Kamran Məmmədov - ADDIM-ADDIM HƏCC VƏ ÜMRƏ

      Share

      Həcc və ümrə mənasiki ehrama girməklə başlayır.

       Ehrama girmədən əvvəl dırnaqlar kəsilir, qoltuq altı və qasıq tükləri təmizlənir, lazımdırsa saç təraş olub bığlar düzəldilir. Mümkünsə güsl edilir və ya dəstəmaz alınır. Qüsl dəstəmazdan üstündür. Su yoxsa və ya işlətmək mümkün deyilsə  təyəmmüm etməyə ehtiyac yoxdur, çünki bu dəstəmaz və qüsl bədən təmizliyi üçündür. Ona görə də dəstəmazlı olanlara və heyzli qadınlara da sünnədir. Bu hazırlıqdan sonra kişilər əyinlərindəki bütün geyimləri soyunub İzarRida adlanan iki parça ehram örtüsünə bürünürlər. Başları açıq, ayaqları yalındır. Ancaq ayaqlarına topuqları və üstü maksimum açıq ayaqqabı və ya başmaq geyinə bilərlər. Qadınlar normal paltarlarını dəyişməzlər. Bağlı ayaqqabı, corab və əlcək geymələrinin heç bir qadağası yoxdur. Yalnız üzlərini örtməməlidirlər. Kərahət vaxtı deyilsə iki rükət ehram namazı qıldıqdan sonra niyyət edilir, təlbiyə gətirilir, beləcə ehrama girilir.

      Məkkədə qalınacaq yerə yerləşib mümkünsə qüsl, deyilsə dəstəmaz alındıqdan sonra təlbiyə gətirərək Hərami-Şərifə gedilir. Fərz namaz qılınmırsa dərhal təvafa başlanır. Təvaf Həcərul-Əsvəd küncündən başlayıb yenə həmin yerdə bitirmək üzrə Kəbənin ətrafını saatın əks istiqamətində, yəni Kəbəni sol tərəfə alıb  yeddi dəfə dolanmaqdır. Hər dövrəyə şəvt deyilir. Yeddi şəvt bir təvaf sayılır.

      Təvaf  “Hatim”in xaricindən edilir. Hər şəvtdə Rüknü Yəmani və Həcəri-Əsvəd uzaqdan "Bismillah Allahu əkbər" deyərək salamlanır. Həcəri-Əsvədi salamlamaq sünnə, Rükni-Yəmanini salamlamaqsa müstəhəbdir.

      Təməttu və qiran həccində ümrə tavafından sonra ümrənin səyi ediləcəyi üçün təvafta “iztıba” və “rəməl” edilir. “İztiba” beldən yuxarı örtülən ridanın bir ucunun sağ qoltuq altından keçirilib sol çiyin üzərindən atılaraq sağ qolu çiyinlə bərabər açıq buraxmağa deyilir. “Rəməl” isə qısa və sürətli addımlarla bədəni tərpədərək dik gəzməyə deyilir. İfrad həccində isə əgər həcc səyi qudüm təvafını təqib edəcəksə, təvafada iztıba və rəməl edilər başqa edilməz.

      Təvafdan sonra iki rükət namaz qılmaq vacibdir. Təvaf namazını mümkünsə Məqami- İbrahimin arxasında, mümkün deyilsə, daha da arxada qılmaq olar. Namazın ilk rükətində “Fatihə”dən sonra “Kafirun”, ikinci rükətində isə “Fatihə”dən sonra “İxlas” surələrini oxumaq fəzilətlidir.

      Namaz qılınıb dua edildikdən və zəmzəm içildikdən sonra təməttu və qiran həcci edənlər ümrə səyini edərlər; (ifrad həcci edənlər isə, istəsələr həcc səyini edə bilərlər).

      Sonra ümrə səyini etmək üçün Səfa təpəsinə gedib səy üçün niyyət edilir:

      Səy Səfa təpəsindən başlayıb, Mərvə təpəsində sona çatar. Safadan Mərvəyə 4, Mərvədən Safaya isə 3 şəvt vardır. Say edilərkən yaşıl dirəklər arasında hərvələ ilə, yəni sürətlə qaçaraq keçilir. Səfa təpəsinə gəldikdə isə salam verilir.

