırlayın! Axirət həyatını istəyən dünya həyatının bərbəzəyini tərk edər”. (Tirmizi, Qiyamət, 24)

      Elə isə bir anlıq düşünək:

      Rəsulullah r -in ibadəti, müamilələri, əxlaqı, özünü cəmiyyətdən məsul görməsi, xidməti, qayğıkeşliyi, öz rahatlığını tərk edərək ümmət üçün çırpınması – bütün bunlar axirət hazırlığı mahiyyətində idi. Bəs biz Allah Rəsulunun bu haləti-ruhiyyəsinə nə qədər aşinayıq? İbadət həyatımızda, məişət təminimizdə, bəşəri münasibətlərimizdə, gündəlik yaşayışımızda Peyğəmbərimizin könül iqliminə nə qədər yaxınıq?..

      Yəhya bin Muaz həzrətləri dünyaya həddən artıq düşkün olan bir İslam hüquqçusu ilə qarşılaşdıqda bu xəbərdarlığı etmişdi:

      “Ey elm sahibi olan kəs!

      - Köşkləriniz Bizans imperatorlarının köşkünə,

      - Evləriniz İran hökmdarlarının evlərinə,

      - Yaşadığınız məskənlər Qarunun yaşadığı məskənlərə,

      - Qapılarınız Talutun qapısına,

      - Qiyafətləriniz Calutun bəzəkli libasına,

      - Həyat tərziniz şeytanın həyat tərzinə,

      - Yox oluşunuz inkarçıların yox oluşuna,

      - İdarəçiliyiniz fironun idarəçiliyinə,

      - Hakimləriniz tələsik hökm verən və rüşvətçi hakimlərə,

      - Ölümünüz cahiliyyə ölümünə bənzəyir.

      Bəs Muhammədilik bunun harasındadır?”

      Məhz biz də öz halımızı bu kimi suallarla tez-tez gözdən keçirərək xəta və nöqsanlarımızı səmimiyyətlə müəyyənləşdirmək və ciddi cəhdlə düzəltmək məcburiyyətindəyik.

      Unutmayaq ki, hər birimiz dünyaya axirət üçün gəldik. Elə isə heç bir dünya təlaşı axirət təlaşımızdan çox olmamalıdır. Heç bir fani ləzzət bizi əsas mənzilimizdən qafil qoymamalıdır. Çünki əbədi səadətin açarı iki şeyi əsla unutmamağa bağlıdır:

      - Birincisi, Allahı unutmamaq,

      - İkincisi isə, axirəti unutmamaqdır.

      Haqq-Təala axır və aqibətimizi xeyir eyləsin! İlahi imtahan təcəlliləri ilə dolu həyat səfərimizi əbədi səadət üfüqündə başa vura bilməyi hər birimizə lütf və kərəmi ilə ehsan etsin.

      Amin!

       


      [1] Bax. Hud, 112.

      [2] Bax. Buxari, Təfsir, 26; Müslim, İman, 348-355; Əhməd, I, 281-307.

      [3] Vahidi, Əsbabü Nüzulil-Quran, thq: Kemal Besyuni Zağlul, Beyrut 1990, s. 219; Tirmizi, Tefsir, 6/3064.

      [4] İbn Hişam, I, 278; İbn Kəsir, əl-Bidayə, III, 96-97; İbn Əsir, əl-Kamil, II, 64.

      [5] Beyhəqi, əs-Sünənul-Kübra, VI, 288; Şuab, IV, 230, 326.

      [6] Buxari, Ədəb, 96.

       

      • Hits: 357 clicks

      Tecox component by www.teglo.info