Dr.Abbas Qurbanov- İşğal Altındakı İncilərimiz

      Share

      Şuşa Yuxarı Gövhər Ağa məscidi- “Kitabi Tarixi-Qarabağ” əsərinin müəllifi Mir Mehdi Xəzaninin yazdığına görə, h. 1182-ci ildə (m. 1768-69-cu il) Qarabağ hakimi İbrahimxəlil xan tərəfindən tikdirilən məscid h. 1281-ci ildə (m. 1866-67-ci il) mükəmməl şəkildə təmir edilmişdir. Daxili sahəsi 558 m² olan məscidin hündürlüyü 30 metr olan qoşa minarəsi vardır.

      “Qarabağnamə”nin müəllifi Baharlı qeyd edir ki, Şuşanın baş meydanında 1759-cu ildə Pənahəli xan tərəfindən qamışdan ikiqapılı məscid tikdirilmişdir. 1768-ci ildə isə mərhum xanın oğlu İbrahimxəlil xan daha möhtəşəm bir məscid inşa etdirmişdir. Təxminən 100 ildən sonra eyni yerdə onun qızı Gövhər ağanın tapşırığı və vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən daha bir məscid inşa edilmişdir. Buna qədər mövcud olan Cümə məscidi binasının görünüşünü əks etdirən, o zaman Qafqaza səyahət edən rus rəssamı Vasili Vereşaqinin çəkdiyi şəkil günümüzə qədər çatmışdır. Şəkildən də göründüyü kimi, məscid cox böyük olub giriş hissəsi Səfəvi memarlığına xas olaraq həddən artıq böyük baştağdan ibarət olmuşdur. Bu məscid binasının yerində tikilən Yuxarı Gövhər ağa məscidinin fasadı isə üç eyniölçülü tağla irəli çəkilərək binanın şimal, yəni ön hissəsi boyunca uzanan eyvan şəklində həll olunmuşdur. Yeni binada Qurani-Kərimdən ayələr, məscidin inşa tarixi və Gövhər ağanın vəsiyyətnamələrini əks etdirən çoxlu daş kitabələrə rast gəlmək mümkündür. Binanın ikinci mərtəbəsi və minarələrdəki ornament, eləcə də kitabələr məşhur Azərbaycan şairi və nəqqaşı Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. Səxavəti və xeyriyyəçiliyi ilə ad qazanan xan qızı Gövhər ağa məscidin bir hücrəsini mədrəsə etmiş, bura ibadətə gələn və ehtiyacı olanlara həftədə bir dəfə yardım, məsciddə Quran oxuyan və azan verən müəzzinlərə məvacib ayırmışdı. Gövhər ağa vəfat etdikdən sonra məscidin həyətində dəfn edilmiş, daha sonra isə nəşi Məkkəyə aparılaraq orada torpağa tapşırılmışdır. 1992-ci ildən bu günə qədər Şuşanın digər tarixi-mədəni abidələri kimi, Yuxarı Gövhər ağa məscidi də erməni işğalı altındadır.

      Ağdam Cümə məscidi- Ağdam Cümə məscidi 1868-70-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. Mərkəz gümbəzə dayaq olan dörd sütun daxili məkanın tən ortasında kvadrat, həm də yan tərəflərdə ikimərtəbəli eyvanlar yaradır. İbadət zalına baxan və qadınlar üçün nəzərdə tutulan bu eyvanlar da öz növbəsində yuxarıdan gümbəzlərlə örtülür. Burada hər detalı İslam incəsənəti üçün mühüm olan mürəbbe (dördbucaqlı) və dairə münasibətlərinə rast gəlmək olar. İbadət zalı mehrabın kənarlarından və eyvanlardan açılan pəncərələrlə işıqlandırılır. Mehrab tağçasında ustad Məhəmməd Nəqqaş Təbrizinin adı və təmir olunduğu il – h. 1331-ci il (m. 1913) tarixi həkk olunmuşdur. Mənbələrə istinadən bildirək ki, Ağdam Cümə məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi  memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir. 1993-cü ildən etibarən Ağdam Cümə məscidi erməni işğalı altındadır.

      *Məqalənin hazırlanmasında Nahid Məmmədovun “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabından istifadə edilib.

       

      • Hits: 360 clicks

      Tecox component by www.teglo.info