      Təməttu həcci edənlər miqatda yalnız ümrəyə niyyət etdikləri üçün ümrənin səyi tamamlandıqda, təraş olub ehramdan çıxarlar. Təkrar həcc üçün ehrama girənə qədər Məkkədə ehramsız qalarlar. 8 Zilhiccə (tərviyə) günü və ya istəsələr daha əvvəl həcc üçün təkrar ehrama girərlər.

      Həcc üçün ehrama girdikdən sonra edəcəkləri nafilə bir təvafın ardından  istəsələr həcc səyini Ərəfata çıxmadan əvvəl edə bilərlər. Bu təqdirdə ziyarət təvafından sonra səy etməzlər.

      Bütün həcc edənlər “tərviyə günü”(8 Zilhiccə) Məkkədən ayrılıb Minaya və ya Ərəfata keçərlər.

      Həcc Mənasikinin əda edildiyi Günlər

      Həcc mənasiki əsas olaraq 8-13 Zilhiccə arasındakı altı gün içində əda edilir. Bu günlərdən hər birində edilən mənasik qısaca olaraq belədir:

      1. Tərviyə günü (8 Zilhiccə). İstər ifrad, istər təməttu, istər qiran həcci olsun  bütün hacılar tərviyə günü sübh namazından etibarən Minaya  və ya Ərəfata köçməyə başlayarlar. Tərviyə günü günorta namazından Ərəfə günü sübh namazına qədərki beş vaxt namazı Minada qılmaq və gecəni orada keçirib günəş doğulduqdan sonra Ərəfata hərəkət etmək sünnədir.

      2. Ərəfə günü (9 Zilhiccə). "Vəqfə" dayanmaq deməkdir. Ərəfat Vəqfəsi isə təyin olunan zamanda həcc üçün ehramlı olaraq Ərəfat sərhədləri içində olmaqdır. Ərəfə vəqfəsi  həccin ən əhəmiyyətli rüknüdür. Çünki təyin olunmuş müddətdə orada olmayanlar həmin il həcc etməməmiş sayılırlar. Hz. Peyğəmbər (s.ə.s) “Həcc Ərəfatdır”  (Tirmizi, Təfsir, 3; Əbu Davud, Mənasik, 57) buyurmuşdur.

      Günəşin zəval vaxtına qədər Ərəfatda çadırlarda istirahət edilir və ibadətlə məşğul olunur. Zəval vaxtından sonra, mümkünsə güsl alınır. Günorta və ikindi namazları cəmi-təqdim ilə qılındıqdan sonra vəqfə edilir. Ərəfatın hər yeri vəqfə yeridir. Ancaq Cəbəli-Rahmə deyilən yerdə vəqfə etmək daha fəzilətlidir. Həmin gün təlbiyə, təkbir, təhlil, zikr, təsbeh, salavati-şərifə, dua, namaz, tövbə-istiğfar, Quran tilavəti kimi ibadətlərlə qiymətləndirilməlidir.  Rəsulullah (s.ə.s) “Bu gün gözünə, qulağına və dilinə sahib olanın keçmiş günahları bağışlanar”.  (Müsnəd, I, 329, 356) buyurmuşdur. Günəş batdıqdan sonra axşam namazını qılmadan öncə Ərəfatdan Müzdəlifəyə hərəkət edilir. Axşam və yatsı namazları  yatsı vaxtı girdikdən sonra Müzdəlifədə cəmi-təxir ilə qılınır. Bayram gecəsi burada ibadət və istirahətlə keçirilir. Şeytan daşlamaq üçün kifayət qədər (49 və ya 70) daş toplanır.

      3. Bayramın ilk günü (yavmi-nahr; 10 Zilhiccə).

      a) Müzdəlifədə sübh namazı qılındıqdan sonra hava aydınlanıncaya qədər vəqfə edilir. Burada keçən vaxt dua, niyaz və istiğfarla dəyərləndirilir. Günəş doğmadan Minaya hərəkət edilir.

      b) Minada əşyalar çadırlara yerləşdirildikdən sonra Aqabə Cəmrəsinə (Böyük şeytan) gedərək yeddi daş atılır.(Daşlar 3 barmaqla; baş, şəhadət və orta barmaqlarla atılır). İlk daşın atılması ilə təlbiyə bitər. Bundan sonra artıq təlbiyə edilməz.

