Eldar Kərimov-Yenidən Diriliş

      Share

       

      Hər şey bir səfərlə başladı. İllərlə qəlbində mübarək torpaqları ziyarət etmək niyazıyla yaşayırdı. 

      Bir gün gözlənilmədən telefonuna gələn zəng, onun bu niskilinə son qoymdu. Həyatını yenidən dəyişmək üçün bir fürsət var idi əlində. Ətrafındakı insanlardan elə duymuşdu çünki. Hacc və ümrə edən insanların tamamən yaxşıya doğru dəyişdiyinə inanırdı. Allah Rəsulunun mübarək qədəmlərinin dəydiyi torpaqlara ziyarət, onun da həyatını dəyişdirəcəkdi. Dərhal tələb edilən sənədləri müvafiq orqanlara təqdim etdi. Bir həftə sonra ziyarət baş tutacaqdı. Bu müddət ərzində mübarək torpaqlarda edəcəyi ibadətləri, sadəcə televizor ekranlarında izlədiyi xətmlə qılınan təravih namazlarının xəyalını qururdu.

      Zaman su kimi axıb gedirdi. Gün həmin gün idi. Hava limanında təyyarənin havalanacağı zamanı həyacanla gözləyirdi. Üzərində dünyaya aid hər şeydən arınmış, tikişli paltarlardan xali olmuş, kürəyində və bədəninin göbəkdən aşağı hissəsinə bürünmüş iki hissədən ibarət ehram əlbisəsi var idi. Başı açıq, ayaqları çılpaq və bir cüt ayaqlarında tərlik. Bütün bunlar onu daha da həyacanlandırmağa kifayət etmişdi. Ətrfındakı insanların da onun geyimindən bir fərqi yox  idi. Dualar, zikirlər və nur dolu cöhrəyə sahib insanlar doldurmuşdu təyyarənin içərisini. Bir neçə saatdan sonra təyyarənin kapitanı eniş üçün təlimatlarını verirdi sərnişinlərə. İbadətlərinin qəbul olunmasını və mübarək torpaqlara xoş gəldiklərini söyləyirdi salonun mikrafonlarından.

      Sənədlərin yoxlanılmasından sonra qafilə rəhbəri Kəbənin ətrafındakı otellərin birində qalacaqlarını söylədi. Bütün namazlarını əda edəcəyi yer bəlli idi. Bir an öncə otelə gedib, əşyalarını qoyub Kəbəyə doğru yol alacaqdı. Çünki Kəbəni ilk görənlərin edəcəyi dua məqbul olurmuş. İstədiyi kimi də oldu. Qalacağı otelin pəncərəsindən görününrdü Kəbə evi. Duyğularını gizlədə bilmədi o an. Gözlərindən süzülən yaşlar yanaqlarında yol alıb damla damla yerə tökülürdü. Yatıb yuxuda görə bilməyəcəyi gözəlliyi Allah Təala ona çox rahatlıqla nəsib etmişdi. Duyğulanmışdı. Bir neçə dəqiqə yerindən tərpənə bilmədi. Gözünü ayıra bilmədi bu gözəl mənzərədən. Otel otaqlarında namaz üçün sərilən səccadəni qaldırıb sotolun üzərinə qoydu. Heç düşünmədən axşam namazını əda etmək üçün Kəbə evinə üz tutdu. Burda hər şey fərqli idi. O öz ümrəsini Ramazan ayında edirdi. Məscidin ətrafında iftar süfrələri açılmış, hər kəs öz ifatr süfrəsinə dəvət edirdi onu. Çaşıb qalmışdı. Uşaqlar, böyüklər əllərində tər xurmalar və zəmzəm suyu paylayırdı insanlara. Məscidin ətrafında və içində bir insan izdihamı var idi.  Hamının üzündə təbəssüm, sevinc və qardaşlıq sevgisi.

      Kəbei-Müəzzəmənin ətrafında edilən tavaflar, Səfa və Mərvə arasındakı yeddi şavtlıq yürüyüşlər fərqli bir aləmə salmışdı onu. İlahi eşqlə axıdılan göz yaşları, səmimi qəlbdən edilən dualar, edilən bütün xətalara qarşı tövbələr günahları qətrə-qətrə yuyub aparırdı. Daxili bir rahatlıq sarmışdı bütün bədənini. Ömrünün bu yaşına qədər duymadığı bir xoşbəxtliyi hiss edirdi ruhunun dərinliklərində. Başqa bir Ramazan abu-havası yaşanırdı bu torpaqlarda. Etdiyi ibadətlərdən heç bu qədər feyz almamışdı elə bil. Yenidən dirilişi yaşayırdı öz həyatında. Ramazanın ilk on beş günü bu gözəl və bəlkə də heç bir zaman duymadığı İlahi feyzin bol olduğu duyğularla Məkkeyi-Mükərrəmədə sona çatmışdı. Son on beş gün üçün Mədineyi-Münəvvərəyə başlayırdı ziyarət. 

      Məkkədən Mədinəyə gedilən yol. Rəsuli-Əkrəmin doğulub böyüdüyü, hicrətdən sonra  hər zaman həsrəti ilə yaşadığı Məkkədən ayrılış. Hz. Peyğəmbərə (s.ə.s) və mühacirlərə qucaq açmış ənsarın vətəni Mədinəyə yolçuluq. Məkkeyi-Mükərrəmədə yaşanan duyğulu anlardan sonra Mədinədə yaşanılacaq doyumsuz feyz.

      Mədinə insanında  hələ də ənsar rumunun yaşadığına inanmağa çətinlik çəkirdi. Gedilən hər yerdə bir mühacir kimi bağırlarına basırdı insanlar onu. İlk ziyarət məkanı Məscidul-Nəbəvi idi. Bütün bəşəriyyəti Allahın inayəti ilə nura qərq edən o mübarək Peyğəmbərin (s.ə.s) nur qoxulu bədənini qucaqlayan torpaqlar. Hz. Peyğəmbərin (s.ə.s), onun mübarək əshabının, möminlərin analarının qədəmlərinin dəydiyi hər yer başqa bir dünyanı yaşadırdı ona. Günlər su kimi axıb gedirdi. Bəşəriyyətə can qatan bir tarixin canlı şahidi olurdu o. Bir ay içərisində çox dəyişmişdi. Artıq ibadətləri, yeməsi, gəzməsi, oturması, durması fərqli şəkil almışdı elə bil. Sanki bu torpaqlara ziyarətə qədər yaşadığı həyatdan fərqli bir həyata keçmiş və yendən dirilməyə qədəm basmışdı. Bu mübarək ziyarətin son günü idi. Anasının qucağından ayrılmaq istəməyən körpə kimi bağlanmışdı bu torpaqlara. Yaşlı gözləri arxada qalmışdı. Biz az daha qalmaq, bir az daha şərəflənmık istəyirdi. Amma dönüş vaxtı gəlmişdi. O an özünə bir söz verdi. Mən burda bir ömür boyu qala bilməsəm də, bu mübarək torpaqlardan mənəvi olaraq qazandıqlarımı bir ömür boyu özümə yoldaş edəcəyəm. Verilən bu söz onu yenidən dirilişinə vəsilə oldu. Allah hər kəsə o mübarək torpaqları ziyarət etdikdən sonra yenidən dirilişi nəsib etsin...Amin...    

       

      • Hits: 476 clicks

      Tecox component by www.teglo.info