Alpay AZƏR- Yeni ABŞ Prezidenti Dünyaya Nə Vəd Edir?

      Share

      ABŞ, bəllidir ki, dünyada 3-4 supergücdən biridir ki, bu ölkədə hər prezident seçkisi öncəsi siyasətlə maraqlananların çoxu təşviş keçirir.

       Nəticələr bəlli olandan sonra isə adamların çoxu rahatlaşır. Amma ekssentrik və bir çoxlarının gözləmədiyi nəticə - milyarder, respublikaçı Donald Trampın prezident seçilməsi faktına hələ də təşviş və həyəcanla reaksiya verməkdədirlər. (Söhbət seçki gününün səhərisi Tramp əleyhinə olan çoxminli etiraz nümayişlərindən gedir). Siyasətlə maraqlananlar həm Nyu-York Tayms, Vaşinqton Post kimi qəzetləri izləyib yeni prezidentin formaşaldıracağı komandanın üzvləri haqda məlumat toplayır, həm də səbirsizliklə 2017-ci ilin 20 yanvar tarixini - yeni prezidentin andiçmə mərasimini gözləyirlər.

      Əlbəttə, kiçik bir məqalədə bu cür geniş mövzu haqda bəhs etmək elə də asan iş deyil. Sadəcə, məsələnin aktuallığını nəzərə alsaq, Trampın xarici siyasətlə bağlı bəzi fikirlərinə nəzər salmaq pis olmazdı. Bizlər üçün ilk növbədə maraqlı olan onun müsəlmanlara və müsəlman ölkələrinə olan münasibətidir. Çünki o, seçkiqabağı kampaniya zamanı çıxışlarının birində prezident seçiləcəyi təqdirdə, müsəlmanlara ABŞ-a gəlməyə qadağa qoyacağını vəd etmişdi və bu, Amerika cəmiyyətində, elə dünyada da ciddi əks-reaksiya doğurmuşdu. Maraqlısı budur ki, seçkinin ilkin nəticələri bəlli olanda, Trampın bununla bağlı sosial şəbəkələrdən birində qoyduğu status tezcə silinmişdi.

      Fikrimizcə, Tramp prezidentliyi dönəmində bu vədinə tam olmasa da, əməl edəcək. Düzdür, qısamüddətli və ya təhsil, işlə bağlı ABŞ-a gedəcək müsəlmanlara belə məhdudiyyətin qoyulması o qədər də ağlabatan deyil. Amma ABŞ-a köçmək istəyən müsəlmanların sayına böyük ehtimal ki, ciddi məhdudiyyətlər qoyulacaq.

      Trampın seçkiqabağı vədlərindən biri də İŞİD terrorçuları ilə mübarizənin daha da gücləndirilməsi idi. O, çıxışlarında tez-tez oğul Buş dönəmində, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxilə etməsini hələ həmin dövrdə kəskin pislədiyini qeyd etmişdi. Bununla belə, o, tənqid etdiyi İraq müharibəsinin neqativ nəticəsi kimi gördüyü İŞİD-in terror təşkilatı kimi tam məhv olunmasını əsas strateji məqsədlərdən biri kimi görür. Ehtimal etmək olar ki, Tramp bu istiqamətdə tək Avropa dövlətləri ilə deyil, elə müsəlman ölkələri ilə də əməkdaşlıq etməyə (ən azından kəşfiyyat məlumatlarını əldə etmək üçün bu əməkdaşlıq qaçılmazdır) məcbur olacaq.

      Dünya ictimaiyyətini narahat edən məsələlərdən biri də yeni prezidentin Rusiya ilə, daha konkret desək, Putinlə münasibətlərini necə quracağıdır. Onun seçkiqabağı çıxışları ilə tanış olanda görürük ki, Tramp sanksiyalar, əzələ nümayişi, hədə yox, kompromislərə söykənən diplomatiya dili ilə danışmağa üstünlük verir ki, bu da öz növbəsində 2014-cü ildən bəri Krımın itkisi, eləcə də Donbas vilayətinin işğalı ilə üzləşmiş Ukrayna və onun avropalı müttəfiqlərini, o cümlədən, Əsəd rejiminə dəstək verən rəsmi Moskvanı pisləyən həmin dövlətləri və ABŞ-ın özündə bu yanaşmanı kəskin tənqid edən siyasi qüvvələri narahat edir.

      Əlbəttə, biz seçkiqabağı kampaniyada verilən vədlərlə real hakimiyyətdə olan dövlət başçılarının əməlləri arasında olan fərqi çox görmüşük. Bu o deməkdir ki, biz ən azından, hardasa altı ay, bir il gözləməliyik ki, ABŞ-ın yeni prezidentinin xarici siyasət sahəsində atacağı konkret addımlara ilkin qiyməti verə bilək.

      • Hits: 198 clicks

      Tecox component by www.teglo.info