      c) Daha sonra Həram bölgəsi sərhədləri içində qurban kəsilir və ya vəkalət yolu ilə kəsdirilir. Təməttu və qiran həcci edənlərin şükür qurbanı kəsmələri vacibdir.

      d) Təməttu və qiran həcci edənlər qurbanlarını da kəsdikdən və ya kəsdirdikdən sonra, saçı təraş edib ehramdan çıxarlar. Beləcə, cinsi əlaqə xaricindəki digər bütün ehram qadağaları aradan qalxar. Cinsi əlaqəylə əlaqədar qadağa isə ancaq ziyarət təvafı edildikdən sonra qalxır. Həcc edənlər şəxsən öz saçlarını kəsə biləcəkləri kimi bir-birlərini də təraş edə bilərlər.

      e) Eyni gün imkan varsa Məkkəyə gedərək fərz olan ziyarət təvafı (İfada) edilir. Daha əvvəl həcc səyini etməmiş olanlar ziyarət təvafından sonra həcc səyini də edərlər. Ziyarət təvafının bayramın ilk günü edilməsi üstündür. O gün edilə bilməsə daha sonra həyata keçirilər.

      f) Ziyarət təvafı bayramın ilk günlərində edilmişsə təvaftan sonra təkrar Minaya qayıdıb şeytan daşlama günlərində Minada gecələmək Hənəfilərə görə sünnə, digər üç məzhəbə görə isə vacibdir.

      4. Bayramın 2, 3 və 4-cü günləri (11, 12 və 13 Zilhiccə).

      a) Bayramın 2 və 3-cü  günləri zəval vaxtından sonra sırayla Kiçik, Orta və Aqabə Cəmrələrinə yeddi daş atılır. Kiçik və Orta Cəmrəyə daş atdıqdan sonra uyğun bir yerə çəkilərək dua edilir. Aqabə Cəmrəsi daşlandıqdan sonra isə dua üçün vaxt itirməyib dərhal ora tərk edilir. Bu iki gün ərzində zəvaldan əvvəl şeytan daşlanmaz.

      b) Bayramın 4-cü günü Cəmrələrə daş atmayacaq olanların  o gün fəcri-sadiqdən, yəni dan yeri ağarmağa başlamazdan əvvəl Minadan ayrılmış olmaları lazımdır. Bunların 3-cü gün hələ günəş batmadan Mina sərhədləri xaricinə çıxmaları sünnə, günəş batdıqdan sonra ayrılmaları məkruhdur. 4-cü gün dan yeri ağarmağa başlamadan Minadan ayrılmamış olanların o gün də hər üç Cəmrəyə yeddi daş atmaları lazımdır. 4-cü gün daşlar atıldıqdan sonra Minadan Məkkəyə keçilir.

      c) Afaqilər Məkkədən ayrılmadan əvvəl vacib olan vida təvafı edərlər. Beləcə həcc tamamlanmış olar.

      Qadınların həcci

      Qadınıların da həcci eynilə kişilərin həcci kimidir. Lakin onlara məxsus bəzi xüsuslar var ki, bunlar aşağıdakı kimidir:

      1. Ehramda ikən paltar, corab, əlcək, bağlı ayaqqabı, məst, çəkmə və hər cür geyim əşyası geyinə bilərlər. Başlarını örtərlər, yalnız üzlərini örtməzlər.

      2. Təlbiyə, təkbir və dua edərkən  səslərini çox yüksəltməzlər.

      3. Təvafda iztıba və rəməl, səydə isə hərvələ etməzlər.

      4. Ehramdan çıxmaq üçün saçlarını tam təraş etməzlər, uclarından bir az kəsmələri kifayətdir.

      5. Kişilərin arasında sıxışıb qalmamaq üçün “Həcərul-Əsvədi” uzaqdan istilam edərlər.

      6. Həcdən sonra heyzli və ya lohusa halda Məkkədən ayrılsalar vida təvafı qüvvədən düşər, etməyə gərək yoxdur.

      7. Heyzli qadınlar təvafdan başqa, həccin bütün mənasikini bu hallarıyla edə bilərlər. Aybaşı və nifas deyilən xüsusi vəziyyətləri səbəbi ilə fərz olan ziyarət təvafını əyyami-nəhrdən, yəni bayramın ilk üç günündən sonra etməklə və ya vida təvafını tərk etməklə onlara heç bir kəffarə düşmür.

      • Hits: 451 clicks

      Tecox component by www.teglo.info